Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Yeni vergi güzəştləri tətbiq olunacaq

Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, gəlir vergisindən azadolmalar və güzəştlərin siyahısı artırılır.

18.05.2022 13:27
1
A+
A-

Vergi güzəştləri vergi siyasətində hər zaman əsas prioritetlərdən biri kimi aktual olaraq qalmaqdadır və son illərdə vergi qanunvericliyinə edilən dəyişikliklərin böyük bir qismini də məhz güzəşt və azadolmalar təşkil edir. Çünki güzəşt və azadolmalar ilk növbədə iqtisadiyyatın vergi yükünün azaldılmasına və biznesin azad fəaliyyətinin genişlənməsinə və rəqabət potensiallarının artırılmasını motivasiya etməyə, sahibkarlara əlavə iqtisadi stimulların verilməsinə və nəticədə yeni vergi mənbələrinin tapılmasına, eləcə də vətəndaşların sosial vəziyyətinin yaxşılaşmasına xidmət edir. Bu baxımdan hökumət vergi güzəşt və azadolmalarının səmərəliliyini qiymətləndirərək bir sıra sahələrə yenidən vergi güzəştləri vermək niyyətindədir. Milli Məclisin ötən həftə keçirilən iclasında üçüncü oxunuşda müzakirə edilən Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdən biri məhz yeni güzəştləri nəzərdə tutur.

Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, gəlir vergisindən azadolmalar və güzəştlərin siyahısı artırılır. Layihəyə əsasən, fiziki şəxslərin kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə əldə etdikləri dividentlər və faiz gəlirləri 2023-cü il fevralın 1-dən etibarən 5 il müddətinə gəlir vergisindən azad ediləcək. Burada məqsəd ölkədə səhm və istiqraz bazarında vətəndaşların fəallığını artırmaq, onların səhm və istiqrazlara marağını motivasiya etməkdir. Son illərdə dövlət şirkətləri ilə yanaşı, banklar, səhmdar cəmiyyətlər, iri kommersiya şirkətləri, sığorta və biznes qurumları da istiqraz və səhmlər buraxır və illik gəlirliliyi təxminən 7-8 faiz təşkil edən istiqrazlardan dividend əldə edən vətəndaşlardan təxminən 10 faiz vergi tutulur. Bu isə vətəndaşların istiqrazlardan qazandığı gəlirlərin azalmasına səbəb olur. Ona görə də hökumət səhm və istiqrazlara marağı artırmaq üçün dividendlərdən gəlir vergisini 2023-cü ilin yanvarından ləğv etmək qərarına gəlib. Qeyd edək ki, fiziki şəxslərə ödənilən dividendlərlə bağlı vergi güzəştləri və azadolmalar Vergi Məcəlləsinin 102-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, hazırda yerli bankların və xarici bankların Azərbaycanda fəaliyyət göstərən filiallarına əmanət yerləşdirmiş vətəndaşların əmanətlərdən əldə etdiyi illik faiz gəlirləri gəlir vergisindən azad edilib. Güzəşt fiziki şəxslərin banklarda olan əmanətlərinə görə əldə etdiyi faizlərə verilir. Yəni faizlər ödəniləndə onlardan ödəmə mənbəyində 10 faiz vergi tutulmur. Həmçinin investisiya fondlarında qiymətli kağızları olan vətəndaşların illik əldə etdiyi dividendləri də eyni faizdə vergidən azaddır.

Ancaq indiyə qədər istiqraz və səhmlərdən vergi tutulurdu ki, Vergi Məcəlləsində dəyişiklikdən sonra həmin sahə də vergilərdən azad ediləcəkdir. Beləliklə, səhm və istiqraz sahibi olan minlərlə sadə vətəndaş dividend və faiz gəlirlərindən vergi ödəməyəcəkdir.

Məcəlləyə edilmiş digər dəyişiklik hüquqi şəxslərin faiz gəlirlərinə görə vahid vergitutma mexanizminin tətbiqi ilə bağlıdır. Burada söhbət hüquqi şəxslər tərəfindən ödənilən gəlir və mənfəət vergisinin vahid vergi əsasnda həyata keçirilməsindən gedir ki, bu da vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi yükünün aşağı salınması istiqamətində yürüdülən siyasətin tərkib hissəsi kimi dəyərləndirilə bilər. 

 

Elbrus CƏFƏROV

ETİKETLƏR: