Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Bəşəriyyətin gələcəyi uşaqların müdafiəsindən asılıdır

Azərbaycanda bütün dövrlərdə uşaqların müdafiəsi, onların davamlı olaraq böyüklərin diqqəti ilə əhatə olunması istər dövlətin, istərsə də cəmiyyətin qarşısında dayanan mühüm vəzifələrdən biri olmuşdur.

01.06.2022 22:45
51
A+
A-

“1 İyun - Uşaqların Müdafiəsi Günü 1950-ci ildən beynəlxalq miqyasda qeyd olunur. 72 ildir dünyanın diqqəti uşaqların hüquqlarının qorunması məsələsinə cəlb olunub. Təəssüf ki, hələ də çox vaxt bu diqqət tələbi diqqətlərdən kənarda qalır”.

Bu sözləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova dedi. Hicran xanım bildirdi ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2017-ci ildə aparılan bir araşdırmaya görə, dünya miqyasında uşaqların 23% -i fiziki istismara, ümumilikdə 26% -i cinsi istismara, 36% -i mənəvi istismara məruz qalır. Onların 16% -i baxımsızdır. Yaponiyada onlar əsas təhlükəni ənənəvi təhsil üsullarının məhv edilməsində və Qərb vərdişlərinin və davranışlarının artan nüfuzunda görürlər. Bəzi ölkələrdə uşaqların sağlamlığı pisləşir. Bütün bunlar müasir dünyada pis ekoloji şərait, eləcə də düzgün qidalanmamaq, çoxlu streslə bağlıdır. Son on ildə müxtəlif psixi pozğunluqlardan əziyyət çəkən uşaqların sayı xeyli artmışdır. Uşaq və yeniyetmələr arasında aqressivlik, vandalizm, intihar hallarına daha çox rast gəlinir. Afrika və Asiyada uşaqları aclıq, QİÇS, hərbi münaqişələr və savadsızlıq təhlükəsi gözləyir. Orada həkim və dərman çatışmazlığından uşaqlar ölür. Təəccüblü deyil ki, belə ölkələrdə uşaq ölümünün səviyyəsi dəfələrlə çoxdur. Bundan başqa, onlar təhsil müəssisələrinin olmaması səbəbindən lazımi təhsil almırlar. Bəzi ölkələrdə uşaqlar ucuz işçi qüvvəsi kimi  istifadə olunur, onların əməyi istismar edilir  və hətta köləliyə satılır. Bəzi ölkələrdə isə qız uşaqları çox erkən yaşlarda nikaha  girməyə məcbur edilir. Dünyada uşaq məşğulluğunun regional bölgüsü üzrə 1-ci yeri Afrika, 2-ci yeri Asiya və Sakit Okean, 3-cü yeri Amerika, 4-cü yeri Avropa və Orta Asiya, 5-ci yeri Ərəb ölkələri tutur.

 Millət vəkili bildirdi ki, Azərbaycanda bütün dövrlərdə uşaqların müdafiəsi, onların davamlı olaraq böyüklərin diqqəti ilə əhatə olunması istər dövlətin, istərsə də cəmiyyətin qarşısında dayanan mühüm vəzifələrdən biri olmuşdur. Ölkəmizdə həmişə uşaqlara məhəbbətlə yanaşılıb, onların sağlam, savadlı, vətənpərvər böyümələri, firavan yaşamaları üçün hər bir şərait yaratmağa çalışılır. Azərbaycan hələ 1992-ci ildə Uşaq Hüquqları Haqqında Konvensiyaya qoşulub. Ölkəmizdə 1999-cu ildə “Azərbaycan Respublikasının uşaq hüquqları haqqında” qanun qəbul edilib. Ulu Öndər Heydər Əliyevin  təşəbbüsü ilə “Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında”, “Uşaqların kənd təsərrüfatında işə buraxılmasının minimum yaşı haqqında”, “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” və digər Konvensiya parlamentdə ratifikasiya olunmuşdur.

Qeyd etmək lazımdır ki, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi təkcə müvafiq qanunvericilik aktlarının qəbul edilməsi ilə yekunlaşmayıb, konkret tədbirlərin həyata keçirilməsi yolu ilə reallaşmaqdadır. Dövlət başçısı dəfələrlə öz çıxışlarında qeyd edib: “Eə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar”. Bu istiqamətdə həyat keçirilən dövlət siyasəti öz müsbət nəticələrini verir. Hazırda elm, təhsil, texnologiya, mədəniyyət, incəsənət, idman və digər sahələrdə uğur qazanan istedadlı balalarımız bu siyasətin ən bariz nümunələridir. Elə bu günlərdə ilk dəfə ölkəmizdə keçirilən “Teknofest Azərbaycan” festivalında maraqlı və kreativ layihələr təqdim edən şagirdləri misal çəkə bilərik.

Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artırılmasına səbəb olmuşdur. Mehriban xanım Əliyeva uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirir. Vacib layihələr çərçivəsində körpələr evləri, bağçalar və internat məktəbləri əsaslı təmir olunur, yeniləri inşa edilir. Fond ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud və fərqli sindromlu uşaqların cəmiyyətə inteqrasiya etməsi üçün mühüm işlər görür. Uşaq evləri və internat yetirmələrinin sosial-psixoloji reabilitasiyasına imkan yaradacaq resurs mərkəzinin yaradılması, “Kor və zəif görən uşaqlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi”, “Təhsilə dəstək” və “İnklüziv təhsil” proqramlarının həyata keçirilməsi Fondun xidmətləri sırasında xüsusi vurğulanmalıdır. “Diabetli uşaqlara ən yüksək qayğı” və “Talassemiyasız həyat naminə” layihələri cəmiyyətin diqqətinin uşaqların sağlamlığına yönəldilməsi baxımından müstəsna əhəmiyyət daşıyır.

H.Hüseynova müsahibəsinin sonunda bütün balalarımızın, övladlarımızın bayramını təbrik etdi. Arzu etdi ki, onlar bir daha müharibə qoxusunu hiss etməsinlər və hər zaman başları üzərində aydın səma olsun.

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR: