Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Formula 1 yarışları yenidən öz azarkeşlərinə möhtəşəm həyəcan yaşadacaq

Əcnəbilər Azərbaycanda hər il birbaşa və dolayısı yolla təqribən 1,5-2 milyard dollar pul xərcləyirlər. Bu da ölkə iqtisadiyyatına böyük valyuta axını deməkdir.

18.05.2022 12:50
206
A+
A-

Bakıda iyun ayının 10-dan Formula 1 yarışlarına start veriləcək. İyunun 12-dək davam edəcək bu yarışlara paytaxtımız necə hazırlaşıb?

Bu sualın cavabını Milli Məclisin deputatı Könül Nurullayeva ilə araşdırdım. O dedi ki, artıq bu sahədə ölkəmizin böyük təcrübəsi var. Beynəlxalq səviyyədə də etiraf olunduğu kimi, Azərbaycan Formula 1-in ən uğurlu ev sahiblərindən biridir.

Konkret hazırlıq məsələlərinə gəlincə deyim ki, təşkilatçıların qarşısında duran ilk və ən ciddi vəzifə istər tamaşaçıların, istərsə də iştirakçıların təhlükəsizliyinin təmin edilməsidir.

Bu məqsədlə “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin əməkdaşları və Bakı Marşal Klubunun üzvləri üçün təlimlər keçirilir. Təlimlərdə onlar fövqəladə hallarda, yəni yaranacaq təhlükəli vəziyyətlərdə çevik, qarşılıqlı fəaliyyət göstərmək vərdişlərinə yiyələnirlər. Məlumat üçün deyim ki, yarışlarda 1400 marşalın xidmətindən istifadə ediləcək.

- Könül xanım, yarışlara əsasən hansı ölkələrdən və nə qədər tamaşaçının gələcəyi gözlənilir? Təbii ki, hər bir xarici tamaşaçı həm də turist kimi Bakıdakı günlərini səmərəli keçirmək istəyəcək.

- Həm tamaşaçı, həm də turist kimi onlara hər cür şərait yaradılacaq. Yarış günləri üçün almaniyalı Hermann Tilke tərəfindən layihələndirilən şəhər trası unikallığı ilə seçilir. Belə ki, Monte Karlo və Sinqapur kimi, Azərbaycan Qran Prisi də şəhər trası statusuna malikdir. 2018-ci ildə 21 mərhələnin təhlili zamanı mütəxəssislər Bakı Qran Prisini mövsümün ən yaxşısı adlandırıblar. 2019-cu ildən sonra tribunalara yenidən qayıdan  azarkeşlər  builki yarışa xüsusi rəng qatacaqlar. Təşkilatçılar bu istiqamətdə bütün zəruri tədbirləri görür. Həyəcanlı mübarizə ilə yanaşı, azarkeşlər həftəsonu  Bakının  Dənizkənarı Milli Parkı boyunca uzanan əyləncə zonalarını da özləri üçün kəşf edəcəklər.  Nəhayət ki, azarkeşlərin gözlədiyi avtoqraf sessiyaları və Pit zolağı gəzintisi onlara F1 super ulduzlarını və komandalarını yaxından görmək imkanı yaradacaq. 2016-cı il Bakı debütündən bəri paytaxtımızın şəhər halqası dünya F1 azarkeşlərinin sevimlisinə çevrilib. F1 tarixində ən yaddaqalan və dramatik yarışlara ev sahibliyi etməklə dünyanın aparıcı F1 pilotlarını sınaq qarşısında qoyur.  Yarış bolidlərinin 366 km/saat sürətlə rekord həddə çatdığı, 2 km. uzunluğunda düz yolu və UNESCO-nun mədəni irs nümunəsi İçərişəhər Qala divarları qarşısından keçərək dar yolları aşan, dolama döngələri ilə tanınan Bakı Şəhər Halqası qısa müddət ərzində bugünkü F1 təqvimində ən çətin treklərdən biri kimi öz yerini təsdiqlədi. Bakı trekində heç bir pilot iki dəfə qalib gəlməyib, son beş yarışda beş fərqli qalib müəyyən olunub. Ötən illərdə yaşanmış gözlənilməz anlar, sərt rəqabət və saysız-hesabsız həyəcanlı hadisələr budəfəki yarışda da istisna olunmur. 

- Formula 1 Azərbaycana Avropa ölkələrindən gələn turist sayında artıma təsir göstərə biləcəkmi?

- Formula 1 yarım milyarda yaxın auditoriyası olan bir yarışdır. Azərbaycanda keçirilən birinci Formula Qran-Prisindən sonra ölkəyə kütləvi turist axını başlayıb. Yəni turistlərin sayı 24 faiz artıb. Ondan sonrakı il daha 22 faiz, sonra daha 5 faiz. Nəhayət, 2019-cu ilin on bir ayında isə 11 faiz artım qeydə alınıb. Ölkə Prezidenti İlham Əliyev 2020-ci ildə Ümumdünya Turizm Təşkilatının Baş katibi ilə onlayn görüşdə bildirmişdi ki, Azərbaycanda turizmin sürətli inkişafı çox cəhətdən Formula 1 yürüşlərinin keçirilməsi ilə bağlı idi.

Əcnəbilər Azərbaycanda hər il birbaşa və dolayısı yolla təqribən 1,5-2 milyard dollar pul xərcləyirlər. Bu da ölkə iqtisadiyyatına böyük valyuta axını deməkdir.

- Bəzən sosial şəbəkələrdə bu yarışlara qoyulan sərmayənin həddindən artıq və lazımsız olduğu qeyd edilir. Bu nə dərcədə doğrudur?

- Mən belələrinə “PricewaterhouseCoopers” (PwC) beynəlxalq audit şirkətinin apardığı müstəqil araşdırmanın nəticələrini misal gətirməklə cavab verəcəyəm. Araşdırmalarda qeyd olunur ki, 2016-2019-cu illər ərzində Bakıda keçirilmiş Formula 1 yarışları ölkə iqtisadiyyatına ümumilikdə 506.3 milyon dollar gəlir gətirib.

Ölkənin nüfuzunun artması və təbliğatı baxımından da Formula 1 önəmli idman yarışıdır. 2018-ci ildə baş tutmuş Azərbaycan Qran Prisini ümumilikdə 82.3 milyon televiziya tamaşaçısı izləyib. Bu göstərici 2019-cu ildə 10% artaraq 90.2 milyon nəfər təşkil edib.

- Daha çox hansı sahələr maliyyə baxımından Formula 1-dən faydalanır?

- Hotel və mehmanxana, restoran, nəqliyyat, sosial və mədəni xidmətlər, kənd təsərrüfatı, poçt və telekommunikasiya, topdan ticarət və elektrik, qaz, su və digər sektorlara Bakıda baş tutmuş dörd Qran Pri ərzində qeydə alınmış birbaşa gəlirlərin 73.8 milyon dolları məhz turizm, mehmanxana və nəqliyyat sektorlarının payına düşür.

Bu gəlirlər çox sayda müvəqqəti iş yerlərinin açılmasını stimullaşdırıb. Hesablamalara görə, 2016 və 2017-ci illər ərzində 5-10 min arasında qısa və ortamüddətli yeni iş yerləri açılıb. 2018 və 2019-cu illərdə isə bu göstərici 7.5 min iş yeri təşkil edib. Yəni bu yarışlar ilk növbədə paytaxtda yaşayan və işləyən hər bir kəsə yeni iqtisadi, sosial və mədəni qazanc imkanları yaradır.

 

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR:

Foto