Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Məhkəməyə müraciət etmək istəyirdim. Dedilər ki, əvvəlcə mediasiyaya müraciət etməlisən. Hansı işlərlə bağlı mediasiyaya müraciət etmək lazımdır?

.

11.05.2022 15:21
12
A+
A-

Məhkəməyə müraciət etmək istəyirdim. Dedilər ki, əvvəlcə mediasiyaya müraciət etməlisən. Hansı işlərlə bağlı mediasiyaya müraciət etmək lazımdır?

Kəbirə NAMAZOVA, Bakı şəhəri.

- “Mediasiya haqqında “qanunun 3-cü maddəsinə əsasən, mediasiya aşağıdakı işlər üzrə tətbiq edilir:

- mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla);

- ailə münasibətlərindən irəli gələn mübahisələr;

- əmək münasibətlərindən irəli gələn mübahisələr;

- inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr.

Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə həmin Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

Nəzərə almaq lazımdır ki, yuxarıda qeyd edilən mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər.

Onu da qeyd etmək lazımdır ki,vətəndaşların işini asanlaşdırmaq məqsədilə “Mediasiya haqqında” qanuna uyğun olaraq məhkəmələrin inzibati binalarında, onların yerləşdikləri ərazilərə yaxın yerlərdə fəaliyyət göstərən mediatorlar və mediasiya təşkilatları barədə məlumat lövhələri yerləşdirilir.

 

51 yaşım var. Uzun müddət müxtəlif vəzifələrdə işləmişəm. İcra hakimiyyətinə işlə bağlı müraciət etdikdə mənə dövlət qulluğunda işləyə bilməzsiniz dedilər. Bu, doğrudurmu?

 

Aydın NAMAZOV, Tovuz rayonu, Əyyublu kəndi.

 

- “Dövlət qulluğu haqqında” qanunun 27-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 16 yaşına çatmış, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququ vardır.

Hər hansı şəxs dövlət qulluğuna aşağıdakı hallarda qəbul edilə bilməz:

- onun fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmənin qərarı ilə təsdiq edilərsə;

- məhkumluğu ödənilməmiş və ya götürülməmişsə;

- bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi dövlət qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq (ər-arvadlar, onların valideynləri, qardaşları, bacıları, övladları) əlaqəsi olduqda;

- barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olarsa;

-qanunvericiliklə müəyyən edilmiş başqa hallarda.

Qanunvericiliyə uyğun olaraq dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.

Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir.

Yuxarıda qeyd edilən istisnalar mövcud deyilsə, onda siz dövlət qulluğuna qəbul üçün test imtahanlarında iştirak edə bilərsiniz. İmtahanlardan keçərək “Dövlət qulluğu sertifikatı” almalısınız. Sertifikatı aldıqdan sonra müsahibədə iştirak etmək hüququ qazanırsınız. Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil edir.

Nəzərinizə çatdırırıq ki, dövlət orqanında dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş şəxsin dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmaması qabaqcadan yoxlanılır. Yoxlamanın qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Şəxsi (ailə) həyatın təfsilatı yoxlanmamalıdır.

 

Məcburi Arbitrajın arbitri olmaq üçün xüsusi tələblər varmı?

 

Sevil QASIMOVA, Gəncə şəhəri.

 

- Bəli, Əsasnamə ilə Məcburi Arbitrajın arbitrlərinə aşağıdakı tələblər qoyulur:

- Azərbaycan Respublikasının vətəndaşı olmaq;

- dövlət əleyhinə siyasi fəaliyyətinə və maddi məsuliyyətə məhkum olunmamaq (bəraət verilən hallar istisna edilməklə);

- icra hakimiyyəti orqanlarında, həmkarlar ittifaqı təşkilatlarında yüksək rəhbər vəzifədə olmamaq;

- hüquq, iqtisadiyyat və ya humanitar sahələr üzrə ali təhsilə və ya ali texniki təhsilə və bu sahələr üzrə ən azı beş il iş stajına malik, mübahisənin nəticələrində marağı olmayan yüksək ixtisaslı mütəxəssis olmaq.

ETİKETLƏR: