Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Nağdsız qaydada mənzil aldıqda ƏDV alıcıya geri qaytarılacaq

Yeni dəyişikliklər hansı qaydaları nəzərdə tutur və əmlakın satışı zamanı ƏDV-nin qaytarılması necə həyata keçiriləcək?

01.06.2022 23:10
92
A+
A-

Məlum olduğu kimi, Prezident İlham Əliyevin ötən həftə imzaladığı “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın təsdiq edilməsi haqqında müvafiq fərmanına əsasən, daşınmaz əmlakın alqı-satqısı ilə bağlı yeni meyarlar müəyyənləşibdir. Dövlət başçısının sözügedən fərmanı ilə Vergi Məcəlləsində dəyişikliklər nəzərə alınmaqla fiziki şəxslər üçün nağdsız qaydada alınmış yaşayış və ya qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin yeni qaytarılma mexanizmi hüquqi qüvvəyə minib.

Yeni dəyişikliklər hansı qaydaları nəzərdə tutur və əmlakın satışı zamanı ƏDV-nin qaytarılması necə həyata keçiriləcək?

Yeni qaydalara əsasən, nağdsız qaydada alqı-satqı prosesi Vergi Məcəlləsinə (VM) (165.6-cı maddə) uyğun tənzimlənəcək. VM-ə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada mənzil və yaxud qeyri-yaşayış sahəsi alan vətəndaşlar ödədikləri məbləğdən hesablanmış ƏDV-nin bir hissəsini geri alacaqlar. Bunun üçün vətəndaşla bina tikintisi ilə məşğul olan şirkətin, mənzil-tikinti kooperativinin rəsmi nümayəndəsi arasında notarial qaydada müqavilə və digər zəruri sənədlər olmalıdır.

Alqı-satıq zamanı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini rəsmiləşdirmək üçün həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini əks etdirən (ƏDV daxil olmaqla) elektron qaimə-faktura tələb olunur. Həmin sənədi isə vergi orqanı verir. Belə ki, satıcı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalına daxil olaraq elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edilən və vahid elektron məlumat bazasına ötürülüb həmin kağızı çap edərək alıcıya təqdim edəcək. Alıcı həmçinin tikinti kooperativivni tikintiyə icazə sənədi, binanın istismarına icazə sənədinin rekvizitləri, binanın təqdim edilmiş tərkib hissəsinin növü (yaşayış və qeyri-yaşayış sahəsi), yaşayış və qeyri-yaşayış sahələrinin yerləşdiyi mərtəbə və mənzilin nömrəsi və sahəsi, məbləği, vergi tutulan əməliyyatlardan hesablanmış ƏDV dəyəri və sair məlumatları özündə əks etdirən aktı imzalayacaq. Beləliklə, bütün bu sənədlər əsasında yekun rəsmiləşdirmə aparılacaq və əmlakın dəyərinə uyğun ƏDV məbləği müəyyənləşəcək.

ƏDV-nin alıcıya geri qaytarılması onun bank hesabına köçürmə yolu ilə həyata keçiriləcək. Qaytarılan məbləğin dəyəri ödənilmiş ƏDV-nin 30 faizini təşkil edəcəkdir. Məsələn, şirkətdən alınmış mənzilin dəyəri 100 min manat təşkil etdiyi halda, Vergi Xidmətinin müvafiq təqdimatı əsasında həmin məbləğin 18 faiz dəyərində olan ƏDV-sinin 30 faiz, yəni 18 min manatın 30 faizini (5400 manat) vətəndaşa geri qaytarılacaq. Bu, faktiki olaraq mənzilin dəyərinin vətəndaşa ən azı 5 faiz ucuz başa gəlməsinə səbəb olacaqdır. Əgər vətəndaş daşınmaz əmlakın alqı-satqısı zamanı ümumi məbləği hissə-hissə, yəni 4-5 il ərzində ödəyərsə, onda ƏDV-nin geri qaytarılması əmlakın tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürüləcək. Yəni bu halda vətəndaş ƏDV-ni almaq üçün 4-5 il gözləməli olacaq.

Qaydalara əsasən, alıcı eyni binadan bir və ya bir neçə əmlak aldıqda ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kv. metrdən və qeyri-yaşayış sahəsinin 500 kv. metrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq ediləcək. Belə ki, vətəndaşın eyni binadan sahəsi 500 kv.metrdən artıq olan bir neçə yaşayış və ya qeyri-yaşayış sahəsi aldığı zaman əmlak sahələrinin bir kv. metrinin satış qiyməti fərqli olduqda, ƏDV-nin qaytarılması məqsədilə 500 kv. metr hissə müəyyən edilərkən bir kv. metrinin satış qiyməti daha yüksək olan əmlak sahəsi əsas götürüləcək. Məsələn, vətəndaş eyni binadan fərqli qiymətə 3 mənzil alır, qiymətlər isə fərqlidir, bir mənzil üzrə ƏDV məbləği 15 min, digəri üzrə 20 min, sonuncu üzrə 25 min manat təşkil edir. Bu zaman ƏDV ödənilməsi 25 min manatlıq məbləğə uyğun hesablanıb qaytarılacaq. 

Alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşa ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödəniləcək. Xidmət haqqı təxminən 20-30 manat nisbətində nəzərdə tutulur. Əgər mənzili alan vətəndaş bir müddətdən sonra onu başqa birisinə satmaq istəsə bu, alqı-satqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya digər səbəblərlə əlaqədar alıcının dəyişməsi kimi aktlaşdırılır və yeni alıcı tərəfindən əvvəlki alıcının ödədiyi məbləğ nəzərə alınmaqla qalıq məbləğin ödənilməsi davam etdirildiyi halda elektron qaimə-fakturalarda yeni alıcının adının qeyd edilməsi aparılır.

Qeyd edək ki, alqı-satqı zamanı vergi orqanının tələb etdiyi prosedurlar və e-qaimə təqdim edildiyi zamanı bu qaydalar etibarlıdır, əks halda ƏDV geri ödənilməyəcək. Burada bir məqam da var, satıcı mütləq  ƏDV ödəyicisi olmalıdır, çünki bəzi hallarda paytaxtın ucqar ərazilərində, Abşeron rayonunda, Xırdalan və Məhəmmədidə, eləcə də şəhər tipli rayonlarda 4,5,6 mərtəbəli apartmant tipli yaşayış binaları inşa edən şəxslər birgə müəssisə yaradaraq vergi orqanında ƏDV ödəyicisi kimi deyil, fiziki şəxs kimi qeydiyyatdan keçir. Belə olan halda vətəndaşların onlardan bina və ya qeyri-yaşayış sahəsi alması zamanı yuxarıda qeyd edilən hüquqi prosedurlar tətbiq edilə bilməyəcək. Ona görə də ƏDV-nin qaytarılmasını istəyən hər bir vətəndaş mənzil alarkən buna diqqət etməlidir.

Beləliklə, Dövlət Vergi Xidməti və müvəkkil banklar yaxın günlərdə əmlakın satışına dair proseslərin tamamilə elektronlaşması və məmur-vətəndaş ünsiyyətinin aradan qaldırılmasını təmin edən elektron informasiya sistemlərinə inteqrasiyasını istifadəyə verəcək. Nəticədə bu proses şəffaflıq şəraitində aparılmaqla həm vətəndaşlar üçün əlçatanlığın və səmərəliliyin təmin edilməsinə səbəb olacaq, həm də dövlət büdcəsində nağdsız ödənişlər vasitəsilə daxilolmaların həcminin daha da artmasına imkan verəcəkdir.  

 

Elbrus CƏFƏROV

ETİKETLƏR: