Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Rusiyada çalışan hansı həmvətənlərimiz pensiya hüququna malik olacaq

Millət vəkilinin dediyinə görə, yeni qaydalar imkan verəcək ki, həmin staj və kapital pensiya təminatı zamanı istifadə oluna bilsin.

04.05.2022 10:59
199
A+
A-

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 20-ci iclası çərçivəsində “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında   Müqavilə” imzalanıb.

Bu müqavilə əmək miqrantları kimi Rusiyada fəaliyyət göstərən Azərbaycan vətəndaşlarının pensiya və sığortalanma üzrə digər hüquqlarının tanınmasını təmin etmək məqsədi daşıyır. Beləliklə, Rusiyada çalışan Azərbaycan vətəndaşlarının oradakı sığorta stajı pensiya zamanı nəzərə alınacaq. Müqavilə respublikamızda mütəxəssislər tərəfindən ümumilikdə azərbaycanlı miqrantların xeyrinə işləyəcək addım kimi qiymətləndirilib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bu müqaviləni uzun müddət müzakirə edilən pensiya kapitalının qarşılıqlı olaraq tanınması ilə bağlı əhəmiyyətli sənəd adlandırdı. “Məlumdur ki, hər iki ölkənin bir-birində əmək miqrantı kimi fəaliyyət göstərən vətəndaşları kifayət qədərdir. Azərbaycan vətəndaşlığını saxlamaqla, Rusiyada yaşayan və işləyən həmvətənlərimiz müqayisədə daha çoxdur. İndiyə kimi əmək miqrantları işlədikləri müddətdə əməkhaqlarından müəyyən sosial ödənişlər həyata keçirir, bu ödənişlərlə şəxsin müəyyən sığorta və pensiya kapitalında vəsait toplanırdı. Lakin ölkələrinə qayıtdıqdan sonra bu məbləğ onların pensiya təminatı hesablanarkən nəzərə alınmırdı”, - deyə bildirdi.

Millət vəkilinin dediyinə görə, yeni qaydalar imkan verəcək ki, həmin staj və kapital pensiya təminatı zamanı istifadə oluna bilsin. Məsələn, Rusiyada 20 il yaşamış və işləmiş, eyni zamanda sosial ödəniş etmiş azərbaycanlı əmək miqrantı vətəninə qayıtdıqdan sonra, ümumi pensiyası təyin olunan zaman, həm işlədiyi staj, həm də ödədiyi pensiya hesablanacaq. Eyni zamanda, qarşılıqlı olaraq, əmək miqrantlarının pensiyaya çıxan zaman daha çox pensiya almaq imkanı da mərhələli şəkildə öz həllini tapacaq.

“Belə bir müqavilə 1999-cu ildə Rusiya Federasiyası və Azərbaycan hökuməti arasında imzalanmışdır. Azərbaycan parlamentində ratifikasiya olunsa da, Dövlət Duması bunu qəbul etməmişdi. Buna səbəb əslində rusiyalı işəgötürənlərin maraqlarını təmin etmək idi. Çünki ölkədə işçi qüvvəsi çatışmırdı. Buna görə də, ümumiyyətlə, Rusiyada əmək miqrantları, əcnəbi vətəndaşlığı olmayan şəxslər sığortalanmırdı, nəticədə orada işləyən əmək miqrantları heç bir yığım kapitalına malik olmurdular. Bu da işəgötürənləri ucuz işçi qüvvəsinə sahib olmağa stimullaşdırır və bir çox əlavə xərclərdən azad edirdi. Müqavilənin yenidən imzalanması göstərir ki, Rusiyada qanunvericiliyə dəyişiklik edilib və orada artıq əmək miqrantı kimi fəaliyyət göstərənlərdən də sığorta üçün müəyyən vəsait tutulacaq”. Bunu isə Vətəndaşların Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bildirdi. Dedi ki, Azərbaycanda işləyən bütün əmək miqrantları öz vətəndaşlarımız kimi sığorta növlərinə cəlb olunur. Amma qarşılıqlı müqavilə olmadığı üçün sığorta məbləği pensiya təminatı zamanı nəzərə alınmırdı.

S.Məmmədov əlavə etdi ki, Azərbaycanda icazəni işəgötürən özü, Rusiyada isə əmək miqrantı olan fərdin özü alır. Bu qanun birmənalı olaraq Rusiya Federal Miqrasiya Xidmətindən qeydiyyatdan keçmiş və icazə almış əmək miqrantlarına şamil olunacaq.

O həmçinin qeyd etdi ki, bu qərar iki ölkə arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında müqavilə bağlanandan, qüvvəyə minəndən  sonrakı dövrə şamil olunacaq. Çünki əvvəlki illərdə onsuz da yığım olmayıb. Pensiya təminatı haqqında aparılan islahatların tərkib hissəsi kimi, 23 ildən sonra yenidən bu məsələni gündəmə gətirib, həllinə nail olunması pensiya haqqında aparılan islahatların tərkib hissəsi kimi sevindirici haldır.

 

Əsli TELMANQIZI

ETİKETLƏR: