Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Bakıda Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin XIV Forumu keçirilib

Ölkəmizin heç zaman müharibə istəmədiyini vurğulayan S.Möhbalıyev dedi ki,  “Azərbaycan hər zaman keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olub”.

29.06.2022 00:50
15
A+
A-

İyunun 28-də Bakıda Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin (UAESEB) XIV Forumu keçirilib. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə baş tutan Forumda Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Şimali Makedoniya, Rumıniya və Şimali Kipr Türk Cümhuriyyətindən nümayəndə heyətləri iştirak ediblər.

Forum iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək  Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri düzüblər. Sonra  görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad olunub.

İştirakçılar Şəhidlər xiyabanına gedərək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən oğullarının və qızlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri düzüblər.

Sonra Forum öz işinə başlayıb. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqələlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) və  Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İtifaqı (ATİAHİ) Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycanda təhsil sahəsinin inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətini təşkil edir: “Hər il Azərbaycanda təhsil infrastrukturunun inkişafı istiqamətində mühüm addımlar atılır, yeni-yeni məktəb binaları inşa olunur, təmir edilir, təhsil müəssisələrinin maddi-texniki təminatı daha da gücləndirilir, təhsilin inkişafını təmin edən dövlət proqramlarının icrası davam etdirilir, yeni strateji layihələr qəbul olunur. Həmçinin təhsil sahəsində çalışan insanların sosial təminatının yaxşılaşdırılması da daim dövlət tərəfindən diqqət mərkəzində saxlanılır. Hər il dövlət büdcəsində təhsilə ayrılan vəsaitin miqdarı əhəmiyyətli şəkildə yüksəlir, təhsil işçilərinin əməkhaqları artırılır.

Qeyd edib ki, təhsil işçilərinin əmək hüquqlarının qorunması, onların sosial müdafiəsinin, asudə vaxtının təşkili, təhsil sektorunda çalışan işçilər və təhsilalanlarla müəssisə rəhbərləri arasındakı əmək münasibətlərinin normal məcrada qurulması, təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqları ilə bağlı yarana biləcək ziddiyyətlərin aradan qaldırılması və mənafelərinin qorunması ilə bağlı qanunlar qəbul edilir. Təhsillə bağlı qanun layihələrinin hazırlanması prosesində həmkarlar ittifaqları da təkliflərlə iştirak edir. Qəbul edilmiş qanunların icrasına ictimai nəzarəti həyata keçirir.

S.Möhbalıyev  əlavə etdi ki, AHİK üzvlərinin qarşılaşdıqları problemləri aradan qaldırmaq, xüsusən şəhid ailələrinə və qazilərə, müharibə iştirakçılarına, aztəminatlı ailələrə diqqət göstərmək, onlara maddi və mənəvi dəstək olmaqla yanaşı, hər il həmkarlar ittifaqı təşkilatlarının xətti ilə minlərlə vətəndaşımıza öz ailəsi ilə Azərbaycanın dilbər guşələrində istirahət etmək imkanı yaradılır. Bu vətəndaşlar, xidməthaqqının cəmi 15 faizini ödəməklə, həm Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) balansındakı, həm də özəl istirahət mərkəzlərində, sanatoriyalarda yüksək səviyyədə dincəlir, müalicə alır. Müstəqillik dövründən indiyə qədər aparılan məqsədyönlü siyasət nəticəsində Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı öz üzvləri üçün Nabranda 288 nəfərlik “Təhsil” İstirahət Mərkəzini tikib istifadəyə verib.  Bundan əlavə,  Dövlət İdarələri, Səhiyyə, Mədəniyyət, Rabitə və s. respublika komitələrinin hər biri öz vəsaitləri hesabına  belə istirahət mərkəzləri inşa etdirib.

S.Möhbalıyev bildirib ki, ATİAHİ RK-nın təmsil olunduğu beynəlxalq təşkilatlardan biri də UAESEB-dir: “Bu birlik 2006-cı ildə Türk Egitim-Sen, Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı, Qırğızıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə qərarı ilə təsis edilib. Sonradan bu birliyə İraq, Şimali Makedoniya, Şimali Kipr Türk Cümhuriyyəti, Rumıniya və Kosovada fəaliyyət göstərən türkdilli təşkilatlar da qoşulub. Ümid edirik, bu təşkilatın  sıraları daha da genişlənəcək və tez bir zamanda Özbəkistan və Türkmənistanın, eləcə də digər qardaş ölkələrin həmkarlar ittifaqı təşkilatları da bu quruma qoşulacaq. Bu birliyin yaradılmasında məqsəd  türkdilli ölkələrin təhsil işçilərinin həmkarlar ittifaqı təşkilatları, eləcə də türkdilli xalqların yaşadığı ölkələrdə fəaliyyət göstərən təşkilatlar, dərnəklər arasında əlaqələrin qurulmasına xidmət edir. Əminliklə demək olar ki, təşkilat uğurlu fəaliyyət göstərir və keçən müddət ərzində qarşısına qoyduğu məqsədlərə nail ola bilib”.

S.Möhbalıyev bildirib ki, bu gün türkdilli ölkələr arasında çox yaxın münasibətlər var. Bu ölkələr bir-birinə yaxından dəstək verir. Azərbaycan olaraq, biz bu dəstəyi II Qarabağ savaşında bir daha gördük.

S. Möhbalıyev Ermənistanın xalqımıza qarşı törətdiyi soyqırımından, 30 ilə yaxın  işğal etdikləri Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərdən də danışdı. Dedi ki,  torpaqların işğalı zamanı  1 milyona yaxın soydaşımız  qaçqın  salındı. Bu o zaman 7 milyon əhalisi olan Azərbaycanın 7 nəfərindən biri demək idi. Ölkə Prezidenti cənab İlham Əliyev məsələnin sülh yolu ilə həllinə çox çalışdı. Uzun illər danışıqlar getdi, sənədlər hazırlandı, lakin nədənsə son anda bütün bunlar nəticəsiz qalırdı. Xalqımızın başına gətirilən faciələrə dünya ölkələri susdu.  İnsan haqlarının müdafiəçisi qismində çıxış edən Avropa ölkələri və təşkilatları Azərbaycana qarşı ikili standartlar nümayiş etdirdi.

Ölkəmizin heç zaman müharibə istəmədiyini vurğulayan S.Möhbalıyev dedi ki,  “Azərbaycan hər zaman keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olub”.

Lakin sülh təşəbbüsü, danışıqlar  yolu ilə nəticə əldə edə bilməyən Azərbaycan 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və yenilməz  Ordumuzun qəhrəmanlığı sayəsində  ermənilərin və havadarlarının bölgədəki siyasəti iflas edildi, Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu.

Azərbaycan Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək Forumun əhəmiyyətindən, təhsil sahəsində türkdilli ölkələr arasında əlaqələrin inkişafından və son illərdə Azərbaycan təhsilində əldə olunmuş nailiyyətlərdən danışdı. Dedi ki, hər ölkənin gələcəyi onun təhsilindən asılıdır. Birgə səylər olarsa, biz təhsildə daha yaxşı nəticələr qazana bilərik.

Biz böyük çətinliklərlə qarşılaşsaq da, yəni Səttar müəllimin də qeyd etdiyi kimi, I və II Qarabağ müharibələrinin getdiyi, 1 milyondan artıq məcburi köçkün olduğu vaxtlarda belə, təhsilə diqqət və qayğını əsirgəməmişik. Hər bir Azərbaycan vətəndaşının təhsilə əlçatanlığını təmin etməyə çalışmışıq. 2013-cü ildə qəbul olunmuş Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında  əsas istiqamətimiz təhsilin maddi-texniki bazasının, infrastrukturunun müasir tələblər səviyyəsinə çatdırılması idi. 2003-2021-ci illər ərzində ölkəmizdə 4 minə yaxın yeni təhsil müəssisəsi tikilib və əsaslı təmir olunub. Ucqar kəndlər üçün isə yeni layihə həyata keçirdik. Bu, modultipli məktəblərin istifadəyə verilməsi idi. Hazırda onların sayı 500-ü keçib.  Qeyd edim ki, 2002-2003-cü illərdə 1062 şagirdə 1 kompüter düşürdü. İndi bizim builki  hədəfimiz odur ki, altı şagirdə bir kompüter düşsün.

 F. Qurbanov ATİAHİ ilə Təhsil Nazirliyinin birgə fəaliyyətindən söz açaraq dedi ki, bizim əməkdaşlığımız ilk növbədə hüquqi müstəvidədir. Aramızda  üç ildən bir yenilənən saziş bağlanıb. Əməkdaşlığımızın əsas  istiqaməti isə təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqlarının müdafiəsidir.

Sonda F.Qurbanov Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin fəaliyyətinə uğurlar arzuladı. Tədbirdə iştirakından şərəf duyduğunu vurğuladı.

Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin və Türk Egitim-Senin sədri Talip Geylan UAESEB-nin yaradılmasının məqsədlərindən, funksiyalarından, həyata keçirdiyi layihələrdən danışıb. Bildirib ki, Türkdilli ölkələr arasında əlaqələr bütün sahələri əhatə etməklə yüksələn xətlə inkişaf etməkdədir. Qeyd edib ki, rəhbəlik etdiyi qurum türkdilli dövlətlər arasında mövcud olan münasibətlərin daha da dərinləşməsində, təhsil, mədəniyyət sahəsində əməkdaşlığın genişlənməsində əhəmiyyətli rol oynamaqdadır.

O, Vətən müharibəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini bütün Türk dünyasının parlaq qələbəsi adlandırıb. Qeyd edib ki, Türk dövlətlərinin heç bir ölkənin torpaqlarında gözü yoxdur: “Biz bunu 44 günlük Vətən müharibəsində də gördük. Azərbaycan Ordusu, dünya ölkələrinin təzyiqlərinə baxmayaraq, qəhrəmanlıq göstərərək tarixi Zəfərə nail oldu. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm. Qarabağ problemi bitib və Qarabağ Azərbaycandır! Ermənistan gərək bundan sonra normal qonşuluq siyasətini davam etdirsin. Əks halda özünə problem yaradacaq”.

Digər çıxış edənlər - Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Aygül Mukaşeva, Qırğızıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Asilbek Toktoqulov, Şimali Makedoniya İnformasiya və İdarəetmə nazirinin müşaviri, “Üfüq” Dərnəyinin sədri Elvin Hasan, Kipr Türk Məmur-Senin sədri Akın Manqa, Rumıniya Türk Demokrat Birliyi Təhsil Komissiyasının sədri Vildan Bormambet və Özbəkistan Təhsil, Elm və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının sədri Ravşan Bedilov ölkələrində həmkarlar ittifaqlarının fəaliyyətindən, cəmiyyətin inkişafında rolundan, ölkənin ictimai həyatında xidmətlərindən söz açıblar. Həmçinin UAESEB-nin ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfələrdən danışıblar. Çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılmış qələbə münasibətilə azərbaycanlı həmkarlarına təbriklərini çatdırıb və bunu Türk dünyasının şanlı tarixi adlandırıblar.

Tədbirin sonunda UAESEB-nin XIV Forumunun yekun       Bəyanatı səsə qoyularaq qəbul edilib.

 

Əsli TELMANQIZI

ETİKETLƏR:

Foto