Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Heydər Əliyev öz siyasi  bacarığını, çoxillik idarəçilik səriştəsini xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda  yorulmadan sərf etdi

Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırdı. Xalqımız inanırdı ki, ölkəni düşdüyü bu ağır vəziyyətdən yalnız Heydər Əliyev xilas edə bilər.

04.05.2022 10:10
10
A+
A-

Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur.

Onun keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ümummilli lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır.

Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritmini büsbütün dəyişdi, ölkədə görünməmiş canlanma və yüksəliş, tikinti-quruculuq işləri başlandı. Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edildi, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edildi, yeni yaşayış massivləri salındı, yollar tikildi, ucqar rayonlara qaz xətləri çəkildi.

Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı.

1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa etmiş ölkəmiz az keçmədi ki, daha bir təhlükə ilə üz-üzə qaldı. Mənfur qonşularımızın torpaqlarımıza soxulması, ölkədə isə xaos və anarxiyanın hökm sürməsi, idarəçiliyin yox vəziyyətində olması dövlətçiliyimiz üçün ciddi bir təhdidə çevrilmişdir.

Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırdı. Xalqımız inanırdı ki, ölkəni düşdüyü bu ağır vəziyyətdən yalnız Heydər Əliyev xilas edə bilər.

Məhz Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqının çağırışına səs verən Heydər Əliyev 1993-cü ildə ölkə rəhbərliyinə qayıtdı. Müstəqil Azərbaycan Respublikasını düşdüyü bu ağır vəziyyətdən xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. İlk gündən müdrik rəhbər xalqa arxalandı, xalq da ona dəstək verdi və onun ətrafında həmrəylik nümayiş etdirdi. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı.

Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan sərf etdi. Heydər Əliyevin fəaliyyətinin mühüm əhəmiyyət daşıyan istiqamətlərindən biri məhz Qarabağda milli ruhun oyadılması olmuşdur. Hər şeydən əvvəl Qarabağ tarixini, mədəniyyətini, incəsənətini, iqtisadi inkişafını mükəmməl bilən Heydər Əliyev bu məsələyə çox həssaslıqla yanaşmışdır.

Tarix boyu öz məkrli niyyətlərindən əl çəkməyən ermənilər müstəqilliyini yenicə qazanmış xalqımıza qarşı işğalçılıq siyasətinə əl atdılar. 30 ilə yaxın müddətdə bizim doğma Qarabağımız və Şərqi Zəngəzurun bir hissəsi ermənilərin əlində idi. Buna son qoyulmalı idi və son qoyuldu.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prinsipial mövqeyi, səsləndirdiyi tutarlı dəlillər və əsaslı fikirlər döyüş meydanında Azərbaycan Ordusunun əldə etdiyi qələbələr diplomatiya meydanında da uğurlara çevrildi və ölkəmizin İkinci Qarabağ müharibəsindəki hərbi-diplomatik Qələbəsini şərtləndirdi. Bu, Rəşadətli Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-dən Qarabağda başladığı və 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycan xalqına bu tarixi Zəfəri qazandıran əsgərlərimiz Ulu öndər Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetişdirdiyi gənclərdir.

Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da yeni zirvələr fəth edəcəkdir.

ETİKETLƏR: