Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Sertifikasiya  o zaman istənilən nəticəni verəcək ki, şəffaflıq və obyektivlik qorunub saxlanılsın”

Beynəlxalq təhsil arenasında ibtidai təhsil əsas strateji təhsil səviyyəsi hesab olunur. Burada dərs deyən müəllimlər kifayət qədər peşəkar olmalıdır.

01.06.2022 23:20
133
A+
A-

Gələn aydan dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin mərhələli şəkildə sertifikatlaşdırılması prosesinə başlanılır. Bu xəbər təhsil ictimaiyyəti arasında birmənalı qarşılanmadı, hətta deyərdim ki, rezonans doğurdu. Bir qisim müəllim işə qəbul zamanı MİQ imtahanı keçirildiyini əsas gətirərək təkrar sertifikasiyanın aparılmasını lazımsız sayır.

Bəzi mütəxəssislər isə hesab edir ki, sertifikasiya xəbəri gənc və yaşlı müəllimləri qarşı-qarşıya gətirdi. MİQ imtahanından keçib, lakin məktəblərdə yer olmadığı üçün növbə gözləyən gənclər sertifikatlaşdırılmanın nəticəsində onların işə qəbulunun mümkün olacağını  gözləyirlər.

Yaşlı müəllimləri isə imtahandan keçib-keçməmək bir o qədər də maraqlandırmır. Onlar daha çox, necə deyərlər, öz vəzifə borclarını  yerinə yetirib artıq təqaüd dövründə həyatlarını necə quracaqları haqqında düşünürlər. Sadəcə, onları incidən sertifikasiyanın psixoloji tərəfidir.

Bu yanaşmaları, yəni həm gənclərin gözləntilərini, həm də yaşlı nəslin incikliklərini kənara qoysaq, sertifikasiyanın tətbiqinin təhsilimizin gələcəyinə təsirini araşdırsaq, nə görərik? Başqa sözlə, bu yenilikdən təhsilimiz qazanacaq, yoxsa itirəcək?

Bu suallarımıza Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Anar İsgəndərov və təhsil üzrə mütəxəssis Elçin Əfəndi ilə apardığımız söhbətdə cavab axtardıq. Anar müəllim yaşlı nəslin narahatçılığında heç bir səbəb görmədiyini bildirdi: “Əgər özümə nümunəvi, savadlı və təcrübəli müəllim deyirəmsə, sahəmlə bağlı hər hansı imtahandan niyə qorxub çəkinməliyəm ki...İşin öhdəsindən gələ bilməyənlər hər şeyi bəhanə edir. Bu, yazılmamış bir qanundur. Sertifikatlaşdırılma təhsildə yenilikdir. Dahi Vinston Çörçill deyirdi ki, seçki də demokratiyanın əsas forması deyil, amma hələlik biz ona möhtacıq. Yəni meydan gəncliyə verilməlidir. Eyni zamanda təcrübəli müəllimlərdən imtina olunmamalıdır.  Savadın, təcrübən var, çox yaxşı, imtahandan keç, nümunə ol!”.

Millət vəkili  dedi ki, mən ixtisasca müəlliməm. Orta məktəbdə də dərs keçmişəm.  40 ildən çoxdur ki, ali məktəbdə işləyirəm: “Birmənalı olaraq deyə bilərəm ki, 40 yaşında müəllimlə daha yaşlı müəllimin keçdiyi  dərsin keyfiyyəti  arasında fərq yerlə-göy qədərdir. Bu da səhhətlə bağlıdır. İnsan yaşlandıqca çevikliyi, sağlamlığı, həvəsi zəifləyir. Bir çox ölkələrdə təhsildən danışdığımız üçün deyim ki, müəllimlər bu zəifliyini hiss edib könüllü işdən uzaqlaşırlar. Elə qonşu Gürcüstan da bu dediklərimə bariz nümunədir. Orada müəllim dərsin öhtəsindən gələ bilməyəndə işləmir, özü imtina edir.

Təhsil üzrə mütəxəssis Elçin Əfəndi isə bildirdi ki, sertifikasiyanın mahiyyətini başa düşmədikləri üçün bəzi insanlarda çaşqınlıq yaranıb.

Beynəlxalq təhsil arenasında ibtidai təhsil əsas strateji təhsil səviyyəsi hesab olunur. Burada dərs deyən müəllimlər kifayət qədər peşəkar olmalıdır. Sertifikasiyanın ibtidai təhsil səviyyəsindən başlanmasının  səbəblərindən  biri budur. Digər səbəb isə, ibtidai sinif müəllimlərinin kontingentinin  daha böyük olmasıdır. Ümumtəhsil məktəblərində pedaqoji təcrübəsi olmayan və ya çox zəif olan yüzlərlə şəxs var. Bunlar bir növ Azərbaycanın gələcəyini məhv edirlər. El dili ilə desək, savadı,  pedaqoji təcrübəsi olmayan müəllimlər  bu proses zamanı ələnəcək. İkinci şans vermək şərtilə belə müəllimlər təhsil sistemindən uzaqlaşdırılacaq.

-Bu zaman bu prosesin nəticəsi ölkədə ən azından işsizliyin artmasına səbəb olmayacaqmı? Ən azından deyirəm, çünki işsizliyin sonrakı mərhələlərinin  cəmiyyətə nə qədər zərərli olacağını hər birimiz bilirik.

- Respublikamızın gələcəyini, inkişafını düşünürüksə, kimlərsə işsiz qalacaq prinsipini əsas tutmamalıyıq. Çünki sahəsindən bixəbər olan belə müəllimlər nəticəsində zatən Azərbaycan övladlarının cəmiyyətə yararlı yetişməsi  mümkünsüzdür. Onlar nəinki şagirdlərin həyatında rol oynamır, hətta bəzi hallarda xoşagəlməz örnək olurlar. Yəni belə halda humanizmlik göstərmək gərəksizdir.

