Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


2022-ci ilin büdcə xərcləri artırılır

Hansı sahələrə əlavə vəsaitlər yönəldiləcək?

09.06.2022 17:44
4
A+
A-

Məlum olduğu kimi, Prezident İlham Əliyev Zəngilan rayonunda “Ağıllı kənd”in açılış mərasimində çıxış edərkən işğaldan azad edilmiş ərazilərdə sürətlənən geniş quruculuq və bərpa işlərinin artan miqyasını nəzərə alaraq bu sahəyə büdcədən əlavə vəsaitlərin ayrılması zəruriliyini diqqətə çatdırıb və bununla bağlı müvafiq qurumlara büdcə layihəsinə dəyişikliklər edilməsini tapşırıb. Dövlət başçısının müvafiq tapşırığına uyğun olaraq İqtisadiyyat və Maliyyə nazirlikləri tərəfindən 2022-ci ilin sosial-iqtisadi inkişaf və fiskal göstəricilərə əsaslanaraq dövlət büdcəsinə əlavələrlə bağlı təkliflər paketi hazırlığına başlanılıb. Dövlət büdcəsinə yeni dəyişikliklər və dürüstləşmə ilə əlaqədar sənəd yaxın günlərdə Milli Məclisə təqdim olunacaq.

Büdcəyə dəyişikliklər zamanı, sözsüz ki, xərclər artırılacaq. Bu da büdcənin gəlirlərinin çoxalması hesabına təmin olunacaq. Qeyd edək ki, ötən ilin dekabrında təsdiq edilmiş dövlət büdcəsinin layihəsində gəlirlər 26,8 milyard manat, büdcə xərcləri isə 29 milyard 879 milyon manat müəyyən edilib. Büdcənin gəlirlər hissəsində Dövlət Vergi Xidmətinin payı 8,7 milyard, gömrük daxilolmaları 4,2 milyard manat, Dövlət Neft Fondundan transfertlər 12,7 milyard manat həcmində nəzərdə tutulubdur.

Bu baxımdan ortaya sual çıxır, büdcənin xərcləri artırıldığı halda, həmin vəsaitləri qarşılamaq üçün vergi, gömrük orqanlarının və Neft Fondunun əlavə yığım potensialları buna imkan verəcəkmi?

2022-ci ilin yanvar-aprel aylarının iqtisadi və fiskal göstəriciləri təsdiqləyir ki, büdcədə əlavə xərcləri ödəmək üçün kifayət qədər əlavə maliyyə mənbəyi formalaşıb. Belə ki, 2022-ci ilin əvvəllərindən başlayan artım templəri iqtisadi imkanları daha da genişləndirib və hökumətin gözlədiyindən də yaxşı ümidverici nəticələr əldə olunub.

Yanvar-aprel aylarında ölkəmizdə 39,5 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz çoxdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2 faiz, qeyri neft-qaz sektorunda isə 11,4 faiz artıb. Bu o deməkdir ki, iqtisadi inkişaf göstəricilərimizin artması mövcud maliyyə imkanlarımızı da artırıb. Yəni dövlətin gəlirlərini təmin edən fiskal orqanların hər birinin büdcəyə nəzərdə tutulmuş proqnozdan xeyli həcmdə artıq vəsait ödənişi imkanları yaranıb. Belə ki, cari ilin ötən 4 ayında təkcə vergi orqanları tərəfindən büdcəyə əlavə 1,5 milyard manatdan çox vergi köçürülüb. Dövlət Vergi Xidməti yanvar-aprel ayları ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 55,2 % daha çox vergi toplayaraq büdcəyə 5 milyard 35,4 milyon manat vəsait köçürüb. Ən əhəmiyyətlisi odur ki, vergi daxilolmalarında qeyri-neft-qaz sektorunun payı xüsusilə artıb. Qeyri-neft bölmələrində vergi gəlirləri 49,7 % artaraq 3 milyard 430 milyon manat təşkil edib ki, bu da ümumi vergilərin təxminən 70 faizi deməkdir. Dövlət Gömrük Komitəsi də ötən 4 ayda büdcəyə köçürmələri artıqlaması ilə yerinə yetirib. Komitə tərəfindən büdcəyə 1,6 milyard manatdan çox vəsait köçürülüb ki, bu da nəzərdə tutulan proqnozdan təxminən 300 milyon manat çoxdur. Bundan başqa, büdcəyə digər orqanlar tərəfindən də daxilolmalar artıb. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar    1 milyard 448,8 milyon manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,3 faiz və ya 234 milyon 348,9 min manat çoxdur.

Beləliklə, dövlət büdcəsinə vergi, gömrük, sosial müdafiə orqanlarının və Neft Fondunun transfertlərini də nəzərə aldıqda, 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 10 milyard 688 milyon manat təşkil edib. Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə təqribən 2,4 milyard manat və ya 30%-ə yaxın artım deməkdir.

Büdcə gəlirlərinin artımı fonunda ötən 4 ayda dövlət büdcəsinin vəsaiti hesabına əməkhaqları, müavinətlər, pensiyalar, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin büdcə təşkilatları, büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim edilmiş xərc sifarişləri əsasında mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq tam və vaxtında maliyyələşdirilməsinə nail olunub. Beləliklə, 2022-ci ilin ötən dövründə büdcənin bütün xərc sifarişləri icra olunduqdan sonra 2,4 milyard manat artıq xəzinə vəsaiti, profisit yaranıb. Bu isə o deməkdir ki, xəzinədə xeyli həcmdə artıq maliyyə vardır və həmin profisit büdcənin xərclərini tam ödəməyə imkan verir. Məhz bu məqsədlə 2022-ci ilin dövlət büdcəsinə yeni əlavələrin edilməsi, gəlir və xərc maddələrinin dürüstləşdirilməsi meydana çıxıb.

Dürüstləşdirilmiş büdcənin xərclərin təxminən 500-800 milyon manat artırılması nəzərdə tutulur. Bununla da Azərbaycanın müstəqillik tarixində dövlət büdcəsinin xərclərin 30 milyard manatı ötərək 31 milyard manata yaxınlaşacaq.

Büdcədəki əlavə xərclərin böyük hissəsi ilk növbədə, ölkəmizin iqtisadi və hərbi qüdrətinin artırılmasına, işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışın təmin edilməsi, şəhər və kəndlərin bərpası və yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması - elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, həmçinin sosial rifahın yaxşılaşdırılması ilə bağlı əsas prioritet xərc istiqamətlərinə yönəldiləcəkdir.

Mövcud büdcə layihəsində azad edilmiş ərazilərin bərpasına 2,2 milyard manat ayrılıb, reallıq isə budur ki, həmin tədbirlərin miqyasının artması əlavə xərclər tələb edir. Ona görə də büdcəyə dəyişiklik zamanı ilk olaraq işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına əlavə vəsaitlərin ayrılması istisna olunmur. Həmçinin Ermənistanla sərhəddə yeni infrastrukturların yaradılması, ordumuzun müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi məqsədilə müdafiə sahəsinə dövlət büdcəsi xərclərinin artırılması mümkün ola bilər.

Büdcə xərclərinin artımında sosial müdafiə ilə bağlı əlavə tədbirlərin görülməsi də istisna olunmur. Yuxarıda da vurğuladıq ki, ötən 4 ayda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 234 milyon manatdan çox artıb. Bu isə sosial müdafiə və təminat bölmələrinə əlavə vəsait yönəldilməsinə imkan verir. Onu da nəzərə alsaq ki, 2022-ci il başlayandan qiymətlər də artmaqda davam edir, inflyasiya 13 faizə çatıb, bu isə əhalinin aztəminatlı hissəsinin və digər həssas sosial qrupların həyatına mənfi təsir edir. Bu baxımdan sosial müdafiə sahəsində bəzi sosial qrupların müavinət və təqaüdlərinin artırılması mümkündür.

 

Elbrus CƏFƏROV

ETİKETLƏR: