Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Vətən sevgisi o dərəcədə üstün idi ki, başımıza yağan mərmilərə məhəl qoymurduq...

Bir istək var idi... irəli getmək, sağ qalaraq sona qədər vuruşmaq istəyi

18.05.2022 12:18
906
A+
A-

Bugünkü yazımın qəhrəmanı Təhmin İntiqam oğlu Babayevdir. Vətən müharibəsi qazisi olan Təhminin ismi Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan tarixi qəhrəmanlar siyahısına yazılıb. O, həm Aprel döyüşlərində, həm də II Qarabağ müharibəsində öz əzmi, iradəsi, döyüşçü məharəti ilə fərqlənən igidlərimizdəndir. 1993-cü il oktyabrın 22-də Cəlilabad rayonunun Hacıismayıllı kəndində anadan olan T.Babayev orta məktəbi bitirdikdən sonra 630 balla Bakı Dövlət Universitetinin Tətbiqi-riyaziyyat və kibernetika fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra 2016-cı ildə Füzuli rayonunda həqiqi hərbi xidmət göstərib, eyni zamanda 4 gün davam edən Aprel döyüşlərində öz rəşadəti ilə seçilib. Xalqımızın birlik, vəhdət göstərdiyi o böyük sınaq günlərində - Vətən müharibəsində isə Təhmin yenidən ordumuzun ön sıralarında döyüşlərə qatılır. Təhminlə görüşüb, onun döyüş yolu haqqında söhbətlərinə qulaq asdım. O, müharibənin şiddətindən, hərbçi yoldaşlarının cəsurcasına vuruşmağından, eyni zamanda torpaqlarımızın hər qarışını işğaldan azad edərkən necə qürurlanıb, sevincdən göz yaşları tökdüklərindən danışdı: Cəbhə mənim üçün Füzulidən başlandı. Düşməni qova-qova Cəbrayıl rayonunun ərazisinə yetişdik. Cəbrayılda yolayrıcı deyilən yer var idi. Bu ərazi uğrunda bir neçə gün şiddətli döyüşdük, itkimiz çox oldu. Cəbrayılın mərkəzində 3 gün mühasirədə qaldıq. Təminatımız, demək olar ki, tükənmişdi. Ətrafımıza hər 10-15 dəqiqədən bir, ən azı 15 minamyot düşürdü. Amma yenə də nə döyüş yoldaşlarımda, nə də məndə ruh düşkünlüyü yaranmırdı. Komandir deyirdi ki, burada nə olur-olsun, siz bilin ki, Cəbrayıla girən ilk qəhrəmanlar olaraq adınız Azərbaycanın tarixinə yazılacaq. Bu Vətən, bu torpaq sizi heç vaxt unutmayacaq. Onun bu sözləri bizi daha da ruhlandırırdı. Özümüzlə fəxr edirdik. Həqiqətən də 30 il bizdən uzaq qalan, mənfur düşmənin tapdağı altında əzilən torpaqlarımıza ayaq basanda çox qəribə hisslərə bürünürdük. Onlar bu yerləri viran qoymuşdular. Sanki torpaq dil açıb bizə nə qədər ehtiyacı olduğunu söyləyirdi. İndi düşünəndə təəccüb hissi keçirdirəm. Vətən sevgisi o dərəcədə üstün idi ki, başımıza yağan mərmilərə məhəl qoymurduq. Hamıda, sadəcə, bir istək var idi: irəli getmək, sağ qalaraq sona qədər vuruşmaq istəyi.

Düşmən isə daha çox uzaqdan döyüşə üstünlük verirdi, onlar qarşı-qarşıya vuruşmaqdan çəkinirdilər. Ona görə əsasən hava hücumundan və minamyotlardan, ağır artilleriyadan istifadə edirdilər. Bəli, mühasirədəydik və onlar üstümüzə qırıcı təyyarə qaldırdılar. Bizim hərbi hava qüvvələri 4 tank və 150-yə yaxın canlı qüvvə ilə hücuma keçən düşmənin təyyarələrindən birini, tanklarından isə ikisini vurduqdan sonra onlar şəxsi heyəti ilə birgə geri dönməyə məcbur oldular. Sonra bizə məlum oldu ki, bu ərazidə onların hərbçilərinin qaldığı hərbi şəhərcik yerləşir. Bir neçə hərbçisi orada qalıbmış. Ona görə müqavimət göstərirdilər ki, onları buradan çıxartsınlar. Lakin bu, mümkün olmadı. Bir müddət sonra bizim toplanma məntəqəmizi vurduqlarını eşitdik. Komandirimiz polkovnik-leytenant Rəşad Quliyev və digər hərbçi yoldaşımız orada şəhid oldu. Biz isə, komandirimizin əvvəlcədən bizə verdiyi komandaya uyğun olaraq, tutacağımız mövqelərə, yüksəkliyə doğru hərəkət edirdik. Həmin gün axşam, səhv etmirəmsə, oktyabrın 15-i 25 nəfərlik tağımla, hərbi hava və xüsusi təyinatlı qüvvələrlə birgə buradakı strateji yüksəkliyi tutduq. Beləliklə, Cəbrayılın digər kəndlərini də azad etdikdən sonra Qubadlıya doğru hərəkət etməyi planlaşdırdıq. Oktyabrın 19-u gecə saat 2- də yola çıxdıq və saat 5 radələrində biz Qubadlının girişindəydik. Təxmini 20 km. piyada yol qət etmişdik və yorğun olduğumuz üçün orada 1 saat dincəlmək qərarına gəldik. Birdən komandir mövqeyimizi dəyişmək əmri verdi. Biz oranı dərhal tərk etdik. Çünki düşmən pilotsuz uçuş aparatı ilə yerimizi təyin etmişdi. 10 dəqiqə sonra isə həmin məkan qrat atəşinə tutuldu. Biz isə həmin gün Qubadlıya girdik və üçrəngli bayrağımızı orda dalğalandırdıq. Düşmən yaxınlaşdığımızı görüb bu dəfə də Həkəri çayının üzərindəki körpünü partlatdı. Və onlar çayın ətrafını tank əleyhinə minalarla doldurmuşdular. Biz məcbur olub çayın içərisindən irəliləyərək oktyabrın 20-də artıq hücuma keçdik. Düşmənin 500-600 metr yaxınlığında idik. Lakin onlar əraziyə daha hakim idilər və daha yaxşı gizlənə bilirdilər. Biz isə açıq döyüşə girmişdik hər tərəfdən minamyot mərmiləri yağırdı. Ayağa dura bilməzdik, sürünərək irəliləyirdik. Ətrafımızda biçilmiş otlar var idi və minamyotlar düşdükcə onlar yanırdı. Tüstü və yanğın isə sürünərək irəliləməyimizə mane olurdu. Bu zaman döyüş yoldaşım dedi ki, buşlatının içindəkiləri boşalt mənə ver, yanğını onunla söndürüm. Mərmilər yağırdı, ayağa qalxa bilməzdim. Sağ tərəfimi qaldırdım ki, buşlatı çıxardım. Bu zaman həmin tərəfimdən 4-5 metr yaxınlığa minamyot düşdü. Həmin an heç nə hiss etmədim. Amma sağ ayağımın yuxarı hissəsinə qəlpə girmişdi. Bir müddət sonra hərəkətsiz qaldığımı görən döyüş yoldaşlarım Amin və Nahid mənə yaxınlaşdılar. Onlar məni döyüş meydanından çıxarmağa çalışırdılar. Amma yenə də başımızı qaldıra bilmir, sadəcə sürünürdük. Amin çəkməmin ipini çıxarıb qan itirməyim deyə ayağımı möhkəm sıxmışdı. Mən isə öləcəyimi düşünürdüm. Və sadəcə, o anda ailəmi, geridə qoyduqlarmı düşünməyə başladım. Aprel döyüşlərində çox məyus olmuşdum ki, torpaqlarımızı işğaldan azad edə bilmədik. İndi isə biz azadlığa nail oluruq, amma mən o torpaqları görməyəcəyəm deyə təəssüf hissi keçirirdim. Vətən, ailə sevgisi mənə yenidən səbir və güc verdi elə bil. Susuz və yaralı olmağım artıq məni huşsuz hala salırdı, amma yenə də möhkəm olmağa çalışırdım. Yoldaşlarım məni dağın yamacında 10-a yaxın şəhid olan əsgər yoldaşımın yanına uzadıb döyüş zonasına qayıtdılar. Sonra onlar irəliləyirdilər, məni isə ehtiyada olan yoldaşlarım dərənin içindən çox çətinliklə çıxarda bildilər. Döyüş maşınları ilə Füzuli hospitalına gətirdilər. Daha sonra 3 ay Silahlı Qüvvələrin Baş Klinik Hospitalında qaldım. Çünki yara 15 sm. dərinliyində idi. Sinir zədələnmişdi deyə sağ ayağımı hiss etmirdim. 1 il 6 aydır müalicə alıram. Az-az da olsa ayağımda sağalma, yaxşılaşma hiss olunur”.

Təhmin qeyd etdi ki, o, 2019-cu ildən “Azərişıq” Səhmdar Cəmiyyətində proqramçı olaraq fəaliyyət göstərir. İşlədiyi idarənin istər rəhbərliyi, istərsə də kollektivi onunla fəxr edir və müalicəsinin gedişatında lazımi dəstəyi göstərirlər. Vətənpərvər Təhmin “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medallarına layiq görülüb.

Həmçinin bu günlərdə T.Babayev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən peşəsində əldə etdiyi nailiyyətlərə görə “İlin peşəkar gənci” fəxri adını aldı.

O bu medalları və fəxri adları qürurla daşıdığını və buna görə ilk növbədə uşaq yaşlarından onu vətənpərvər ruhunda böyüdən valideynlərinə minnətdar olduğunu dedi. Daha sonra isə işlədiyi müəssisənin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyinə təşəkkürünü bildirdi.

 

Əsli TELMANQIZI

ETİKETLƏR: