Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Milli Məclisdə Azərbaycan-Polşa arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanlarından danışılıb

Səttar Möhbalıyev hər iki ölkə rəhbərlərinin qarşılıqlı səfərlərinin, bu səfərlər zamanı aparılan danışıqların ölkələrimiz arasındakı dostluq əlaqələrinin möhkəmlənməsində mühüm əhəmiyyət daşıdığını söyləyib,

09.06.2022 09:08
12
A+
A-

İyunun 2-də Milli Məclisin Polşa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Polşa parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri xanım Yoanna Lixotska və qrupun üzvləri ilə görüşüblər.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  bildirilib ki, Milli Məclisin Polşa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səttar Möhbalıyev nümayəndə heyətini salamlayaraq, ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərin köklərə söykəndiyini deyib. Uzun illər əvvəl Azərbaycana köçmüş polyakların yerli əhali ilə birgə mehriban yaşadığı, ölkəmizin bir sıra şəhərlərində memarlıq nümunələrinin inşasında, habelə neft sənayesinin inkişafında polşalı mütəxəssislərin xidmətləri haqqında danışıb.

Səttar Möhbalıyev hər iki ölkə rəhbərlərinin qarşılıqlı səfərlərinin, bu səfərlər zamanı aparılan danışıqların ölkələrimiz arasındakı dostluq əlaqələrinin möhkəmlənməsində mühüm əhəmiyyət daşıdığını söyləyib, siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyini deyib.

Dövlətlərimiz arasında münasibətlərin genişləndirilməsində parlamentlərin mühüm rol oynadığını deyən deputatımız qanunvericilik orqanları arasında əlaqələrin inkişafını, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini təqdirəlayiq hal kimi qiymətləndirib. Hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyət göstərdiyi qeyd olunub. Deputat mötəbər beynəlxalq parlament qurumlarında Azərbaycan və Polşa nümayəndə heyətlərinin qarşılıqlı faydalı əməkdaşlığının vacibliyini qeyd edib.

Azərbaycan torpaqlarının uzun müddət Ermənistan işğalına məruz qaldığını deyən S.Möhbalıyev ermənilərin xalqımıza qarşı törətdiyi Xocalı soyqırımından danışıb. O, 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Zəfər çalaraq bu işğala son qoyduğunu bildirib, regionda yaranmış yeni reallıqlardan bəhs edib, hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin sürətlə həyata keçirildiyini diqqətə çatdırıb.

Polşa Respublikası Parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri xanım Yoanna Lixotska səmimi görüşə və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Qonaq ölkələrimiz arasında əməkdaşlığın dinamik inkişafından danışaraq Azərbaycanın, xüsusilə də Bakının gözəlliyi barədə xoş təəssüratlarını bölüşüb.

İki ölkə arasında parlamentlər səviyyəsində əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayan qonaq qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsi baxımından qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyətini qeyd edib. O, Polşanın Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu söyləyib.

Polşalı deputatlar Barbara Bartus və Boquslav Vontor da öz çıxışlarında dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin möhkəmlənməsindən bəhs ediblər, iqtisadi, ticarət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu diqqətə çatdırıblar.

Söhbət zamanı Milli Məclisin Polşa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Sevinc Hüseynova, Nizami Səfərov iki ölkə arasındakı münasibətlərə dair fikirlərini bildiriblər.

Görüşdə Polşa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Kamran Bayramov, Vüqar Bayramov, Ülviyyə Həmzəyeva, Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova iştirak ediblər.

ETİKETLƏR: