Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


 Kursantlara AHİK-in diplomları  təqdim edildi

Tədbirdə Universitetin rektoru vəzifəsini icra edən, professor, general-leytenant Heydər Piriyev əlamətdar gün münasibətilə məzunları təbrik etdi, onlara gələcək xidmətlərində uğurlar arzuladı.

22.06.2022 00:35
38
A+
A-

İyunun 15-də Milli Müdafiə Universitetinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyinin kursantlarının 2021/2022-ci tədris ili üzrə təntənəli buraxılış mərasimi keçirilmişdir.

Sayca əllinci olan bu buraxılış mərasimində Universitetin, liseyin rəhbərliyi, müəllimlər, məzunlar, valideynlər, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və digər qurumların nümayəndələri iştirak edirdilər.

Tədbir öncəsi Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anıldı.

Hərbi orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himni ifa edildikdən sonra liseyin Döyüş bayrağı təntənəli surətdə meydana gətirildi.

Tədbirdə Universitetin rektoru vəzifəsini icra edən, professor, general-leytenant Heydər Piriyev əlamətdar gün münasibətilə məzunları təbrik etdi, onlara gələcək xidmətlərində uğurlar arzuladı.

AHİK-in Zəhmətkeşlərin mədəni - məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin mütəxəssisi Afaq Yusifova da çıxışına təbriklə başladı. Dedi ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu lisey Azərbaycanda mükəmməl ordu yaradılması işinə böyük töhfələr verib. 44 günlük müharibədə liseyin yüzlərlə məzunu əsl vətənpərvərlik, yüksək peşəkarlıq nümunəsi göstərdi. Həmkarlar ittifaqı olaraq qürur duyuruq ki, gənc kursantların vətənpərvərlik ruhunda tərbiyə olunmasında bizim təşkilat da fəal iştirak edir.

Uzun illərdir ki, bu təhsil ocağında kursantların hərtərəfli inkişafı naminə müxtəlifformatlı tədbirlər keçirilir. Bunlara misal olaraq, “Azərbaycan əsgəri” bədii-qiraət, “Vətən mənə oğlu desə” inşa yazı, “İlin ən yaxşı müəllimi” müsabiqələrini, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr edilmiş hərbiləşdirilmiş idman yarışlarını göstərə bilərik. Qaliblərin stimullaşdırılması həm onlarda, həm də tələbə dostlarında daha yaxşı nəticə göstərmək uğrunda rəqabəti artırır.

Sonra 2021/2022-ci tədris ilində əla təhsil və qüsursuz xidmətlərə görə fərqlənən 27 kursanta AHİK-in diplomları və qiymətli hədiyyələri təqdim edildi.

C.Naxçıvanski adına Hərbi Liseyin komandanlığı tərəfindən AHİK sədri, millət vəkili Səttar Möhbalıyevə Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında, Azərbaycan Respublikasının inkişafı naminə gördüyü işlərə görə, eləcə də C.Naxçıvanski adına Hərbi Liseydə  kursantların hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında xüsusi fəaliyyətini nəzərə alaraq Təşəkkürnamə verildiyi bildirildi. Təşəkkürnamə AHİK-in nümayəndəsinə təqdim edildi.

Sonda hərbi orkestrin müşayiəti ilə kursantlar lisey marşını ifa etdilər. Şəxsi heyət təntənəli marşla tribunanın önündən keçdi.

 

Afaq YUSİFOVA,

AHİK-in mütəxəssisi

ETİKETLƏR: