Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Rəqabət Məcəlləsi - həm inhisarçılığa qarşı strateji sənəd, həm də vergi- gömrük-ticarət güzəştlərinin ünvanı....

.

22.06.2022 00:48
13
A+
A-

İqtisadiyyat Nazirliyi uzun illərdir ki, biznes icmasının həsrətlə gözlədiyi layihəni - Rəqabət Məcəlləsi üzərində işləri yekunlaşdıraraq Nazirlər Kabinetinə təqdim edib. Müvafiq dövlət qurumlarının, biznes assosiasiyaları və sahibkarlıq sinfinin təklif və rəyi nəzərə alınmaqla hazırlanmış layihə beynəlxalq təcrübədə tətbiq edilən ən müasir mexanizm və yeni iqtisadi təşəbbüslərə əsaslanır.

Belə ki, Məcəllə sənədində bazar subyektlərinin səmərəli və maneəsiz fəaliyyətini təmin edən mühit, rəqabət orqanı və onun statusu, rəqabət sahəsində bazar subyektlərinin hüquq və vəzifələri, rəqabəti məhdudlaşdıran saziş və hərəkətlər, bazar paylarının coğrafi bölgüsü ilə bağlı meyarlar, həmçinin vergi, gömrük, digər iqtisadi stimullar öz əksini tapıbdır. Layihədə eyni zamanda dövlət orqanlarının inhisarçı mövqeyini məhdudlaşdıran, öz mövqeyindən sui-istifadə hallarına yol verməsinin qarşısını alan hüquqi mexanizmlər və haqsız rəqabət hallarına qarşı inzibati cəzalar müəyyən edilib. Bununla yanaşı, layihədə rəqabətin məhdudlaşdırılması, təmərküzləşmə, öhdəlik, sanksiyalar və s. məsələlərə geniş yer verilib.

Hazırda ölkəmzidə azad rəqabəti təmin edən hüquqi və institusional islahatlar çərçivəsində atılmış addımlar sayəsində biznes üçün əlverişli imkanlar vardır. Belə ki, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması, lisenziya və qeydiyyat sisteminin asanlaşdırılması, səmərəli vergi siyasəti, digər iqtisadi stimullar rəqabət mühitinin əlverişliliyinə işarədir. Ancaq azad rəqabət mühitinə mane olan inhisarçılıq, satınalma və tenderlərdə şəffaflığın pozulması, haqsız rəqabət halları, eləcə də vergi-audit sahəsində bəzi meyarlar geniş rəqabət mühitinə mane olur. Məhz bu baxımdan Rəqabət Məcəlləsinin qəbul olunması vacib hesab edilir.

Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra yeni iqtisadi münasibətlər fonunda strateji inkişaf prioritetləri müəyyən edib və bu sırada Qarabağ və Şərqi-Zəngəzurda biznesin fəaliyyətinə geniş yer verilməsi məqsədlərdən biridir. Xüsusilə də azad edilmiş ərazilərdə qabaqcıl sənaye, aqrar-sənaye modellərinin, xüsusi iqtisadi zonaların yaradılması nəzərdə tutulur ki, bu da rəqabət mühitinin tam təmin olunmasını tələb edir. Bu baxımdan həmin bölgəyə böyük maraq göstərən yerli və xarici investorların maraqlarının qorunması və istehsal etdikləri mal və xidmətlərin rəqabətinin təmin edilməsi başlıca şərtlərdən biridir. Bu bölgədə çalışmaq istəyən investor, sözsüz ki, süni inhisarçılıq halları ilə barışmayacaq, keyfiyyətli istehsalın artımına mane olan hallarla bağlı qəti mübarizə əzmini nümayiş etdirəckdir. Ona görə də belə halların baş verməməsi üçün Rəqabət Məcəlləsində biznesin mənafeyini qoruyan bu kimi məsələlər yer alacaq.

Rəqabət Məcəlləsində ən mühüm detallardan biri vergi güzəştləri ilə bağlıdır. Xüsusilə də yeni iqtisadi modellərin, sənaye innovasiyalarının, texnoparkların vergi tətilləri ilə əhatə olunması rəqabətlilikdə mühüm rol oynayır və bu məqsədlə Qarabağda azad iqtisadi zonaların yaradılması təşəbbüsü ilə çıxış edən xarici investorlar üçün bu güzəştlər daha aktuallıq kəsb edir. Cəbrayılda yaradılmış Araz İqtisadi Zonası, Zəngilanda “Dost Aqropark” layihəsi və Zəngilan, Füzuli, Kəlbəcər və digər ərazilərdə nəzərdə tutulan yeni azad iqtisadi zonaların təşkili, eləcə də digər iqtisadi modellərin tətbiqi zamanı vergi güzəştləri, müxtəlif iqtisadi stimulların verilməsi gündəmdədir. Güzəştlər həmçinin maliyyə və sığorta xidmətləri, torpaq və əmək münasibətləri, gömrük, miqrasiya, notariat fəaliyyəti, müflisləşmə və iflas, rəqabət, əqli mülkiyyət, ətraf mühit və s. məsələlərlə bağlı məsələləri əhatə edəcək.

Həmin ərazilərdə fəaliyyət göstərəcək investorlara müxtəlif növ fiskal güzəşt və stimullardırıcı addımlar da tətbiq olunacaq. Xarici ticarətdə güzəştlər (ixrac-idxal rüsumlarının azaldılması və ya ləğvi, xarici ticarət əməliyyatlarının sadələşdirilməsi), fiskal güzəştlər - müəyyən fəaliyyət növlərinin vergilər baxımından stimullaşdırılmasını nəzərdə tutur. Bu güzəştlər vergi bazası (mənfəət və ya gəlir, əmlakın dəyəri və s.) və onun ayrı-ayrı komponentlərini (amortizasiya ayırmaları, əməkhaqqına, elmi-texniki tərəqqiyə və nəqliyyata çəkilən xərclər), vergi dərəcələrinin səviyyəsini, vergilərdən daimi və ya müvəqqəti azadolmalar kimi məsələləri əhatə edə bilər. Eyni zamanda maliyyə güzəştləri - subsidiyaların müxtəlif formalarını əhatə edir.

Rəqabət Məcəlləsi süni inhisarçılığa və süni qiymət artımına qarşı mübarizə üçün də mühüm sənəd hesab edilə bilər. Ölkədə qiymət artımı ilə bağlı problemlərin hələ də mövcud olduğu şəraitdə belə bir sənədin qəbul olunması yüz minlərlə istehlakçının mənafeyinə xidmət edəcək.

Hökumət Rəqabət Məcəlləsini qəbul etməklə, təkcə azad biznesin imkanlarını genişləndirmək məqsədi güdmür, burada əsas strateji maraq beynəlxalq hesabatlarda Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılmasına nail olmaqdır.

 

Elbrus CƏFƏROV

ETİKETLƏR: