Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Azərbaycan-Özbəkistan əlaqələri uğurla inkişaf edir

Meydanın mərkəzi hissəsində Ulu Öndər Heydər Əliyevin böyük memorial kompleksi ucaldılıb.

22.06.2022 00:11
8
A+
A-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Özbəkistan Respublikasına səfər edib.

Özbəkistanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev “Kuksaroy” dövlət iqamətgahında Fəxri qonaqlar xiyabanında ağac əkib, Daşkənddə Müstəqillik abidəsini ziyarət edib, “TEXNOPARK” MMC-nin fəaliyyəti ilə tanış olublar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Heydər Əliyev Meydanının açılış mərasimində iştirak ediblər. Meydan paytaxtın Mirabad rayonunda azərbaycanlıların yığcam yaşadıqları ərazidə yerləşir. Ətrafdakı binalar abadlaşdırılıb. Meydanın ərazisi tamamilə yenidən qurulub, burada yaşıllıq salınıb, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.

Meydanın mərkəzi hissəsində Ulu Öndər Heydər Əliyevin böyük memorial kompleksi ucaldılıb.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə geniş tərkibdə görüşü olub.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub.

Daşkənddə sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev mətbuata bəyanatlarla çıxış ediblər.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib ki, Özbəkistanda Azərbaycan ilə ənənəvi dostluq, etimad və qarşılıqlı anlaşma münasibətlərinə xüsusi qiymət verirlər. Bu münasibətlərin əsasını ortaq mənəvi dəyərlər, din, oxşar mədəniyyətlər və dil təşkil edir. Xalqlarımızı çoxəsrlik tarix bağlayır. Əhməd Fərqaninin və Əbu Reyhan Büruninin elmi əsərlərində Azərbaycanın bir çox şəhərləri xatırlanır, bu şəhərlərdə Şərq və Qərb sivilizasiyaları bir-birinə qarşılıqlı təsir göstərir. Bizim Şərqşünaslıq İnstitutunun fondlarında Nizami, Xaqani, Tusi, Füzuli, Xətai və bir çox başqa Azərbaycan şairlərinin və mütəfəkkirlərinin onlarca nadir əlyazmaları qayğı ilə qorunub saxlanır. Füzulinin əlyazmalarından birini mən bu gün hörmətli İlham Heydər oğluna hədiyyə etdim. Fikrimcə, bu, bizim sərvətimizdir.

Özbəkistan Prezidenti deyib ki, iki xalqın qarşılıqlı münasibətlərinin şanlı tarixi bizim günlərdə də çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək üçün möhkəm təməl yaradıb. Rəmzi haldır ki, budəfəki səfər Azərbaycanın Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin ölkəmizə birinci rəsmi səfərindən düz 25 il sonra keçirilir. Bu gün bizim əziz qonağımız hörmətli Prezidentlə birlikdə Heydər Əliyevin adını daşıyan yenilənmiş küçəni və orada qoyulmuş abidəni açmaq məndən ötrü böyük şərəf oldu. Bu, öz xalqının həqiqi liderinə və Özbəkistanın yaxın dostu olmuş dahi insanın xatirəsinə bizim ehtiramımızın əlamətidir.

Şavkat Mirziyoyev vurğulayıb ki, Azərbaycan Prezidentinin tarixi dövlət səfərinin yekunları həqiqətən sıçrayış xarakteri daşıyır. Bu gün mən qardaşım İlham Heydər oğlu ilə birlikdə bütün şərtləri formalaşdırdıq ki, gələcəkdə real nəticə alınsın, dediyim kimi, Sizin tarixi səfəriniz həqiqətən bizim strateji tərəfdaşlığımıza uyğun olsun. Biz hər şeyi edirik ki, güclü Özbəkistan və güclü Azərbaycan olsun. Onlar güclü olanda məcbur edəcəyik ki, bizə hörmət etsinlər və bundan ötrü bizim hər cür əsasımız var.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, qardaş Özbəkistan torpağında olmaq, ikitərəfli münasibətlərin geniş spektrini və xarici siyasət gündəliyində duran mühüm məsələləri Sizinlə müzakirə etmək fürsətinə malik olmaq mənə çox xoşdur.

Səfərim çox əlamətdar hadisədən - Daşkəndin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsinin, onun adını daşıyan meydanın və gözəl parkın açılışından başlandı. Şavkat Miromonoviç, mən Sizə atamın xatirəsinə belə münasibətə görə Azərbaycan Prezidenti kimi, Heydər Əliyevin oğlu kimi öz adımdan və bütün Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm. Biz bunu çox yüksək dəyərləndiririk. Biz gördük ki, Özbəkistanda Heydər Əliyevin xatirəsi necə sevgi ilə, necə hörmətlə yad edilir, bu, bizə çox xoşdur. Bu gün biz abidənin və meydanın açılışında çıxış etdik, Heydər Əliyev haqqında, onun Özbəkistana münasibəti haqqında danışdıq. Əminəm ki, bu gün bu münasibəti hər bir azərbaycanlı bölüşür. Mən atamın işinin davamçısı kimi, Azərbaycan Prezidenti kimi öz fəaliyyətimdə bizim ikitərəfli münasibətlərə daim xüsusi diqqət ayırıram. Bugünkü dövlət səfəri bunun əyani təsdiqidir.

Dövlətimizin başçısı deyib ki, biznesforum çərçivəsində xeyli sənəd imzalanıb. Bu gün belə sənədlərin ümumi sayı iyirmiyə yaxındır. Şavkat Miromonoviçin dediyi kimi, Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə çox qlobal xarakter daşıyır. Bu, mahiyyətcə gələcək fəaliyyətimizin yol xəritəsidir. Orada xarici siyasətimizin prioritetləri əksini tapıb, dövlətlərimizin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib.

Hərbi və hərbi-texniki sahələrdə nəzərdə tutulan əməkdaşlığın önəmini qeyd edən Prezident İlham Əliyev bildirib ki, bu sahə hər bir ölkə üçün, xüsusən bizim ölkələr üçün prioritet əhəmiyyət kəsb edir. Bizim yerləşdiyimiz regionlar təhlükəsizliyin və müdafiə qabiliyyətinin möhkəmlənməsi məsələlərinə gündəlik diqqət tələb edir.

Dövlətimizin başçısı ərazi bütövlüyümüzü bərpa edərkən özbək xalqının və Özbəkistan Prezidentinin Azərbaycana göstərdiyi dəstəyi xüsusi qeyd edib: “Azərbaycanlılar bunu çox yaxşı bilir, qardaşlıq münasibətini xatırlayır və yüksək qiymətləndirirlər. Özbəkistan Prezidentinin sözləri, bizim Qələbəmiz münasibətilə təbrikləri - bütün bunlar, təbii ki, Azərbaycanda dost sözü, qardaş sözü kimi qəbul edilir. Biz bunu yüksək qiymətləndiririk və öz tərəfimizdən biz də bütün məsələlərdə Özbəkistanın, özbək xalqının yanındayıq. Bugünkü səfər buna daha bir sübutdur. Əslində biz bu gün iqtisadi qarşılıqlı fəaliyyət, biznes strukturlarının əlaqələri, təhlükəsizlik, müdafiə qabiliyyəti ilə bağlı məsələlər, xarici siyasətlə bağlı təşəbbüslər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi, humanitar sahə ilə, mədəniyyətlə bağlı məsələlər barədə danışırıq, yəni, sözün geniş mənasında, bu gün bizim gələcək aktiv qarşılıqlı fəaliyyətimizin əsası qoyulur və əminəm ki, nəzərdə tutduqlarımızın hamısı yerinə yetiriləcək”.

Prezident İlham Əliyev bildirib ki, Daşkənddə əvvəllər olub və bugünkü dəyişiklikləri görəndə ürəkdən sevinir ki, qardaş ölkə uğurla inkişaf edir, burada sülh, asayiş, sabitlik, iqtidarla cəmiyyətin vəhdəti mövcuddur - bunlar hər bir dövlətin inkişafı üçün əsas amillərdir. Əlbəttə, Prezidenti təbrik etmək istərdim ki, onun nəzərdə tutduğu işlərin hamısı yerinə yetirilir və əminəm ki, tamamilə yerinə yetiriləcək. Bu nailiyyətlər münasibətilə qardaş özbək xalqını da təbrik edirəm. Həmçinin əminəm ki, bu gün iki Prezidentin öz nümayəndə heyətlərinə verdiyi bütün tapşırıqlar yerinə yetiriləcək. Əlbəttə, onlar bilirlər ki, tələb ciddi olacaq, biz ciddi nəzarətçilərik, səhvləri bağışlamayacağıq, amma yaxşı nəticələr olsa onları tərifləməyə şad olarıq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Özbəkistanın Ürgənc şəhərinə gəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyunun 22-də Xivə şəhərində İçan-Qala Dövlət Tarixi Memarlıq Muzeyi və  “Nurullaboy” saray kompleksi ilə tanış olublar.

ETİKETLƏR: