Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Azərbaycanın İpək Yolunda mövqeyinin artması yol vergisinin azaldılmasını labüdləşdirib

Hazırda işğaldan azad edilmiş ərazilərin beynəlxalq tranzit qovşaqlarına inteqrasiya edilməsi, Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın qlobal nəqliyyat kriteriyasının tərkib hissəsi kimi strateji yerini artırır.

25.05.2022 12:33
7
A+
A-

Azərbaycanın Yeni İpək Yolunun əsas magistral dəhlizlərindən birinə çevrilməsi, Rusiya-Ukrayna müharibəsi səbəbindən beynəlxalq yükdaşımalarının böyük bir hissəsinin Azərbaycan ərazisindən həyata keçirilməsi ölkəmizin tranzit mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaqdadır. Xüsusilə də Qərbin sanksiyaları səbəbindən Rusiyanın beynəlxalq marşrutlarda rolunun azalması sayəsində yükdaşıma şirkətləri Asiyadan Avropaya daşımalarda ən çox Azərbaycan ərazisindən istifadəyə üstünlük verməkdədir.

Bu səbəbdən yük daşınmasının həcmi 2022-ci ilin mart-aprel son aylarında daha çox artmağa başlayıb. Yükdaşımalarının 58-60%-i avtomobil nəqliyyatı vasitəsilə həyata keçirilib.

Göründyü kimi, ölkəmiz qlobal nəqliyyat dəhlizinin əsas hissəsindən birinə çevrilməkdədir. Beynəlxalq daşıyıcı şirkətlər isə Azərbaycanda tətbiq edilən yol vergisinin dərəcələrinin yüksək olmasını, vergilərin aşağı salınmasını təklif edirlər. Qeyd edək ki, Azərbaycanda daşınmalarla bağlı vergi dərəcələri mövcud milli və beynəlxalq qanunvericiliklə - Vergi Məcəlləsi, “Dövlət rüsumu haqqında” qanun, “Təhlükəli yüklərin quru yollar ilə beynəlxalq daşımaları haqqında” Avropa Sazişinə uyğun olaraq tənzimlənir. Vergi Məcəlləsinin 210-cu və 211-ci maddələrinə əsasən, Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri üçün yol vergisinin tutulması mexanizmləri və dərəcələri müəyyən edilib.

Mövcud tariflərlə qane olmayan yükdaşıma və logistika şirkətlərinin rəhbərləri vergi və gömrük ödənişlərinin aşağı salınması təklifi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə müraciət ediblər. Onlar yüklərin tranziti zamanı yol vergisinin dərəcələrinin azaldılması, bəzi bəndlər üzrə verginin ləğvini istəyirlər. Vəziyyəti tədqiq edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi sahibkarların müraciətlərini müsbət dəyərləndirib. Nazirlik Azərbaycanda yükdaşımalarının maneəsiz həyata keçirilməsini təşviq etmək üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsini məqsəduyğun hesab edir, bu məqsədlə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə vergi dərəcələrinin monitorinqinin aparılması tapşırılıb. Xidmət sahibkarların təkliflərini nəzərə alaraq müvafiq orqanlarla birgə beynəlxalq avtomobil daşımalarının rentabelliliyini və dayanıqlılığını təmin etmək üçün yol vergisinin ləğvi və yaxud azaldılmasını irəli sürüb. Xidmətdən bildirilib ki, yük daşıyıcıları olan şirkətlərin sahibləri hazırda Vergilər Məcəlləsinə uyğun olaraq həm yol vergisi, həm də eyni rüsumları ödəyir. Bu isə şirkətlər üçün əlavə yük və xərc yaradır. Ona görə də qanunvericlikdə bu uyğunsuzluğun aradan qaldırılması və həmin verginin ləğvi üçün müvafiq qanun layihəsi hazırlanıb. Layihəyə əsasən, bu istiqamətdə bəzi vergi növlərinin bir neçə dəfə azaldılması, bəzilərinin isə tamamilə ləğvi planlaşdırılır.

Vergi dərəcələrinin azaldılması ilə yanaşı, gömrük prosedurlarının sadələşdirilməsi, elektron gömrüyünün daha da təkmilləşdirilməsi və tranzitin sadələşdirilməsi də nəzərdə tutulur. Azərbaycan bununla bağlı Gürcüstan və Qazaxıstanla asan ticarət sazişi imzalayıb. 2023-cü ilə qədər bu cür sazişlərin digər ölkələrlə də imzalanması nəzərdə tutulur.

Hazırda işğaldan azad edilmiş ərazilərin beynəlxalq tranzit qovşaqlarına inteqrasiya edilməsi, Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın qlobal nəqliyyat kriteriyasının tərkib hissəsi kimi strateji yerini artırır.

Beləliklə, vergi dərəcəsinin ləğvi və gömrük prosedurlarının asanlaşdırılması yük daşınmalarında xərclərin aşağı düşməsinə və Azərbaycana xaricdən gətirilən ərzaq və digər malların xərc dəyərinin azalmasına səbəb ola bilər. Nəticədə isə ölkəmizə idxal olunan malların qiymətlərində ucuşlaşma baş verməsi labüddür.

 

Elbrus CƏFƏROV

ETİKETLƏR: