Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Vətəndaşlarımız sosial şəbəkələrdə yayılan informasiyalara inanıb panikaya düşməməlidir

Mövzu ilə bağlı Həkimlər İctimai Birliyinin sədr müavini Aydın Əliyevlə müsahibəmiz oldu.

29.06.2022 01:28
101
A+
A-

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) infeksiyanın təyin edilməsinə qərar vermək üçün təşkil edilən iclasda meymunçiçəyi xəstəliyini pandemiya elan edib. Təşkilat meymunçiçəyi xəstəliyinin qlobal ictimai sağlamlıq üçün fövqəladə vəziyyət olduğunu bildirib. Qeyd olunub ki, epidemiyanın mənfi nəticələrini azaltmaq üçün virusun keçdiyi yerdə təcili tədbirlər görülməklə epidemiya aradan qaldırılmalıdır.

Həmçinin qeyd edilir ki, “Qlobal epidemiya razılaşdırılmış qlobal tədbirlər olmadan bitməyəcək. Hətta meymunçiçəyi xəstəliyindən daha aşağı ölüm nisbəti olsa belə, onun davamlı yayılmasının qarşısını almaq üçün tədbirlər görülməsə, milyonlarla insan öləcək və daha çox insan kor və əlil olacaq”.

Mövzu ilə bağlı Həkimlər İctimai Birliyinin sədr müavini Aydın Əliyevlə müsahibəmiz oldu.

- Aydın həkim, meymunçiçəyinə yoluxma sayının artması onunla mübarizədə hansı profilaktik tədbirlərin görülməsinə zərurət yaradır?

- Bu günə qədər 58 ölkədə 3417 təsdiqlənmiş meymunçiçəyi hadisəsi qeydə alınıb. Epidemiya bir neçə qitədə genişlənir. Ümumdünya Səhiyyə Şəbəkəsi ölkələri və qlobal səhiyyə orqanlarını təcili, effektiv tədbirlər görməyə çağırır.

Düşünürəm ki, dünya əhalisini xəbərdar etmək və onları maarifləndirmək, əlbəttə ki, təqdirəlayiqdir. Lakin bu xəstəliyin COVID-19 kimi sürətlə yayılmasını, kütləvi hal almasını gözləmirəm. Ciddi təlaşlanmağa ehtiyac yoxdur. Amma bu o demək deyil ki, biz arxayın düşməliyik. Təbii ki, profilaktik tədbirlər görülməlidir. Amma xəstəlik əlaməti olmayan insanlar qətiyyən dərman vasitələrindən istifadə etməməlidir. Çünki COVID-19 virusunda da bunun fəsadlarını geniş şəkildə müşahidə etdik. Xəstəlik əlamətləri olarsa, yalnız həkim məsləhəti ilə müxtəlif sistemlər, vitaminlər, antibiotiklər qəbul etmək olar. Sadəcə, normal qidalanmaq və şəxsi gigiyena vasitələrinə əməl etmək lazımdır.

- Aydın həkim, meymunçiçəyi virusunun gözləniləndən daha sürətlə təkamül etdiyi aşkarlanıb. Bunu Portuqaliyanın Milli Sağlamlıq İnsitutunun alimləri apardıqları tədqiqatlardan sonra bildiriblər. Onların sözlərinə görə , genetik analiz virusun gözləniləndən 6-12 dəfə yükəsək sürətlə mutasiyaya başladığını göstərib. Patogenin sürətlənmiş dəyişməsi onun insanlara yoluxmasının yeni bir yolunun inkişaf etdiyinin sübutu sayılıb.

- Mən bu fikirlərlə qətiyyən razılaşmıram. Çünki COVID-19 “RNT” tərkibli virus olduğu üçün sürətlə yayılırdı. Lakin meymunçiçəyi “DNT” tərkibli virus növüdür və mutasiyaya uğramaq ehtimalı çox azdır. Həmçinin bu virus insandan-insana çox yaxın təmas zamanı keçə bilər.

Düşünürəm ki, bu, düzgün informasiya deyil. Buna misal olaraq, “meymunçiçəyinə yoluxmuş ilk pasiyentin 50-dək insanla təmasından yalnız birinin yoluxması faktı  infeksiyanın nə qədər zəif yoluxdurucu olduğunu göstərir”-deyə Britaniyadakı Nottingham Universitetinin molekulyar virusologiya professoru Jonathan Ball bildirib.

Ona görə də vətəndaşlarımız sosial şəbəkələrdə yayılan belə informasiyalara inanıb panikaya düşməməlidirlər. Onlar yalnız rəsmi məlumatlara əsaslanmalıdırlar.

- Bəzi mutasiyalar virusun insanın immun sisteminə təsiri ilə əlaqələndirilir.

- Bəli, normal qidalanmaq lazımdır. Normal qidalanmadıqda insanın immun sistemi zəifləyir. Bunun üçün keyfiyyətli qidalanmaq, həftədə ən az iki dəfə ət məhsulları qəbul etmək, meyvə-tərəvəzdən bol-bol istifadə etmək lazımdır.

- Virusun qarşısının alınması üçün dünya ölkələrində, o cümlədən Azərbaycanda karantin, yaxud yenidən qapanmalar ola bilərmi?

- Doğrusu, mən gözləmirəm ki, sürətli şəkildə yayılma olsun. Ona görə də düşünürəm ki, qapanmalara ehtiyac olmayacaq. Hazırda virusun yayılmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülür. Yəni COVID-19 kimi böyük bir bəlanın astanasında deyilik.

 

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR: