Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Vətəndaşlara 200 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb

Təhlillər göstərir ki, hər ay ƏDV-nin geri alınması kampaniyasına vətəndaşların marağı artır və bunu onlayn ticarət əməliyyatlarının dövriyyəsi də təsdiqləyir.

04.05.2022 11:01
8
A+
A-

Dövlət Vergi Xidmətinin vətəndaşlara ödədikləri verginin bir qisminin geri qaytarılmasını təmin edən  “ƏDV geri al” layihəsi özünü doğruldub. Layihənin tətbiq edildiyi ötən 2 il ərzində (2020-ci ilin may ayı) vətəndaşlar tərəfindən supermarketlərdə, müxtəlif ticarət və iaşə obyektlərində alış-veriş zamanı ödənilmiş pulların 214 milyon manatı ƏDV şəklində onların özlərinə geri qaytarılıb.

Alınmış mallara görə, ƏDV-nin bir hissəsinin qaytarılmasını təmin edən sistem - www.edvgerial.az portalında 2 il ərzində 1,7 milyona yaxın istifadəçi qeydə alınıb. Həmin istehlakçılara ticarət və iaşə obyektləri tərəfindən 536 milyondan artıq kassa çeki verilib ki, həmin çeklər üzrə alış-verişin məbləğinin geri qaytarılan ƏDV hissəsi təxminən 214 milyon manat təşkil edib.

Təhlillər göstərir ki, hər ay ƏDV-nin geri alınması kampaniyasına vətəndaşların marağı artır və bunu onlayn ticarət əməliyyatlarının dövriyyəsi də təsdiqləyir. Məsələn, 2021-ci ilin ilk rübündə 26,7 milyon manatdan çox ƏDV məbləği geri qaytarılmışdırsa, 2022-ci ilin ilk 3 ayında bu rəqəm 42 milyon manatdan çox olub. Dinamikanın artması, sözsüz ki, nağd pul kütləsinin də həcminin azalmasına, nağdsız ödənişlərin xüsusi payının artmasına səbəb olur. Bunun nəticəsidir ki, 2022-ci ilin birinci rübündə nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə artıb. 2022-ci ilin mart ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 1 milyard 688 milyon manat təşkil edib.

ƏDV-nin müəyyən hissəsinin qaytarılması üçün ilk növbədə istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs, satıcı və ya xidmət göstərən tərəf isə ƏDV ödəyicisi olmalıdır. Eyni zamanda alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb olunmalıdır. Digər məqam satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsi ilə bağlıdır.

Qeyd edək ki, ƏDV-nin geri qaytarılması mexanizmi yalnız yeni nəsil kassa aparatlarının (NKA) tətbiq olunduğu ticarət və iaşə obyektlərində mümkündür.  Qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı 3 məqam xüsusi diqqət çəkir. İlk növbədə istehlakçı, yəni alış-veriş edən tərəf fiziki şəxs olmalıdır. Bundan başqa, satıcı tərəf də mütləq ƏDV ödəyicisi olmalıdır. Supermarket və digər iri marketlərin əksəriyyətində, iaşə məntəqələrinin isə bir qismində yeni nəsil qurğular quraşdırılsa da, köhnə qurğular da az deyil. Hazırda ölkə üzrə tətbiq edilən onlayn kassaların sayı 58.095-dir. Ölkə üzrə ticarət və iaşə məntəqələrinin sayı isə 400 mindən artıqdır. Bu o deməkdir ki, əksər obyektlərdə bu aparatlar mövcud deyil. Yeni NKA-ların quraşdırılmasına 2019-cu ilin əvvəllərindən Bakı, Sumqayıt və Gəncə şəhərlərindən başlanılıb. Vergi Məcəlləsinin 77.5 və 77.7-ci maddələrinə əsasən, mövcud kassa aparatları vergi nəzarəti tədbirlərini tam həyata keçirməyə imkan vermir və bu məqsədlə Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydalara əsasən, müasir meyarlara cavab verən və Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş yeni NKA-ların quraşdırılması bütün ödəyicilər üçün əsas tələblərdən biridir. Hazırda bu proses qrafik üzrə mərhələli şəkildə aparılır və birinci mərhələdə iri ticarət mərkəzləri, şəbəkə sistemli marketlər və yanacaqdoldurma məntəqələrində quraşdırılma başa çatdırılb. Eyni zamanda ötən il avtomobil satışını həyata keçirən vergi ödəyiciləri, şadlıq evləri, mebel satışı üzrə ixtisaslaşmış müəssisələrdə bu qurğuların tətbiqinə başlanılıb. Müasir NKA-ların tətbiqi dairəsinin genişləndirilməsi məqsədilə Vergi Məcəlləsinə 2022-ci il yanvarın 1-dən dəyişikliklər edilib və mehmanxana, hotel tipli obyektlər, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər (sabit vergi ödəyiciləri istisna olmaqla) tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarının nağdsız qaydada, yəni NKA vasitəsilə ödənilməsi nəzərdə tutulub. Vergi Xidməti bu prosesi 2022-ci ilin sonunadək başa çatdırmağı planlaşdırır. Yeri gəlmişkən, NKA-ların quraşdırılmasından imtina edən, yaxud quraşdırılmadan sonra həmin kassalardan istifadə etməyən obyekt sahibləri barəsində vergi qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyət tədbirləri görüləcək.

Bütün bu tədbirlər, o cümlədən ƏDV-nin geri qaytarılması mexanizmi iqtisadiyyatın şəffaflaşdırılmasına xidmət edir və dövriyyədən kənarda qalan vergilərin büdcəyə ödənilməsinə və vergi daxilolmalarının həcminin artmasına mühüm təsir göstərir. Yeni nəsil nəzarət-kassa aparatları vergi ödəyicisinin fəaliyyətinə məsafədən nəzarət olunmasına şərait yaratdığından, eləcə də NKA çevik hesablaşma forması olduğundan kassa aparatlarının tətbiq edilməsi nəticəsində vergidən yayınmaq da mümkün olmur. Bu məqsədlə Vergi Xidməti layihənin əhatə dairəsini genişləndirmək üçün əlavə tədbirlər həyata keçirir. Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdən biri də məhz bu istiqamət üzrə bəzi xidmət sahələrinin də ƏDV-nin qaytarılması sisteminə cəlb edilməsidir. 2022-ci il yanvarın 1-dən etibarən səhiyyə və özəl tibb müəssisələrində vətəndaşların ödədikləri pul vəsaitlərinin də bir hissəsinin ƏDV şəklində onlara geri qaytarılmasına başlanılıb. Bu məqsədlə tibb müəssisələrində məcburi olaraq onlayn nəzarət-kassa aparatları quraşdırılıb.

Hazırda digər sahələr üzrə də mal, iş və xidmətlərin əhatə dairəsinin genişləndirilməsi üzərində iş aparılır. Növbəti ildə bir sıra obyektlərdə də malların alışı və xidmətlərin göstərilməsi zamanı ƏDV-nin bir hissəsinin vətəndaşlara geri ödənilməsi üçün vergi qanunvericliyinə yeni dəyişikliklərin edilməsi gözlənilir. 

 

Elbrus CƏFƏROV

 

ETİKETLƏR: