Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Təhsil naziri Emin Əmrullayev isə Azərbaycan təhsilinin və elminin inkişafında Ümummilli liderin tarixi xidmətləri olduğunu vurğulayıb.

04.05.2022 10:07
10
A+
A-

Mayın 4-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbir Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının xor kollektivinin ifasında Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə çıxış edən Baş nazirin müavini Əli Əhmədov layihənin əhəmiyyətini vurğulayıb. Ə.Əhmədov gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib.

Təhsil naziri Emin Əmrullayev isə Azərbaycan təhsilinin və elminin inkişafında Ümummilli liderin tarixi xidmətləri olduğunu vurğulayıb.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edib. Deyib ki, biz bu gün çox mühüm bir tədbirə toplaşmışıq. Bu bir həqiqətdir ki, gənclik millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcudluğu üçün sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı, intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır.

İstedadlı şagird və tələbələrin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi Azərbaycanda hər zaman diqqət mərkəzində olmuş, bu vacib iş prioritet istiqamətlərdən biri kimi seçilmiş və bu istiqamətdə ciddi addımlar atılmışdır.

Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra görkəmli dövlət xadimi, xalqımızın Ümummilli lideri Heydər Əliyevin respublikamızda siyasi rəhbərliyə qayıdışı ilə milli-mənəvi dəyərlərin dirçəlişinə, iqtisadiyyatın, sosial sahələrin inkişafına güclü stimul verilmiş, bununla yanaşı, ölkənin təhsil sisteminin yenidən qurulmasına, qabaqcıl dövlətlərin təhsil sistemlərinə inteqrasiya olunmasına geniş imkanlar açılmış, istedadlı uşaq və gənclərə hər zaman diqqət və qayğının artırılması ölkə Konstitusiyasında təsbit edilərək təhsil sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir.

Ümummilli lider hər zaman təhsilin inkişafını prioritet sahə kimi elan edir və deyirdi: “Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə ticarətdir. Bu, cəmiyyətin xüsusi intellektual cəhətini əks etdirən sahədir. Belə halda təhsil sisteminə çox diqqətli yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”.

Heydər Əliyev hələ sovetlər dövründə Azərbaycana rəhbərlik edərkən təhsil məsələsini daim diqqət mərkəzində saxlayaraq bu sahəyə ciddi fikir verirdi.

Təsadüfi deyil ki, 70-80-ci illərdə Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda 5 yeni ali təhsil müəssisəsi açıldı və ali təhsil alanların sayı 70 mindən 100 minə çatdırıldı.

Həmçinin bu illərdə hər il 800-900 nəfər Azərbaycan gənci SSRİ-nin nüfuzlu ali təhsil müəssisələrində təhsil almağa göndərildi.

Ümummilli liderin təhsillə bağlı siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev və Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən bu gün uğurla davam etdirilir.

Ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı cənab Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin tərkib hissəsi olaraq son illərdə təhsil sahəsinə diqqət və qayğı göstərilməsi baxımından ciddi addımlar atılmışdır. Yeni tikilən, hər cür şəraiti olan müasir məktəblər, tədris müəssisələri, müasir maddi-texniki bazalarla təminat bunlara əyani sübutdur.

S.Möhbalıyev bir daha xatırladı ki, istedad qayğı tələb edir. İstedadlı şagirdlərimizə göstərilən qayğı hər bir fərdin bacarıq və biliklərinin aşkara çıxarılmasına xidmət etməlidir. İstedadın müəyyən edilib üzə çıxarılmasına və onlarla sistemli işin aparılmasına təkan verən məktəbdir. Məktəb hər bir şagirdin inkişafı, gələcəyinin müəyyənləşdirilməsi üçün zəruri bir məkandır. Bu məkan hər bir şagirdin potensialının üzə çıxarılması yolunda çox işlər görür.

Gənc istedadların üzə çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi ilə bağlı, təhsil ictimaiyyəti olaraq, biz də belə gənclərə diqqət və qayğı göstərməli, maddi və mənəvi dəstəyimizi əsirgəməməliyik. Ulu öndər, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təşkil olunan ən yaxşı təqdimat müsabiqəsi də şagirdlərin istedadlarının üzə çıxarılması və onların stimullaşdırılması üçün böyük əhəmiyyət kəsb edir.

Biz üçüncü ildir ki, pandemiya ilə əlaqədar bu müsabiqəni onlayn şəkildə, şagirdlərin hazırladığı videoroliklərə baxmaqla onların təqdimatlarını qiymətləndiririk.

Hesab edirəm ki, formatından asılı olmayaraq, belə bir müsabiqənin təşkil edilməsi Ulu öndərin həyat və fəaliyyətinin şagirdlər arasında təbliği baxımından çox əhəmiyyətlidir. Şagirdlərimiz Ulu öndərin Azərbaycan dövlətçiliyindəki xidmətlərini, onun xalqımıza bəxş etdiyi bugünkü gözəl həyatı anır, həm də öz istedadlarını ortaya qoymuş olurlar.

AHİK sədri müsbət hal kimi qeyd etdi ki, müsabiqədə Ulu öndərin həyat və fəaliyyəti ilə bağlı, demək olar ki, bütün sahələr əhatə olunur. Şagirdlərin təqdim etdikləri mövzular arasında Heydər Əliyevin Qarabağın işğaldan azad olunması, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı fəaliyyəti, dövlətçilik və idarəçilik, müstəqilliyimizin möhkəmləndirilməsi, təhsilimizin, gənclərimizin inkişafı, azərbaycançılıq məfkurəsinin, Azərbaycan dilinin inkişaf etdirilməsi kimi çox mühüm mövzular vardır.

Artıq bir neçə ildir ki, təşkil edilən bu müsabiqə müsbət bir ənənəyə çevrilib və bundan sonra da davam etdirilməlidir.

Əvvəlki illərdə olduğu kimi, bu il də istedadlı şagirdlərimiz hər mövzu ilə bağlı çox gözəl təqdimatlarla çıxış ediblər.

Mən müsabiqəyə qatılmış və adını qaliblər sırasına yazmış hər bir şagirdi, onların valideynlərini, müəllimlərini təbrik edir, gələcək təhsillərində onlara yeni-yeni uğurlar arzulayıram.

Mərasimdə I yerə layiq görülmüş şagirdin təqdimatı nümayiş olunub.

Tədbirin bədii hissəsində musiqi əsərləri səsləndirilib.

Daha sonra müsabiqə qaliblərinə diplomlar və qiymətli hədiyyələr təqdim edilib.

“Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 5 nəfər I, 10 nəfər II, 15 nəfər III dərəcəli diplomla, 20 nəfər isə tərifnamə ilə təltif olunub.

Qeyd edək ki, müsabiqə ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub.

ETİKETLƏR:

Foto