Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Həmkarlar ittifaqları təhdid və işgəncədən uzaq, azad, könüllü şəkildə iş rejimi prinsiplərini müdafiə edir”

AHİK-in sədri, BHİK-in və PARŞ-ın vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev BƏT-in “Məcburi əməyin ləğv edilməsi haqqında” 105 saylı Konvensiyasının Azərbaycan tərəfindən icrasından və məcburi əməyə qarşı mübarizədə ölkəmizdə həmkarlar ittifaqlarının rolundan söz açıb.

25.05.2022 10:46
27
A+
A-

Mayın 19-20-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə “Beynəlxalq Əmək Təşkilatının (BƏT) 29 və 105 saylı konvensiyalarının tələblərinin həyata keçirilməsində həmkarlar ittifaqlarının rolu” mövzusunda hibrid formatda seminar keçirilib.

Seminarın açılışında çıxış edən BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Avropa bürosunun sektor müdiri Sergiyus Qlovaskas qlobal problem olan məcburi əmək, onun milyonlarla insanın hüquqlarını pozmasından və yoxsulluğa gətirib çıxarmasından danışıb. O bildirib ki, bu hal xüsusilə özəl sektorda daha geniş vüsət alıb. Sektor müdiri məcburi əməyin bütün formaları ilə mübarizənin üsul və vasitələri haqqında məlumat verib. S.Qlovaskas regionda davam edən müharibə və onun bütün dünya ölkələrinə ağır iqtisadi-humanitar təsirləri barəsində də danışıb. O həmçinin yaxın aylarda BƏT-in yeni rəhbərliyinin fəaliyyətə başlayacağını da deyib.

S.Qlovaskas BƏT tərəfindən Azərbaycana göndərilən sorğunun tez bir zamanda cavablandırılmasına görə təşəkkürünü bildirib. Bu ilin daha məhsuldar fəaliyyət ilə yadda qalacağına, sosial tərəfdaşların, həmkarlar ittifaqlarının rolunun və nüfuzunun artırılması ilə bağlı bir sıra tədbirlərin keçiriləcəyinə, iqlim dəyişiklikliyi ilə mübarizə  vasitələrinə diqqət çəkib. Hazırkı tədbirin - məcburi əməklə bağlı həmkarlar ittifaqı üzvlərinin maarifləndirilməsinin xüsusi önəmini qeyd edib.

AHİK-in sədri, BHİK-in və PARŞ-ın vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev BƏT-in “Məcburi əməyin ləğv edilməsi haqqında” 105 saylı Konvensiyasının Azərbaycan tərəfindən icrasından və məcburi əməyə qarşı mübarizədə ölkəmizdə həmkarlar ittifaqlarının rolundan söz açıb.

Deyib ki, Azərbaycan hökuməti və bütün maraqlı qurumlar BƏT-in 105 saylı Konvensiyasının tətbiqinə böyük diqqətlə yanaşır, Konvensiyada göstərilən öhdəliklər nəzərə alınmaqla, beynəlxalq standartlara uyğun milli əmək qanunvericiliyi formalaşdırılıb təkmilləşdirilir.

Azərbaycanda məcburi əmək halları və faktları həmkarlar ittifaqları fəaliyyət göstərən iş yerlərində baş vermir və ümumiyyətlə, bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına  ciddi məlumat, müraciət və şikayət daxil olmamışdır. Məlumat üçün deyim ki, əmək münasibətlərində işçilərin hüquqlarının qorunması Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, hökumətin və işəgötürənlərin  daimi nəzarətindədir. Bu istiqamətdə Beynəlxalq Əmək Təşkilatı ilə mütəmadi əməkdaşlığa daha çox üstünlük veririk.

Ulu Öndər Heydər Əliyev hələ 2000-ci il martın 24-də Azərbaycan Respublikasının BƏT-in “İcbari əməyin ləğv edilməsi haqqında” 105 saylı Konvensiyasına qoşulmasına dair Qanunu imzalamaqla ölkəmizdə məcburi və yaxud icbari əməyin kompleks yanaşma tələb edən və həll edilməsi vacib olan problem olduğunu uzaqgörənliklə başa düşürdü.

Ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədidir. Bu, Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsində rəsmi şəkildə təsbit olunmuşdur. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə reallaşdırılan uğurlu sosial-iqtisadi islahatlar proqramına beynəlxalq səviyyədə yüksək dəyər verilir. Azərbaycanın BƏT-in rəhbər orqanına üzv seçilməsi də bunun bir göstəricisidir. İndiyədək ölkəmiz BƏT-in 57 konvensiyasına qoşulub. Həmin sənədlərdən irəli gələn öhdəliklər də nəzərə alınmaqla, milli əmək qanunvericiliyimiz beynəlxalq standartlara və normalara uyğunlaşdırılır.

Azərbaycan həmkarlar ittifaqları həmişə BƏT-in konvensiyalarının müddəalarının əsas prinsip və hüquqlarına əməl olunmasına böyük diqqətlə yanaşır, əmək, sosial və iqtisadi sahədə qanunvericilik aktlarının qəbul edilməsində, qanunların təkmilləşdirilməsi zamanı ekspertizada rəy və təkliflərini bildirməklə fəal iştirak edir.

S.Möhbalıyev dedi, icbari əmək dünyanın bütün ölkələri üçün qlobal xarakter daşıyan bir problemdir. Adətən icbari əmək kənd təsərrüfatında, inşaatda, dağ-mədən sənayesində, qida məhsullarının hazırlanmasında və qablaşdırılmasında, əyləncə sahəsində və digər sahələrdə tətbiq olunur.

BƏT-in hesablamalarına görə, dünyada 21 milyona yaxın insan icbari əməyin qurbanıdır. Bunlardan 880 mini Avropa İttifaqının payına düşür ki, onların da 90%-i özəl sektor iqtisadiyyatında - şirkətlərdə istismara məruz qalanlardır. 68 faizi isə kənd təsərrüfatında, inşaatda çalışanlar və ev işlərinə zorla cəlb olunanlardır.

Mahiyyət etibarilə icbari əmək layiqli əməyin antitezisidir. Bu, əmək sahəsində bütün əsas standartların pozulmasıdır. İcbari əməyə cəlb olunan insanlar etnik mənşəyinə, cinsinə, cəmiyyətdəki səviyyəsinə, ayrı-seçkiliyə görə diskriminasiyaya uğrayanlardır. Diskriminasiya və ağır iqtisadi vəziyyət icbari əməkdən istifadəni şərtləndirən əsas amillərdir. Uşaqlar icbari əməyin qurbanlarının 50%-ni təşkil edir. İcbari uşaq əməyi də icbari əməyin ən pis formasıdır. Belə uşaqlara istismarın ən ağır forması tətbiq olunur və onların yaxın qohumlarla heç bir əlaqəsi olmur. Birləşmək azadlığı və təşkilatlanmaq hüququ, kollektiv müqavilələrin bağlanması onlar üçün yalnız arzu olaraq qalacaqdır.

Bizim icbari əməklə mübarizəmiz uzun müddətdir ki, davam edir. Müvafiq sənədlərdə də bu öz əksini tapmışdır. Həmkarlar ittifaqları təhdid və işgəncədən uzaq, azad, könüllü şəkildə iş rejimi prinsiplərini müdafiə edir.

AHİK sədri bildirdi: Respublikamızın qanunvericiliyi ilə icbari əməyə cəlb etmək (İnzibati Xətalar Məcəlləsinin 193-cü maddəsi) 1000 manatdan 2000 manatadək inzibati cərimə ilə, Cinayət Məcəlləsinin 144-2. maddəsinə əsasən isə (hədə-qorxu gəlməklə, zorakılıq və ya zorakılığın tətbiq edilməsi, həmçinin şəxsin azadlığının məhdudlaşdırılması hədəsi ilə), inzibati əməyə məcburetmə dörd ildən səkkiz ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

BƏT-in 105 saylı “İcbari əməyin ləğv edilməsi haqqında” Konvensiyasının tələblərinin yerinə yetirilməsi Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyət istiqamətlərində aparıcı yerlərdən birini tutur. Konvensiyanın 1-ci maddəsində əksini tapan siyasi, sosial və iqtisadi sistemə zidd olan siyasi baxışlara və ya ideoloji məsləklərin mövcudluğuna görə cəza tədbirlərinin verilməsini, iqtisadi inkişafın tələbatları üçün səfərbərlik və əmək qüvvəsindən istifadəni, əmək intizamını saxlamaq üsullarını, tətildə iştirak etməyə görə cəza verilməsini, irqi, dini, sosial və milli mənsubiyyət, cinsi əlamətinə görə ayrı-seçkilik hallarını alqışlamır, əksinə, onlara qarşı mübarizə aparırıq.

S.Möhbalıyev sözünə davam edərək dedi, hazırda dünyanı bürüyən iqtisadi böhran, COVID-19 pandemiyası, nəhayət, davam edən Rusiya-Ukrayna müharibəsi insanların həyat səviyyəsinə və rifah halına mənfi təsir göstərməkdədir. Belə şərait icbari əməyin əsas qaynaq mənbəyidir. İşsizlik, maddi çətinlik, hərbi münaqişələr əmək miqrasiyasının qeyri-leqal formasını daha da artırır. Gənc qadın və uşaqlar isə, adətən, bu formanın əsas qurbanına çevrilirlər.

AHİK icbari əməyin inkişafının qarşısını müəyyən qədər almaq məqsədilə ölkənin qanunvericilik orqanları ilə sıx əməkdaşlıq edir, əmək qanunvericiliyində dəyişiklik və əlavələr edilməsi üçün təkliflər verir.

Azərbaycan Respublikası Nazirlər Kabineti və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə bağlanmış Baş Kollektiv Sazişin 4.1.10-cu maddəsi ilə uşaq əməyinin, icbari əməyin və insan alverinin aradan qaldırılmasını təmin edən, əmək miqrasiyasını tənzimləyən dövlət sosial proqramlarının dəstəklənməsi, birgə monitorinqlərin təşkil edilməsi nəzərdə tutulmaqla tərəflərin öhdəliyinə daxil edilmişdir.

Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində tərəfimizdən icbari əməyin ləğvi ilə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir. BƏT-in və Beynəlxalq Miqrasiya Təşkilatının regional ofislərinin köməyi ilə sosial tərəfdaşlarla birgə konkret layihələr də həyata keçiririk. Məqsəd respublikada məcburi və icbari əməyə cəlb etməyə, o cümlədən insan alverinə qarşı mübarizədir. Həyata keçirilən tədbirlər ictimaiyyətin məlumatlandırılmasına, xaricə təhlükəsiz səfər məqsədilə işədüzəltmə, nikahagirmə, təhsil və s. barəsində informasiyaların verilməsinə, insan alveri qurbanlarına qarşı ictimaiyyətin tolerant münasibətinin formalaşmasına yardım edilməsinə, insan alverinə qarşı mübarizə aparan icra orqanları və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə yönəldilir.

Azərbaycanda “Cənubi Qafqazda insan alverinə qarşı cavab mexanizmlərinin hazırlanması” və “Rusiya Federasiyasında əmək miqrantlarının müdafiəsinin gücləndirilməsi və Cənubi Qafqaz ölkələrində miqrasiyanın inkişaf təsirlərinin artırılması” layihələri həyata keçirilib.

AHİK-in İcraiyyə Komitəsində “İnsan alveri və qeyri-formal miqrasiya sahəsində həmkarlar ittifaqı təşkilatlarının mövqeyi haqqında” və “İnsan alverinə qarşı mübarizə istiqamətində geniş tədbirlərin görülməsi üzrə layihənin icrası barədə” qərarlar qəbul olunub, tədbirlərin icrası nəzarət altındadır. “Əmək miqrantlarının sosial-iqtisadi problemlərinin həllində həmkarlar ittifaqı təşkilatlarının vəzifələri” AHİK Məclisinin müzakirəsinə çıxarılıb və müvafiq Fəaliyyət Proqramı qəbul edlilmişdir.

Səttar müəllim çıxışının sonunda bildirdi, biz sosial tərəfdaşlarımızla birgə icbari əmək riski barədə ictimaiyyəti kifayət qədər məlumatlandırsaq, qeyri-qanuni miqrantları alternativ yerli gəlir imkanları və bacarıqları ilə təmin etsək, işçiləri öz hüquqları və sərt qanunların həyata keçirilməsi ilə əlaqədar maarifləndirsək icbari əməyin ləğvinə nail ola bilərik.

Bunun üçün insanları işə cəlbetmə ilə məşğul olan agentliklərin, əmək müqaviləsi bağlayanların və işəgötürənlərin fəaliyyətinin monitorinqini aparmaq və tənzimləmək, icbari əmək qurbanlarının reabilitasiyası və normal axına girmələri üçün praktiki tədbirlər görmək və bütün işçilərin kollektiv danışıqlarda iştiraklarını təmin etmək lazımdır.

İşçiləri icbari əmək barədə maarifləndirmək məqsədilə həmkarlar ittifaqları tərəfindən sosial tərəfdaşlarla birlikdə Bakı şəhərində və regionlarda silsilə seminarların keçirilməsinə də ehtiyac vardır. Ümidvaram ki, keçirəcəyimiz bu seminar işçilərin daha məlumatlı olmasında və icbari əməyin aradan qaldırılması istiqamətində aparılan işlərdə müsbət addım olacaqdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov Azərbaycan Respublikası ilə BƏT arasında əməkdaşlıq, səmərəli fəaliyyət haqqında məlumat verib. O deyib ki, BƏT-in ekspertləri tərəfindən əməyin mühafizəsi mərkəzinin əsasnaməsinin hazırlanmasına dəstək verilmiş və qurumun təşkilatçılığı ilə qeyri-rəsmi məşğulluğun qarşısının alınması mövzusuna dair 2020-2021-ci illər ərzində virtual formatda silsilə tədbirlər keçirilib. Azərbaycan ilə BƏT arasında “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” uğurla icra olunub. Bu Proqram üzrə əməkdaşlıq müstəvisində əmək qanunvericiliyinin təkmilləşdirilməsi, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun yeni Məşğulluq Strategiyası layihəsinin hazırlanması, əmək müfəttişliyi və məşğulluq xidmətlərinin potensialının gücləndirilməsi, özünüməşğulluq proqramının icrası, gənclərin layiqli məşğulluq imkanlarının genişləndirilməsi və s. istiqamətlərdə birgə işlər aparılıb.

F.Heydərov ölkəmizdə konvensiyanın icrası ilə bağlı aparılan işləri də diqqətə çatdırıb.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov bildirib ki, təmsil etdiyi qurum bu konvensiya ilə əlaqədar olaraq AHİK ilə birlikdə Baş Kollektiv Sazişin müddəalarına əsasən müvafiq işləri həyata keçirir.

BƏT-in Azərbaycan üzrə milli koordinatoru Yaşar Həmzəyev deyib ki, məcburi əməyin ləğv edilməsi üçün iş yerlərində təməl prinsiplərin stimullaşdırılması BƏT-in strateji məqsədlərindən biridir. BƏT-in 29 və 105 saylı konvensiyaları bütün insanların əməyin növündən və fəaliyyət sahəsindən asılı olmayaraq, məcburi əməkdən azad olunmasını tələb edir. Bu iki konvensiya daha çox ölkədə ratifikasiya edilmiş beynəlxalq əmək normalarıdır. Lakin buna baxmayaraq, bəzi ölkələrdə bu sahədə müəyyən problemlər var.

BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Moskva bürosunun baş mütəxəssisi Qoça Aleksandriya bildirib ki, BƏT-in 29 saylı Konvensiyası məcburi əməyin bütün formalarında istifadəni qadağan edir. Üzv dövlətlər bunu cinayət əməli kimi qiymətləndirməlidir. Bu sənəd məcburi əməyin dərhal ləğvini tələb edən 105 saylı konvensiya ilə tamamlanır. Qlobal hesablamalara görə, dünyada 25 milyona yaxın insan təhdid və ya məcburiyyət altında işləməyə məcburdur. Təmsil etdiyim qurum bu konvensiyaların icrası ilə bağlı Azərbaycana hər cür köməkliyi göstərməyə hazırdır.

Daha sonra BƏT-in nümayəndəsi Melaniye Jeanroyun təqdimatı olub.    O, BƏT-in 105 saylı Konvensiyasının qəbul olunma tarixi, onun əsas prinsipləri haqqında məlumat verib. BƏT-in 105 saylı Konvensiyasının Azərbaycan tərəfindən icrası və gələcəkdə bununla bağlı əməkdaşlıq məsələlərindən də danışıb. Qeyd edib ki, məcburi əməkdən imtina üçün bir çox sahədə tədbirlərin görülməsi tələb olunur.

Seminarda digər çıxış edənlər məcburi əməyin qurbanı olan şəxslərin hüquqlarının müdafiəsindən, onlara dəyən zərərin mütləq ödənilməsindən, maarifləndirmə işinin təşkilindən, bu sahədə əmək müfəttişliyi xidmətlərinin işinin gücləndirilməsindən, həmçinin məcburi əməyin risklərini artıran əsas səbəblərin və amillərin aradan qaldırılması zərurətindən bəhs ediblər.

Qeyd edək ki, iki gün davam edən seminarda məcburi əməyə qarşı mübarizədə həmkarlar ittifaqlarının rolu, fəaliyyəti və hüquqi maarifləndirmə tədbirləri, BƏT-in 29 və 105 saylı konvensiyalarının Azərbaycanda implementasiyası haqqında məruzələr dinlənilib.

 

Azər MUSTAFAYEV

ETİKETLƏR:

Foto