Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Ədalətli olmaları üçün güclü ictimai təzyiq davam etməlidir

Mövzu ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev ilə müsahibəmiz oldu.

22.06.2022 00:45
135
A+
A-

Son illər sosial-iqtisadi inkişafla bərabər, Azərbaycan xarici siyasət sahəsində də mühüm uğurlara imza atır. İllərdir mənfur erməni lobbisinin güclü təsiri ilə çoxsaylı təzyiqlərə, ədalətsizliyə məruz qalan ölkəmiz, nəhayət, öz həqiqətlərini dünya ictimaiyyətinə çatdıra bilir və eyni zamanda milli maraqlarını qətiyyətlə müdafiəetmə gücündədir. Deyə bilərik ki, Azərbaycan artıq bədnam qonşular tərəfindən ona qarşı qoyulan informasiya blokadasını da yarıb, aradan qaldırıb və diplomatik fəaliyyət sferasında müdafiə deyil, hücum taktikasına keçib. Bununla da ermənilərin münaqişə ilə bağlı gerçəklikləri təhrif etmək, dünyanı çaşdırmaq cəhdləri sona çatır. Bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasının       (AŞPA) Ermənistanın törətdiyi əməllərə görə məsuliyyət daşıdığını bildirməsi bu prosesin başlanğıcı kimi qəbul olundu. Belə ki, ABŞ Dövlət Departamentinin dünyada dini etiqad azadlığının vəziyyəti ilə bağlı 2021-ci il üçün illik hesabatında AŞPA sentyabrın 27-də qəbul etdiyi “Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri “ adlı qətnamədə qeyd edib ki, əvvəllər Ermənistanın dəstəklədiyi separatçıların nəzarətində olan və Azərbaycan tərəfindən azad edilən ərazilərdə vurulan zərərə, dağıntılara, xüsusilə də Ağdam, Füzuli və digər ərazilərin, demək olar ki, tamamilə dağıdılması, talan edilməsi, habelə son 30 il ərzində mədəni irsin istismarına görə Ermənistan məsuliyyət daşıyır.

Hesabatda qeyd olunur ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etmiş diplomatların, vətəndaş cəmiyyəti nümayəndələrinin və jurnalistlərin sözlərinə görə, Ermənistanın nəzarəti altında olarkən bu ərazilərdə yüzlərlə abidə, o cümlədən regionun etnik azərbaycanlıların istifadə etdiyi məscidlər, ziyarətgahlar talan edilib, vandalizmə, təhqirlərə məruz qalıb və ya tamamilə dağıdılıb.

Mövzu ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev ilə müsahibəmiz oldu.

- Qüdrət müəllim, nəzərə alsaq ki, işğaldan azad olunmuş ərazilərimizə diplomatlar, vətəndaş cəmiyyəti nümayəndələri və jurnalistlər illərdir səfər edirdi. ABŞ Dövlət Departamentinin 30 ildir bu vəhşiliyi duymamazlıqdan, görməzlikdən gəldikləri halda indi bu qərara gəlmələrini nə ilə əsaslandıra bilərik?

- ABŞ güclü dövlətdir və dünyanın istənilən nöqtəsində baş verən hadisələr haqqında ətraflı məlumata malikdir. Əksər ölkələrdə olduğu kimi, bu dövlətin də idarəedilməsində iştirak edən şəxslər bu və ya digər açıqlamalar verərkən bəzən öz dövlətlərinin maraqlarından, beynəlxalq hüququn müdafiə olunması mövqeyindən yox, şəxsi korporativ maraqlarından çıxış edirlər. Torpaqlarımızın azad olunmasından, jurnalistlərin və xarici diplomatların həmin ərazilərə səfərlərinin təşkilindən sonra bəzi ölkələrin siyasətçiləri sifətlərini qorumaq üçün həqiqətləri etiraf etmək zorunda qalırlar. Bu, həm də Azərbaycanın regionda artan nüfuzu ilə əlaqədardır. Biz həmişə ABŞ-dan erməni diasporasının ağzına baxmadan, müstəqil və ədalətli, beynəlxalq hüquqa söykənən mövqe gözləmişik.

- Qətnamədə qeyd edilənlərdən sonra bir çox dövlətlərin, beynəlxalq təşkilatların işğal faktına və ərazimizdə ermənilər tərəfindən törədilən vandallığa göz yummalarına, yaxud da ikili münasibətlərinə son qoyulacaqmı?

- Hər dövlət, onu yönəldənlər öz marağından çıxış edir. Hesab edirəm ki, beynəlxalq təşkilatlar isə əsasən onu maliyyələşdirən dövlətlərin maraqlarını müdafiə edir və öz mövqelərini həmin ölkələrin maraqlarına uyğunlaşdırırlar, onların sifarişlərini icra edirlər. Mən dövlət departamentinin erməni vəhşiliyi barədə açıqlamasını müsbət qiymətləndirsəm də, qeyd etməliyəm ki, Ermənistanın məsuliyyətə cəlb olunması barədə heç bir çağırışın olmaması acı təəssüf doğurur. Amma biz bu açıqlamadan ermənilərin ifşasının davam etdirilməsində və məsuliyyətə cəlb olunmasında istifadə etməliyik. Beləliklə də, başqa dövlətlərin də mövqe bildirmələrinə çalışmalıyıq.

- Qüdrət müəllim, bu addımı başlanğıc saysaq, bundan sonrakı mərhələlərdə Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması istiqamətində daha hansı önəmli, vacib işlər görülməlidir?

- Əlbəttə, görülən işləri daha da artırmaq, əlavə nə lazımdır etməliyik. İlk növbədə nüfuzlu ictimai-siyasi xadimlərin, beynəlxalq media təmsilçilərinin işğaldan azad olunmuş ərazilərə səfərlərinin təşkil olunması davam etməlidir. Mütləq lobbi fəaliyyəti üçün büdcədən vəsait ayrılmalı, geniş beynəlxalq auditoriyaya malik TV-lərdə xüsusi reportajların yayımına, nəşrlərdə məqalələrin dərcinə çalışmalıyıq. Biz Qərb siyasi dairələrinə ədalətli olmaları üçün güclü ictimai təzyiq təşkil etməliyik. Azərbaycan diplomatiyası və diasporamız var gücü ilə gecə-gündüz çalışmalı, səylərini artırmalıdır.

 

Əsli ƏHMƏDOVA

ETİKETLƏR: