Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Təşkilatın ünvanına xoş sözlər

Müəssisənin rəhbəri Eldar Eldarov bizə işıqlı gecələr bəxş edən insanların hər iş növbəsində hansı risklərlə üz-üzə qaldığını diqqətə çatdırdı. Dedi ki, kollektivimiz daim üç təhlükə altında fəaliyyət göstərir.

22.06.2022 00:32
42
A+
A-

Bir neçə gün əvvəl paytaxtımızın gecəsini gündüzə döndərən, qaranlığın qənimi adlandırdığımız “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin 70 yaşı tamam oldu. Bu əlamətdar gün müxtəlif səviyyələrdə qeyd edildi. Daha bir yubiley tədbirini isə müəssisənin həmkarlar ittifaqı komitəsi (HİK) keçirdi.

Tədbiri giriş sözü ilə HİK sədri Nigar Quliyeva açdı. O, həm təşkilatın sədri, həm də gözəl Bakımızın sakini kimi müəssisənin işçilərinə minnətdarlığını bildirdi. Dedi ki, məhz sizin gərgin, məsuliyyətli əməyiniz sayəsində şəhərimizin gecələri xüsusilə füsunkar olur. Yerli sakinlər, qonaqlar Bakı gecələrini heyranlıqla seyr etməkdən doymurlar.

Biz, həmkarlar ittifaqı təşkilatı olaraq, daim sizin əməyinizi dəyərləndirməyə - stimullaşdırmağa çalışırıq. Əmək, sosial hüquqlarınızın qorunması, necə deyərlər, gündəlik işimizdir.

Müəssisənin rəhbəri Eldar Eldarov bizə işıqlı gecələr bəxş edən insanların hər iş növbəsində hansı risklərlə üz-üzə qaldığını diqqətə çatdırdı. Dedi ki, kollektivimiz daim üç təhlükə altında fəaliyyət göstərir.

Bunlar hansılardır? Hündürlük, gərginlik və işin avtomobil yolları kənarında həyata keçirilməsi. Bütün bunlar yüksək peşəkarlıq, əməyin təhlükəsizliyi qaydalarına mükəmməl yiyələnmək tələb edən məsələlərdir. Müəssisəmizin müvafiq şöbələri həmkarlar ittifaqı ilə birlikdə bu sahələrdə böyük tədris və əməli işlər görür.

E.Eldarov həmçinin müəssisənin uğurlu istehsalat nəticələri və qarşıda duran vəzifələri barədə də məlumat verdi. Qeyd etdi ki, Respublika Prezidenti İlham Əliyevin tapşırığı ilə Bakı şəhəri və onun ətraf ərazilərində genişmiqyaslı quruculuq və abadlıq işləri gedir. Həmin ərazilərin işıqlandırılması məqsədilə yeni texnologiyalar əsasında müasir işıqlandırma sistemləri quraşdırılıb müəssisəmizə təhvil verilir. Bu isə keyfiyyətli xidmətə ən etibarlı zəmindir.

Tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin Şəhər Təsərrüfatı Şöbəsinin baş məsləhətçisi  Mirhəsən Həsənov kollektivi və Bakı Şəhər İcra Hakimiyyəti rəhbərliyinin təbrikini çatdırdı.

Yüngül Sənaye və Kommunal-Məişət Müəssisələri İşçiləri Həmkarlar İttifaqı Respublıka Komitəsinin sədri Telman Hacıyev çıxış edərək müəssisənin ilk təşkilatının ünvanına xoş sözlər söylədi. Onu sahə üzrə çevik missiyasına məsuliyyətlə yanaşan ən yaxşı üzv təşkilatlardan biri adlandırdı.

Ən qabaqcıl işçilərə Respublika Komitəsinin Fəxri fərmanlarını, Nigar Quliyevaya isə mükafatlar və qiymətli hədiyyələr təqdim etdi.

Sonda müəssisənin veteran işçisi Arzu Vəliyeva diqqətə görə həmkarlar ittifaqı təşkilatına təşəkkürünü bildirdi.

 

İsmayıl İSMAYILOV,

Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçiləri HİRK-in Katibi, əməyin baş texniki müfəttişi

ETİKETLƏR: