Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Müasir dünyamızda unudulan multikulturalizmi “Xarıbülbül” bütün dünyaya xatırlatdı

Hər kəs şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı hesabına yenidən qovuşduğumuz bu şəhərin əsrarəngizliyindən,  gözəlliyindən xəbərdar oldu

18.05.2022 12:32
15
A+
A-

Azərbaycanın incisi, musiqi beşiyi, mədəniyyət ocağı, Qafqazın konservatoriyası adlanan Şuşa hər zaman nəinki bizim, bütün dünyanın diqqət mərkəzində olub. Hələ 1989-cu ildən keçirilən “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı Şuşanı beynəlxalq aləmə tanıdan mötəbər tədbirlərdən biri idi. Düşmən işğalından azad edildikdən sonra bu festivalın qeyd olunması, Qarabağın, xüsusilə də Şuşanın yenidən mədəniyyət mərkəzinə çevrilməsi mədəniyyətin, musiqinin aid olduğu yerə qaytarılması kimi qiymətləndirilir. Qarabağın işğaldan azad edilməsindən sonra Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan etməsi, Şuşada Dünya Azərbaycanlılarının Qurultayı və “Xarıbülbül” festivalının keçirilməsi həm siyasi, həm iqtisadi, həm də fəlsəfi əhəmiyyəti özündə ehtiva edir.

Milli Məclisin deputatı Arzu Nağıyev bu əlamətdar tədbirlə bağlı fikirlərini bizimlə bölüşdü. Dedi ki, 55 ölkədən 400 nəfər nümayəndənin iştirak etdiyi Dünya Azərbaycanlılarının Qurultayının, ADA Universitetinin təşkilatçılığı ilə dünya beyin mərkəzlərinin baş tutan konfransının, Azərbaycan Parlamentinin komitə iclaslarının və nəhayət, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının məhz Şuşada keçirilməsi əslində dünyaya verilən bir mesajdır: “44 günlük müharibədəki qələbəmizdən sonra Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq “Xarıbülbül” festivalının yenidən bərpa olunması çox vacib bir addım idi. Dünyanın dört bir yanından musiqiçilərin, mədəniyyət nümayəndələrinin dəvət olunması, folklorumuzun nümayiş etdirilməsi, musiqimizin yenidən o torpaqlarda səsləndirilməsi nəinki Ermənistana, elə bütün dünyaya göndərilən bir mesaj oldu. Hər kəs şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı hesabına yenidən qovuşduğumuz bu şəhərin əsrarəngizliyindən,  gözəlliyindən xəbərdar oldu. Prezident İlham Əliyev festivalın açılışında bu tədbirin xüsusilə Şəhidlərimizin ruhuna həsr olunduğunu da qonaqların diqqətinə çatdırdı. Onlar əliyalın, ölümün üzünə dik baxaraq sıldırım qayalardan aşıb düşmən üzərinə gedərək bu şəhərin qurtulması üçün canından, sağlamlığından keçməyin nə olduğunu anladılar. Bir sözlə, bu torpaqların Azərbaycan üçün nə demək olduğu bir daha dünyaya sübut olundu, eyni zamanda düşmənə göz dağı verərək Şuşamızı göz bəbəyimiz kimi daim qoruyacağımızı da göstərmiş olduq”.

Milli Məclisin deputatı Elman Məmmədov dedi ki, bu cür tədbrilərin keçirilməsi nəticəsində dünya görür ki, Şuşa əsl sahiblərinə qayıtdıqdan sonra necə dəyişir, işğaldan azad edilmiş ərazilərimizə, şəhər və kəndlərimizə yeni nəfəs gəlir: “Ermənilər daim Qarabağ torpaqlarının onlara məxsus olduğunu dünyaya “sübut” etməyə çalışıblar, elə bu gün də bu mənasız fikirlərini səsləndirməkdə davam edirlər. O zaman mən sual verirəm. Yaxşı, əgər bu torpaqlar sizin idisə, bəs nə üçün bu 30 il ərzində orada bir abadlıq işləri görülməyib, daş-daş üstünə qoyulmayıb. Əgər doğrudan da Şuşa sizin idisə, niyə 33 il ərzində orada hansısa tarixi, mədəni, mənəvi “abidəniz” bərpa olunmayıb. Ancaq dağıtmaqla, viran qoymaqla məşğul olmusunuz. İl yarım ərzində mən dəfələrlə Şuşaya səfərlər etmişəm. Hər dəfəsində də Şuşamızın necə addım-addım bərpa olunduğunun, dirçəldiyinin, “həyata qayıtdığının” şahidi olmuşam. Bax, budur Vətənə, torpağa sahib olmaq, ona sevgi göstərmək, qayğısına qalmaq. Elə buna görə də bu cür beynəlxalq  tədbirlərin keçirilməsi  siyasi baxımdan, haqqın öz yerini tapması baxımından çox vacibdir. Bu yolla dünya ictimaiyyətinin nümayəndələri düşmənin vəhşi, vandal, yalançı, böhtançı xislətinin, bizim isə humanist mövqe ortaya qoyduğumuzun bir daha şahidi oldular. Hesab edirəm ki, Şuşamızla bərabər işğaldan azad olunmuş bütün ərazilərimizdə görülən hər bir iş düşmənə və onun havadarlarına dərsverici bir mesajdır”.

Deputat dedi ki, bu festivalın fəlsəfi tərəfi isə odur ki, 33 ildən sonra  Şuşada - Cıdır düzündə Heydər Əliyev Fondu tərəfindən təşkil olunan “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı Azərbaycan xalqının mənəvi, tarixi, mədəni irsinin dünyada tanıdılmasına və gələcək nəsillərə ötürülməsinə misilsiz töhfədir.

Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov dedi ki, bu festivalla həm də Azərbaycan öz tolerantlığını, multikulturalizmini nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrindən gələn musiqiçilər, ictimai xadimlərlə yanaşı, Vətən müharibəsində Azərbaycanın qələbəsində mühüm rol oynayan bütün etnik azlıqlar da öz folklor nümunələrini sərgilədilər: “Müxtəlif millətlərin, dinlərin nümayəndələrinin sülh, barış, həmrəylik formasında yaşaması, yəni birgə yaşayışın həyata keçirilməsi nəticəsində cəmiyyətlər və dövlətlər formalaşır və inkişaf edir. Müasir dünyamızda unudulan bu multikulturalizmi bu gün rəsmi Bakı bütün dünyaya xatırlatdı. Və elə bu mesajın işğaldan azad edilən Azərbaycan mədəniyyətinin paytaxtında dünyaya ötürülməsi heç də təsadüfi deyildi.

Onu da qeyd edim ki, müxtəlif dövlətlərin nümayəndələrinin iştirak etdiyi V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı Azərbaycanın aktivinə yazıldı. Azərbaycan Şuşada bu cür mühüm tədbir keçirməklə ölkəmizin gücünü və postmüharibə reallıqlarını bir daha bütün dünyaya nümayiş etdirdi. Bu da, təbii ki, dostlarımızı sevindirdi, düşmənlərimizi isə narahat etdi”.

 

Aliyə SƏMƏDOVA

 

ETİKETLƏR: