Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Pensiyada yaş problemi

illərdir həllini tapmayan məsələ

12.05.2022 15:35
52
A+
A-

Milli Məclisin ötən həftə keçirilən iclasında pensiya yaşının azaldılması ilə bağlı məsələ müzakirə olundu. Bəzi deputatlar pensiya yaşının kişilər üçün 60, qadınlar üçün 55-ə , bəziləri isə kişilər üçün 63, qadınlar üçün 60 yaşa endirilməsini təklif etdi.

Elə təklif verən deputatlardan Əli Məsimli və Fəzail Ağamalı, eyni zamanda iqtisadçı-ekspert Eldəniz Əmirovla əlaqə saxladıq.

Əli müəllim bildirdi ki, pensiya yaşı müəyyənləşdiriləndə bir sıra amillər, daha çox isə orta ömür uzunluğu göstəricisi əsas götürülür: “Bu baxımdan Azərbaycanda pensiya yaşı orta yaş  həddi ilə uyuşmur. Orta ömür uzunluğu aşağı və pensiyaya  yaşı isə yuxarıdır. Pensiya yaşının artması nəticəsində əgər əvvəllər yaşa görə pensiya alanların sayı artırdısa, son 10 ildə  10 faizə yaxın azalıb və  ölkə əhalisinin 10 milyon nəfərdən artıq olması fonunda  700 min nəfərin ətrafına  və ya ölkə əhalisinin sayına nisbətdə 7 fazin altına enib ki, bu da əhalimizin sayı 7,6 milyon nəfər olduğu 1994-cü ildə yaşa görə pensiya alanların sayından (797 min nəfər) və ölkə əhalisinin o vaxtkı  sayına nisbətinin (10,5 faiz) müqayisəsindən də aşağı bir göstəricidir”. 

Deputat vurğuladı ki, ötən əsrin 90-cı illərinin əvvəllərinə qədər Azərbaycanda pensiya yaşı kişilər üçün 60, qadınlar üçün isə 55yaş olub: “1990-cı ildən bu yana keçən 30 ildən artıq bir dövr ərzində Azərbaycanda  orta ömür uzünluğu 2 yaş, o cümlədən kişilər üçün 3 yaş, qadınlar üçün 1,7 yaş artdığı halda pensiya yaşı kişilər üçün 5 yaş, qadınlar üçün isə 7 yaş artıb və bu artım qadınlarda 10 yaşa çatanadək davam edəcək. Nəticədə ötən il kişilərin pensiya yaşı artıq 65-ə çatdırılıb,qadınların pensiya yaşı isə hazırda 62 olsa da,hər il 6 ay artırılmaqla  65-ə çatdırılması hədəflənib.Beləliklə rəsmi məlumatlara görə, ömür uzunluğu 73 yaşın ətrafında(əslində isə bundan aşağı) olan Azərbaycanda pensiya yaşı 65-dir.

Ə.Məsimli xarici ölkə statistik göstəriciləri barəsində danışarkən dedi ki, Azərbaycanda orta ömür uzunluğu inkişaf etmiş ölkələrdən xeyli aşağı, pensiya yaşı isə həmin ölkələr səviyyəsində, hətta bəzi ölkərdən yüksəkdir. Belə ki, pensiya yaşı 65 və ondan yüksək olan ölkələrdə, məsələn, Yaponiyada orta ömür uzunluğu 85 yaşa yaxın, İtaliyada 82-dən yüksəkdir. Ömür uzunluğu 83-dən çox olan Norveçdə və ömür uzunluğu 82 yaş olan İsveçdə pensiya yaşı 62 yaşdır: “Orta ömür uzunluğu Azərbaycana daha çox uyğun gələn MDB  ölkələrində, məsələn, Rusiyada pensiya yaşı kişilər öçün 60, qadınlar üçün 55 yaş idi. Bu il Rusiyada pensiya yaşı kişilər üçün 61,5 yaş,    qadınlar üçün isə 56,5 yaşdır. 2019-cu ildən başlayaraq orada da pensiya yaşı qarşıdakı 10 ildə, yəni 2019-cu ildən 2028-ci ilədək, hər il 6 ay artırılmaqla kişilər üçün 65 yaşa, qadınlar üçün isə 60 yaşa çatdırılacaq. Pensiya yaşı Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 60 yaş, Belarusda müvafiq surətdə 63 və 58 yaş, Moldovada 63 və 59 yaş, Gürcüstanda 65 və 60 yaş, Türkmənistanda-62 və 57, Qırğızıstanda 63 və 58 yaşdır və sair.Azərbaycanda pensiya yaşı bizə qonşu olan ölkələrdəkindən də yüksəkdir.

Onu da qeyd edim ki, pensiya yaşı müəyyənləşəndə orta ömür uzunluğu göstəricisi ilə yanaşı, sağlam ömür uzunluğu göstəricisi də nəzərə alınmlıdır. Belə ki,son illər Azərbaycanda sağlam ömür uzunluğu həm kişilər, həm də  qadınlarda aşağı düşüb. Ona görə də gətirdiyimiz rəqəmlərdən, eləcə də orta ömür uzunluğu və digər göstəricilərə görə bir qədər aşağı-yuxarı olmaqla bizə daha yaxın olan MDB ölkələrində və qonşu  ölkələrdəki pensiya yaşının orta səviyyəsindən, eləcə də sağlam ömür uzunluğunun da aşağı düşməsi faktından çıxış edərək Azərbaycanda pensiya yaşının kişilər və qadınlar üçün  65 yaşa çatdırılmasını düzgün hesab etmirik və hazırki reallıqlar şəraitində ölkəmizdə pensiya yaşının kişilər üçün  65 yaşdan 63-ə, qadınlar üçün isə 60 yaşa endirilməsi optimal variant hesab edir və cəmiyyətdəki ab-havanı nəzərə almaqla pensiya yaşının geniş ictimai müzakirəyə çıxarılmasını zəruri hesab edirik”. 

Fəzail müəllim bildirdi ki, bu, sosial sifarişdir. İctimaiyyət tərəfindən bizə yönəlmiş olan fikirlərin ümumiləşmiş bir təzahürüdür ki, biz bunu gündəliyə gətiririk: “Azərbaycanda hazırda tətbiq edilən yaş həddi Avropanın ən inkişaf etmiş ölkələrindən olan İsveçrənin təcrübəsidir. İsveçrədə qadınlar 63, kişilər 65 yaşında pensiyaya çıxırlar. Ancaq sual olunur ki, Azərbaycanda yaş həddi, həyat tərzi, yaşam standartları İsveçrə ilə hansı səviyyədə proporsionaldır. Azərbaycan reallığı bununla tamamilə ziddiyyət təşkil edir. Düşünürəm ki, öncə məsələ ilə bağlı pensiya islahatı həyata keçirmək lazımdır.  Düzdür, Prezidentin həyata keçirdiyi sosial siyasət xalqımızın tam maraqlarına xidmət edir və həyat səviyyəsinin gücləndirilməsinə hədəflənir. Ancaq mövcud vəziyyəti də inkar edə bilmərik. 40-45 il əmək stajı olan bir şəxs 65 yaşında təqaüdə çıxır. Gəlin baxaq, ölkəmizdə yaşam həddi 72 yaş götürülür. Əslində, dünya üzrə qəbul olunmuş qanuna görə, şəxs təqaüdə çıxdığı vaxtdan sonra, 12 il həmin vəsaitdən istifadə edə bilsin. Bu, məsələnin birinci tərəfi. Digər tərəfdən isə, məlumdur ki, insan qocaldıqca daha çox və tez-tez xəstələnir”.

İqtisadçı-ekspert Eldəniz Əmirov dedi ki, pensiya yaşının azaldılması ilə bağlı Milli Məclisdə aparılan müzakirələr özlüyündə müsbət bir tendensiyadır: “Bəli, bu çox təqdirəlayiq bir addımdır. Ancaq hazırda pensiya yaşının aşağı salınması real görünmür. Çünki hələ heç qadınların və kişilərin pensiya yaşının 65-ə satdırılması prosesi tamamlanmamışdır. Mən qadınların 60, kişilərin 63 yaşda pensiyaya çıxarılması təklifini daha real sayıram. Ancaq bunun üçün də təbii ki, bəzi addımlar atılmalıdır. Öncə əlavə vəsait mənbəyi tapılmalıdır. Bu o qədər də çətin iş deyil. Ölkədə 53 milyard dollara yaxın valyuta ehtiyatlarımız var. Bunu müvafiq fondlara transferlər şəklində digər daxilolmalarla etmək mümkündür.

Bunun digər müsbət tərəfi isə, yeni iş yerlərinin yaranmasıdır ki, hər pensiyaya gedən şəxsdən sonra vakant yer açılır. Belə olduğu təqdirdə bu, həm gənc nəslin işlə təminat məsələsinə öz töhfəsini vermiş olar, eyni zamanda da artıq yaşlanmaqda da olan nəslin öz pensiya hüququndan rahat şəkildə yararlanması kimi məsələ öz həllini tapar”.

Ekspert orta yaş həddi məsələsinə də diqqət yetirdi. Bildirdi ki, əslində 72 rəqəmi bir o qədər də inandırıcı görünmür: “Əgər bu, Statistika Komitəsi tərəfindən deyilmiş rəqəmdirsə, təbii ki, hansısa metodoloji hesablamalar nəticəsində əldə olunaraq son nəticəyə gəlinib. Lakin bu hesablamalar da pensiyaya çıxma yaş həddinə yenidən baxılmasını tələb edir. Belə ki, 65 yaşda pensiyaya çıxmış insan 12 il pensiya almalıdır.