Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


AHİK-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyi ilə əlaqədar tədbir keçirilib

Tədbirdə AHİK-in rəhbər işçiləri, həmçinin üzv və tabe təşkilatların sədrləri və məsul əməkdaşları iştirak ediblər.

11.05.2022 11:20
44
A+
A-

Mayın 6-da müasir Azərbaycan dövlətinin banisi, dünya şöhrətli siyasi xadim ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) tədbir keçirilib.

Tədbirdə AHİK-in rəhbər işçiləri, həmçinin üzv və tabe təşkilatların sədrləri və məsul əməkdaşları iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları dahi şəxsiyyət Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək əziz xatirəsinə ehtiramlarını ifadə ediblər. Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Ulu Öndərin həyat və siyasi fəaliyyətinin bəzi məqamlarını əks etdirən videoçarx tədbir iştirakçılarına nümayiş etdirilib.

Tədbirdə çıxış edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Ulu Öndərin Azərbaycan xalqının və dövlətinin həyatındakı tarixi missiyalarından söz açaraq onu xilaskar lider adlandırıb: “Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi müxtəlif dövrlərdə həyata keçirdiyi strategiya bütün sahələrdə qazanılan uğurların əsasını təşkil edir. Azərbaycan xalqı xoşbəxtdir ki, tarix ona Heydər Əliyev kimi dünya miqyaslı şəxsiyyətin simasında əsl Ümummilli Lider bəxş etmişdir. O, xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa zamanda hüquqi, dünyəvi, demokratik dövlətə çevirdi”.

İndi bizim asanlıqla, qürurla ifadə etdiyimiz bu sözlərin, yəni uğurların nə qədər çətinliklə, hansı fədakarlıqlar hesabına başa gəldiyini təsəvvür etmək belə çətindir. Heydər Əliyev 1969-cu ildə rəhbər təyin olunduğu Azərbaycan ittifaqda “geridə qalmış” respublikalar sırasında idi. Əhalinin sosial vəziyyəti olduqca ağır, iqtisadiyyatı bərbad halda idi. Sənaye müəssisələrini barmaqla saymaq olardı. Azərbaycanda nə SSRİ rəhbərliyinin, nə də müttəfiq respublika liderlərinin gözləmədiyi tərəqqi müşahidə olunmağa başladı.

Qısa müddətdə Azərbaycanda həyat ritmini büsbütün dəyişdi. Ulu Öndər Azərbaycanı düşmüş olduğu çox ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atırdı. O, dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlatdı və dərhal onların icrasına başlandı. Xalq ilk addımlarındaca Heydər Əliyevi rəğbətlə qarşıladı, onu sevdi və arxasınca getdi. Xalqın dahi oğlu Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından maksimum istifadə etdi. İlk gündən rüşvətxorluğa, korrupsiyaya və digər neqativ hallara qarşı müharibə elan etdi. Bu, kommunist ölkəsində görünməmiş hadisə idi.

Təkcə 1968-1982-ci illərdə Azərbaycanda 250-dən çox zavod, fabrik, istehsalat sexləri istifadəyə verilmişdir. Azərbaycanda istehsal olunan 350 adda sənaye məhsulu dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bakı Məişət Kondisionerləri Zavodunun layihəsi Heydər Əliyevin xidməti sayəsində SSRİ-nin başqa regionundan götürülüb Bakıya gətirildi və qısa müddətdə - 2 ilə tikilib istifadəyə verildi.

Ümummilli Liderimizin sənaye müəssisələri şəbəkəsinin genişlənməsi, yeni ixtisaslı milli kadrların hazırlanması tələbini ortaya qoyurdu. Buna nail olmaq üçün 1970-1985-ci illərdə iqtisadiyyatın sürətli və çoxşaxəli inkişafına uyğun olaraq respublikanın ali və orta ixtisas təhsili şəbəkəsi genişləndirildi.

Azərbaycanlılar SSRİ-nin qabaqcıl ali məktəblərində təhsil almağa göndərildi. Müqayisə üçün deyim ki, 1969-cu ildə SSRİ-nin ali məktəblərində cəmi 47 nəfər təhsil alırdı və bunun da çox hissəsi başqa millətlərin nümayəndələri idi. 1981-ci ildə SSRİ-nin qabaqcıl ali məktəblərində 3600 nəfərdən çox azərbaycanlı 244 ixtisas üzrə təhsil almışdı. 1970-1985-ci illərdə belə tələbələrin ümumi sayı 15 min nəfərdən çox olmuşdur. Bunların əksəriyyəti Azərbaycana qayıdıb xalq təsərrüfatında müvəffəqiyyətlə çalışırdı.

Hərbi təhsilin inkişafına xüsusi diqqət yetirilirdi. SSRİ-nin kosmik uçuşlara hazırlıq mərkəzində azərbaycanlı gənclərin olmamasından narahatlıq keçirən Azərbaycan rəhbəri gənclərin ali təyyarəçilik məktəblərinə göndərilməsini şəxsi nəzarətinə götürmüşdü.

Ümummilli Liderin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradıldı. O zaman bu qərarı vermək böyük cəsarət tələb edirdi. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına ovaxtkı SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, Ümummilli Liderin mahir diplomatiyası bu cəhdlərin qarşısını almış, həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdır. Təsadüfi deyil ki, C.Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi.

Heydər Əliyev bu günü əsas tutmaqla, gələcəyi də təfəkkür süzgəcindən keçirmək, başqa sözlə, taktiki addımlarla yanaşı strateji məqsədləri də hədəfə götürən, ona uyğun siyasət yeridən dahi rəhbər idi.

O, SSRİ-nin gələcəyini görürdü. Azərbaycanın gələcəkdə müstəqil yaşamaq şansının təmin edilməsi üçün sənayeləşdirməni sürətləndirdi, genişləndirdi, beləliklə, iqtisadiyyatımızın imkan daxilində, ümumittifaq iqtisadiyyatından asılılığını azaltdı.

Beləliklə, Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan yolu müəyyən etdi.

Sonralar Ulu Öndər də SSRİ dövründə siyasi lider kimi qarşısına qoyduğu məqsədin mahiyyətinə aydınlıq gətirdi: “Biz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk bünövrə daşlarını qoyanda o bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq. Yarandı da. Məhz bugünkü müstəqilliyimizə görə mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm. Bilirsiniz, sizə səmimi deyirəm, C.Naxçıvanski adına lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona bax, bu cür baxacağam”.

S.Möhbalıyev yeri gəlmişkən dedi ki, ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatları həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir.

Silahlı Qüvvələrimiz daha da modernləşdirilib, ən son hərbi texnologiyalar orduya cəlb edilib. Bu uğurlu ordu quruculuğu siyasəti güclü Azərbaycan Ordusunun 44 günlük müharibədə erməni işğalçılarını diz çökdürməsinə gətirib çıxardı. Möhtəşəm qələbə paradı da bunu təsdiq edir. Bu parad xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyalarına sədaqət və ehtiramının gözəl nümunəsidir.

Ulu Öndər yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin əsasını sağlam düşüncəli mədəniyyət təşkil edir. Ona görə də mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir. Bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirak və çıxış edir, bu sahələrdə gedən proseslərə münasibətini bildirirdi. Mədəniyyətimizdə, ədəbiyyatımızda əvəzsiz xidmətləri olan sənətkarların Azərbaycanın, SSRİ-nin ən yüksək mükafatlarına layiq görülmələrinə nail olurdu. O dövrdə etnik mənsubiyyəti və vətəni mübahisəli olan Nizaminin, Nəsiminin məhz Azərbaycan şairləri kimi dünya tərəfindən təsdiq edilməsi Ümummilli Liderimizin xalq, tarix qarşısında ən yüksək xidmətlərindən biridir.

Əvəzsiz xidmətlərindən daha biri, bəlkə də ən vacibi 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və orada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsidir.

Totalitar sovet rejiminin hökm sürdüyü o dövrdə respublikanın ali qanununda xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsasların müəyyən edilməsi olduqca cəsarətli addım kimi dəyərləndirilir. Sovet milli siyasətinin tələbləri ilə tam bir ziddiyyət təşkil edən bu çətin vəzifənin öhdəsindən məhz Heydər Əliyev gələ bilmişdir. O zaman Heydər Əliyevin “Literaturnaya qazeta”da söylədiyi və bütün SSRİ məkanında dillər əzbəri olan “Qoy ədalət zəfər çalsın!” sözləri xalqın dilində şüara çevrildi.

Bir məsələni də qeyd etmək yerinə düşərdi ki, Bakı şəhərində 20 Yanvar qırğını törədildiyi zaman Moskvada fəaliyyət göstərən Azərbaycan nümayəndəliyinə gəlib heç nədən çəkinmədən SSRİ rəhbərliyini tənqid etmiş, Bakı hadisələrində onların birbaşa məsuliyyət daşıdığını bildirmişdi.

H.Əliyev ikinci dəfə xalqın təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər ölkənin iqtisadi yüksəlişi üçün tədbirlər görməyə başladı. Elə ilk günlərdə ARDNŞ-in birinci vitse-prezidenti, millət vəkili İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasını və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. Onun bütün fəaliyyətinin mərkəzində özünün yığcam şəkildə ifadə etdiyi belə bir möhkəm ideya durur: “Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir”. Onun iştirakçısı olduğu saysız-hesabsız görüş və danışıqlar məhz bu deviz altında keçirildi. Nəticədə 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında “məhsulun pay bölgüsü” tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırıldı.

Səttar müəllim Ümummilli Liderin həmkarlar ittifaqına göstərdiyi doğma münasibəti minnətdarlıqla xatırladı. Dedi ki, Azərbaycan həmkarlar ittifaqlarının güclü təşkilat kimi möhkəmləndirilməsində, onun sıralarının genişləndirilməsində, vətəndaş cəmiyyətində özünə layiq yer tapmasında Ulu Öndərin tutduğu mövqe əlahiddə rol oynadı.

 Ulu Öndərin xeyir-duası və tam dəstəyi ilə AHİK-in işləyib hazırladığı layihə əsasında həmkarlar ittifaqlarının fəaliyyətini müasir tələblər səviyyəsində tənzimləyən və beynəlxalq həmkarlar ittifaqı təcrübəsinə tam əsaslanan “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının 24 fevral 1994-cü il tarixli Qanunu qəbul edildi.

Ulu Öndərin yaxından köməkliyi ilə Azərbaycan həmkarlar ittifaqlarının bütün təşkilatlarının, müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, bir sıra mədəniyyət, sağlamlıq-müalicə obyektləri və idman qurğuları tikilib əməkçilərin istifadəsinə verilmişdir.

Azərbaycan həmkarlar ittifaqlarının keçirdiyi bütün tədbirlərə diqqət və qayğı ilə yanaşan H.Əliyev AHİK-in I və II qurultaylarına təbrik məktubu ünvanlamışdır.

Ulu Öndər AHİK-in qurultaylarına gəlmiş beynəlxalq və xarici ölkə həmkarlar ittifaqlarının rəhbərləri ilə görüşündə respublika həmkarlar ittifaqlarına, o cümlədən AHİK-ə yüksək qiymət verməsi, onların fəaliyyətinin genişləndirilməsi üçün mühüm addımlar atılacağını bildirməsi və bu görüşlərdən birində özünün də həmkarlar ittifaqının üzvü olduğunu və müntəzəm olaraq üzvlük haqqını ödədiyini iftixarla söyləməsi onun həmkarlar ittifaqına olan ən böyük inamı idi.

Həmkarlar ittifaqlarına doğma münasibəti ulu öndər Heydər Əliyevin siyasi kursunun sadiq davamçısı ölkə Prezidenti İlham  Əliyev cənablarından da görürük. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təkliflərinin hökumət və şəxsən hörmətli Prezidentimiz tərəfindən daim müdafiə olunması buna əyani sübutdur. Əhalinin sağlamlığının qorunması, bütün kateqoriyalardan olan insanların əməkhaqlarının, pensiyalarının, eləcə də işsizliyə görə müavinətlərin həcminin artırılması ilə əlaqədar verilən təkliflərin, demək olar ki, çoxusu qəbul olunmuşdur. “Həmkarlar ittifaqları haqqında” qanuna, Əmək və İnzibati Xətalar məcəllələrinə edilən bir sıra dəyişiklik və əlavələr cəmiyyətdə həmkarlar ittifaqının rolu və statusunun daha da artmasına, onun maliyyə vəziyyətinin möhkəmlənməsinə şərait yaratmışdır.

Möhtərəm Prezidentimiz təşkilatımızın yaradılmasının yubileyləri, AHİK-in qurultayları ərəfəsində, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının yaradılmasının 40 illiyi münasibətilə həmkarlar ittifaqı hərəkatında, kurort, turizm sistemi və səhiyyənin inkişafındakı xidmətlərinə görə həmkarlar ittifaqlarının 450-yə yaxın fəal işçisini fəxri adlarla, orden və medallarla mükafatlandırmışdır.

AHİK sədri çıxışını bu sözlərlə yekunlaşdırmışdır: Həyatının mənasını yalnız xalqına xidmətdə görmüş, ömrünü onun xoş, firavan gələcəyinə həsr etməkdən şərəf duymuş Heydər Əliyev Vətəninin parlaq və işıqlı gələcəyi naminə ardıcıl, məqsədyönlü mübarizə aparmış, arzuladıqlarına, istədiklərinə nail olmuşdur. Ulu Öndərin şah əsəri olan Azərbaycan onun layiqli davamçısı - dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında bundan sonra daha da inkişaf edəcək, strateji hədəflərə uğurla çatacaqdır.

ETİKETLƏR:

Foto