İkinci bir tərəfdən, bilirik ki, dünyanın müasir çağırışları ilə ayaqlaşmalı, davamlı inkişaf etməliyik. Hansı universiteti necə bitirməsindən asılı olmayaraq, bizim üçün ən önəmli odur ki, müasir təlim strukturlarını bilən, kurikulum təhsil sisteminə, müasir qaydalara bələd olan, informasiya texnologiyaları ilə işləməyi bacaran şəxslərlə təhsili inkişaf etdirmək mümkündür. Sertifikasiyanın keçirilməsində başlıca mahiyyət, bax, budur.

Biz indi tələb edirik ki, birinci sinif şagirdi əzbərçiliyi kənara qoysun. Ona verdiyimiz hər hansı kağız parçasından bizə robort düzəltsin. Demək istədiyim odur ki, biz onun bacarığını görmək istəyirik, daha əvvəlki illər kimi əzbərçilik etməsini deyil. İndi şagird mövzunun izahını verməli, mahiyyətini açmalıdır. Bunu isə kurikulum sistemində dərs keçən müəllimlər bacarır. Bu gün adi 50-55 yaşında müəllimə desən ki, “power point” programı ilə bir slayd show hazırla. Əksəriyyət deyəcək ki, slayd show nədir? Bu, artıq  dövrlərin ayaqlaşmaması deməkdir.

-Müəllimlər bundan əvvəl həyata keçirilən diaqnostik qiymətləndirilmənin nəticələrinin əksər təhsil müəssisələrində nəzərə alınmadığını söyləyir. Yəni az bal toplayanlar yenə yüksək dərs saatları ilə təmin olunublar. Sertifkasiyada bu halın qarşısı alına biləcəkmi?

- Bu haqda məndə də narahatlıq var. Sertifikasiya o zaman istənilən nəticəni verəcək ki, şəffaflıq və obyektivlik qorunub saxlanılsın. Bizim də çalışdığımız budur ki, vaxtilə müəyyən yollarla müəllim, direktor və ya direktor müavini  adını almış şəxslər yenidən hansısa saxta yollar tapa bilməsinlər. Bunlar təkrarlansa  sertifikasiya tamamilə formal xarakter daşıyacaq və təhsil sisteminə heç kimdə bir qram inam qalmayacaq. Amma, həqiqətən, mahiyyətinə uyğun təşkil ediləcəksə, bu, Azərbaycan cəmiyyətinə, təhsilin inkişafına təkan verəcək.

-Elçin müəllim, müsahibə mərhələsini kimlər götürəcək?

- Ölkədə 4447 ümumtəhsil məktəbində      160 000-dən çox müəllim çalışır. Sertifikasiya zamanı  onların hər birinin psixoloji durumu, ümumi dərskeçmə qabiliyyəti də yoxlanılacaq. Ona görə də müsahibə mərhələsində bir nəfər deyil, 3 nəfər komissiya üzvünün olması nəzərdə tutulub. Bunlar arasında fənn müəllimi, müəssisə rəhbəri və psixoloq olmalıdır. Eyni zamanda şəxsin istənilən müsabiqənin nəticəsindən apelyasiya şikayəti vermək hüququ var. Yəni bütün narazılıqlara Sertifikatlaşdırma Şurasında baxılacaq.

E.Əfəndi qeyd etdi ki,  sertifkasiyanın müəllimlər arasında qorxulu meyar kimi formalaşdırılmasının kökündə müəyyən işbaz dairələrin təbliğatı da rol oynayır. Belə ki, kurslar, təhsil mərkəzləri və bəzi repititorlar fürsətdən istifadə edib sertifkasiyanı qəsdlə elə təqdim edirlər ki, müəllimlər qorxu altında qalıb hazırlıq keçmək məqsədilə onlara müraciət etsinlər. Təhsilverənlər bu oyuna getməməlidir.

-Elçin müəllim, 40-45 il təcrübəsi olan qocaman təhsilverənləri imtahandan, sorğu -sualdansa pensiya yaşının önə çəkilməsi daha abırlı və düzgün olmazdımı?

-Təhsilə önəmli  töhfələri olan kifayət qədər yaşlı müəllimlərimiz  var. Necə deyərlər, ustadına kəm baxanın gözlərindən qan damar. Amma reallığı da qəbul edək ki, yaşlı nəsil  müəllimlərin çoxu indiki uşaqlarla bacara bilmir. Ona görə də,  fikrimcə, müəllimlərin təqaüd yaşının 65-ə qaldırılması doğru yanaşma deyildi. Çünki təhsilin keyfiyyəti, dərskeçmə bacarığı, həvəsindən də əlavə 65 yaşına çatmayan nə qədər insan dünyasını dəyişir. Yaş, hesab edirəm ki, qadınlar üçün 60,  kişilər üçün 65 olaraq müəyyənləşdirilsə, daha məqsədəuyğun olardı.

Təqaüd yaşının uzadılması isə ə

mək qanunvericiliyinin tələbidir.  Bilirik ki, yaş həddi Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin birbaşa sərəncamında olan və Nazirlər Kabinetinin müəyyən etdiyi qərarlar əsasında formalaşıb. Bu barədə Təhsil Nazirliyi heç nə edə bilmir və təhsilin keyfiyyətinin yüksəldilməsinə nail olmaq məqsədilə bütün müəllimlərin sertifikasiyada iştirakının vacib olduğu bildirilir.

 

Əsli TELMANQIZI

 

ETİKETLƏR: