Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Səttar Möhbalıyev: “Xüsusi təyinatlılar şanlı hərb tariximizdə böyük bir məktəbin əsasını qoydular”

Müzəffər Ali Baş Komandan İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə keçirilən tədbirdə xüsusi təyinatlıların peşəkarlığından, yüksək döyüş hazırlığından, vətənpərvərliklərindən söz açaraq, onlarla fəxr etdiyini bildirdi.

04.05.2022 10:15
10
A+
A-

“Azərbaycanın hər bir uğurunun arxasında Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi möhkəm təməllər dayanır. Ulu Öndərin xalqımızın rifahı, dövlətimizin inkişafı, Vətənimizin qorunması üçün atdığı bütün addımlar Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilərək öz hədəfinə çatmış oldu. 1999-cu ildə Azərbaycan Ordusunun ən çevik və peşəkar döyüş qabiliyyətinə malik Xüsusi Təyinatlı Qüvvələrinin yaradılması və onların hərb tariximizdə oynadığı rol Heydər Əliyevin nə qədər uzaqgörən və dahi şəxsiyyət olduğunu bir daha ortaya qoyur”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasını tarixi hadisə adlandıran S.Möhbalıyev bildirib ki, 2016-cı ilin Aprel döyüşləri ordumuzun bu bölməsinin gücünü, peşəkarlığını, yüksək döyüş ruhunu işğalçı Ermənistana, onun havadarlarına, həmçinin bütün dünyaya nümayiş etdirdi. Həmin döyüşlərdə böyük qəhrəmanlıq göstərən xüsusi təyinatlılar ordumuzun digər bölmələri ilə birlikdə düşmənin dərsini layiqincə verdilər.

“Dövlətimiz tərəfindən Xüsusi Təyinatlı Qüvvələrin dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlarla, döyüş vasitələri və texnikalarla təchiz edilməsi üçün bütün imkanlar yaradılır. 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatı ilə başlayan Vətən müharibəsi xüsusi təyinatlılarımızın qəhrəmanlıq salnaməsidir. Onların nümayiş etdirdiyi yüksək döyüş qabiliyyəti bütün dünyaya səs saldı. Səhra, dağ, qaya, isti, soyuq demədən, iqlimin və relyefin hər cür sərt üzünə hazır olan Xüsusi Təyinatlı Qüvvələrimiz cəmi 44 günə düşmənin dizini yerə qoydu. Hər gün yeni şəhərləri, kəndləri, qəsəbələri azad etməklə xalqımıza böyük sevinc bəxş edirdilər. Şuşa əməliyyatı isə onların peşəkarlığının və yüksək döyüş qabiliyyətinin təntənəsi oldu. Onlar dağları aşaraq, qayalardan dırmanaraq Şuşaya qalxdılar, yüngül silahlarla, əlbəyaxa döyüşlə, şəhərin tarixi görkəminə zərər verməməklə, mədəniyyət paytaxtımızı azad etdilər. Bir sözlə, onlar Qarabağ dastanının müəllifi oldular və göstərdikləri qəhrəmanlıqlarla şanlı tariximizdə böyük bir məktəbin əsasını qoydular: Vətəni bütün qəlbi ilə sevmək, hər zaman onun müdafiəsinə hazır olmaq, bu yolda heç nədən qorxmamaq və çəkinməmək. İnanırıq ki, xalqımızın gələcək nəsilləri bu məktəbi dərindən öyrənəcək və bundan layiqincə bəhrələnəcəklər”, - S.Möhbalıyev bildirib.

Deputat qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə keçirilən tədbirdə xüsusi təyinatlıların peşəkarlığından, yüksək döyüş hazırlığından, vətənpərvərliklərindən söz açaraq, onlarla fəxr etdiyini bildirdi. Xüsusi təyinatlıların sayının İkinci Qarabağ müharibəsindən sonra iki dəfə artırılması onu deməyə imkan verir ki, ölkəmiz müdafiə məqsədilə öz hərbi qüdrətini artırmaqda davam edəcək.

“Bu gün Ermənistanda Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkməyən, revanşist düşüncə ilə yaşayan insanlar anlamalıdırlar ki, onları hansı tale gözləyir. Bunun üçün o qədər də uzağa getmək lazım deyil, onların 44 günlük Vətən müharibəsində döyüş meydanından qaçan erməni əsgərlərini xatırlamaları kifayətdir. Əminik ki, xalqımız xüsusi təyinatlıların qəhrəmanlıqlarını heç zaman unutmayacaq, həmişə böyük fəxarətlə xatırlayacaq”, - S.Möhbalıyev bildirib.

 

ETİKETLƏR: