Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Süni qiymət artımına “idxal  donu” geyindirmək...

Elə məhsulların qiyməti od tutub yanır ki, onlar ölkədə istehsal olunur

25.05.2022 12:31
357
A+
A-

Ölkədə gündəmi zəbt edən məsələlərdən biri də qlobal miqyas daşıyan bahalaşmadır. Bütün dünyanı cənginə alan qiymət artımı ətrafında kifayət qədər məqalələr yazılıb, mütəxəssislər və aidiyyəti qurumlar tərəfindən müxtəlif təkliflər səsləndirilib. Bunlara əsaslanaraq demək olar ki, hazırda qiymət artımının başlıca səbəblərindən biri ölkələrin idxaldan daha çox asılılığı və beynəlxalq valyuta sektorunda baş verən qeyri-sabitlikdir. Azərbaycanda isə inflyasiyanın illik statistikasına nəzər salsaq, məhsulların qiymətində bir o qədər də ciddi dəyişiklik olmadığını görərik. Bəzi iqtisadçı- ekspertlərin dediyinə görə, statistika illik inflyasiyanı real əks etdirmir. Səbəb isə müəyyən dairələrin yaranmış vəziyyəti fürsət bilib, sui-istifadə edərək ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinin şişirdilməsi hesabına daha çox qazanc götürməyə cəhd göstərməsidir. Bu kimi halların  qarşısının alınması istiqamətində  illərdir tədbirlər görülsə də, nəticə əldə etmək qəliz məsələyə çevrilib. Hətta ölkə Prezidenti İlham Əliyev əhalinin sosial rifahının yüksəldilməsinə dair çıxışlarında  hər zaman sözügedən problemə toxunaraq neqativ prosesdən vətəndaşları qorumaq, əhalinin sosial müdafiəsini gücləndirmək üçün süni qiymət artımına yol verən işbazların qanunların sərt üzü ilə qarşılaşacağını bildirir.

Bu iddialar doğrudurmu? Əgər doğrudursa, sadalanan neqativ halların aradan qaldırılması istiqamətində hansı işlər görülür və ya görülməlidir?

 İqtisad elmləri doktoru, professor, Əməkdar müəllim Zahid Məmmədovla söhbətimiz də bu narahatedici suallar ətrafında oldu. O da qiymət məsələsində vəziyyətin heç də qənaətbəxş olmadığını təsdiqlədi. Dedi ki, sosial məsuliyyəti düşünmədən sahibkarların  qiymət artımına yol verməsi qəbuledilməzdir. Əlbəttə, artıq buna “dur!” deməyin vaxtı gəlib. Məsələyə çox ciddi yanaşılmalıdır. Məsələn, quru sərhədlərin bağlanılmasından turizm sektoru istifadə etdi. İnsanların başqa ölkələrə getmək imkanının məhdudlaşdırıldığını görüb qiymətləri qaldırdılar. Üstəlik, Türkiyəyə biletlərin baha olması ilə ölkədə özəl sektora aid tibb müəssisələrindəki xidmət də bahalaşdırıldı. Çox təəssüf ki, hər bir hadisədən sahibkarların əksəriyyəti özlərinin şəxsi məqsədini qarşılamaq məqsədi güdür. Biz isə hər dəfə “dünyada da belədir” deyə ifadə işlədirik və bu ifadə bizi daha sərt tədbirlər görməkdən geri salır.

 İlk növbədə milli təhlükəsizlik çərçivəsində Azərbaycanın özünün iqtisadi təhlükəsizlik konsepsiyası, maliyyə, enerji, xüsusilə də ərzaq  təhlükəsizliyi qaydası olmalıdır və onun yerinə yetirilməsi üçün aidiyyəti orqanlar tədbir görməlidir. Sözdə qiymət artımına qarşı mübarizə aparılmamalıdır, əməli işlər görülməlidir.  Çünki qiymətlər çox bahalaşıb və büdcəyə gələn gəlir və qiymətlər arasında ciddi uçurum, ziddiyyət var.Təbii ki, bu da əhalinin sosial vəziyyətinə təsir göstərir.

İkinci növbədə bu fəaliyyətlə məşğul olan bütün sahibkarların siyahısı hazırlanmalıdır. Öncəliklə bilinməlidir ki, bu sektora təzyiq edən kimlərdir, nələrdir? Daha sonra bazar payı müəyyənləşdirilməlidir. Öyrənilməlidir ki, idxaldan asılılıq payı nə qədərdir? Və bu idxalı ölkə daxilində əvəzləyəcək məhsullar varmı...

Zahid müəllim kənd təsərrüfatı məhsullarındakı süni qiymət artımının anlaşılmaz olduğunu vurğuladı. Dedi ki, elə məhsulların qiyməti od tutub yanır ki, onlar ölkədə istehsal olunur. Məsələn, tərəvəz, yerli meyvələr və s. Məsələyə sistemli şəkildə  yanaşmaq lazımdır. Ərzaq təhlükəsizliyi kontekstində vaxtilə verilmiş torpaqlarda kəndli məhsul istehsal etməlidir. Onu saxlayıb nəvəmə verəcəm düşüncəsindən qurtulmaq lazımdır. Torpaqda istehsal olmalıdır. “Tələb təklifi doğurur” deyən ifadə işlənir. Amma bu, keçərli deyil. Gündəlik ehtiyacımız olan kənd təsərrüfatı məhsullarına bazarda tələbat var və bu, yerli istehsal hesabına ödənilməlidir. Bu zaman məhsul bolluğu süni qiymət artımını da önləyər.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən isə bildirdilər ki, bu qurum ölkənin istehlak bazarında qiymət manipulyasiyalarına yol verilməməsi üçün qanunamüvafiq tədbirlər həyata keçirir. Ərzaq məhsulları bazarında mütəmadi olaraq monitorinq aparılır. Əsasən un və çörək məhsullarının, ərzaq, meyvə-tərəvəz və tikinti mallarının qiymətlərinə gündəlik nəzarət edilir.  Bundan əlavə, həftədə iki dəfə ət bazarlarında mal və qoyun ətinin qiymətlərinin müəyyənləşdirilməsi, digər qida məhsullarının qiymətində olan dəyişikliklərin antiinhisar qanunvericiliyinin tələblərinə uyğun olmasının yoxlanılması məqsədilə araşdırmalar aparılır.

Bu, bütün ölkəni əhatə edir. Və yoxlamalar zamanı artıq duz, qarabaşaq və uzun düyü bazarında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Digər məhsullar üzrə təsərrüfat subyektləri tərəfindən təqdim edilən sənəd və məlumatların təhlili üzrə müvafiq araşdırmalar davam edir.

O da bildirildi ki, bazarda əsassız qiymət artımının qarşısının alınması ilə bağlı antiinhisar qanunverciliyinin tələbləri daxilində ən sərt tədbirlər görülür. Həm icrası məcburi göstərişlər verilir, həm də maliyyə sanksiyaları tətbiq edilir.

Lakin burada istehlakçılar da bizə dəstək olmalıdırlar. İstehlak bazarında qiymət manipulyasiyası halları ilə rastlaşdıqda 195-1 Çağrı Mərkəzinə, elektron poçt (office@competition.gov.az) və rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) vasitəsilə Dövlət Xidmətinə müraciət etsinlər.

 

Əsli TELMANQIZI

ETİKETLƏR:

Foto