Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


AHİK sədri qazi ailəsini ziyarət edib

AHİK sədri əlavə edib ki, 44 günlük Vətən müharibəsində yenilməz Azərbaycan Ordusunun qəhrəmanlığı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətini iflasa uğratdı, Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu.

18.05.2022 11:19
7
A+
A-

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və sədrin müavini, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (DİİXİHİ RK) sədri Hikmət Osmanov Birinci Qarabağ müharibəsi qazisi, “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş Fikrət İsayevi ziyarət ediblər.

Görüş zamanı Səttar Möhbalıyev bildirib ki, müharibə iştirakçılarının sosial məsələlərinin həlli istiqamətində görülmüş işlər sübut edir ki, dövlət hər zaman öz əsgərinin yanındadır. Onun sözlərinə görə, Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini hər zaman yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Qeyd edib ki, həm Birinci, həm də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə, qazilərə mənzillər, avtomobillər verilir, onlar üçün davamlı olaraq hər cür şərait yaradılır.

AHİK sədri əlavə edib ki, 44 günlük Vətən müharibəsində yenilməz Azərbaycan Ordusunun qəhrəmanlığı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətini iflasa uğratdı, Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu.

AHİK sədrinin müavini, DİİXİHİ Respublika Komitəsinin sədri Hikmət Osmanov dedi ki, həmkarlar ittifaqı Vətən müharibəsi günlərində, postmüharibə dövründə döyüşən oğullarımızın, onların ailə üzvlərinin qayğısı ilə yaşayıb. Şəxsən hörmətli sədrimiz Səttar Möhbalıyevin tapşırığı ilə Azərbaycanın bütün sahə həmkarlar ittifaqı hər şey cəbhə üçün şüarı altında səfərbər olunmuşdu.

Müharibə bitdi, amma həmkarlar ittifaqının müharibə iştirakçılarına, Vətən uğrunda canını fəda etmiş igid oğul və qızlarımızın ailələrinə qayğısı bitmədi. Biz, Səttar Möhbalıyev başda olmaqla, ilboyu sizin yanınızdayıq. Mənəvi və maddi köməyimizi əsirgəmirik. Sizinlə birlikdə şəhidlərimizin övladlarının, qazilərimizin ad günlərini qeyd edir, imkanımız və səlahiyyətimiz çərçivəsində ehtiyaclarını ödəməyi vicdan borcumuz bilirik.

Fikrət İsayev bu qayğı və diqqəti öz timsalında daim hiss etdiyini dedi. O, şəhidlərimizin, qazilərimizin, digər müharibə iştirakçılarının fədakarlığını yüksək qiymətləndirdiyinə görə Ali Baş Komandan İlham Əliyevə, qaziləri əzizləri qədər sevən, problemlərini müntəzəm öyrənib həllinə yönəlik tədbirlər görən həmkarlar ittifaqına, şəxsən Səttar müəllimə, dövlətimizin ona bağışladığı mənzil üçün zəruri avadanlıqlar, mebellər alıb hədiyyə edən Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə təşəkkürünü bildirdi.

Qeyd edək ki, Fikrət İsayev Birinci Qarabağ müharibəsi zamanı Ağdam və Füzuli istiqamətlərində gedən döyüş əməliyyatlarında yüksək peşəkarlıqla iştirak edib, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərib, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirib. O, döyüşlərin birində hər iki gözündən xəsarət alaraq görmə qabiliyyətini itirib, I qrup əlildir. Döyüşlər zamanı göstərdiyi qəhrəmanlıqlara görə, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

ETİKETLƏR:

Foto