Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Ailə başçısını itirməyə görə pensiya təminatında yeni təklif olunan dəyişikliklər

.

06.07.2022 11:29
244
A+
A-

“Əmək pensiyaları haqqında” qanunda 11 maddə üzrə 50-dək əlavə və dəyişiklik edilib. Dəyişikliklərdən biri də ailə başçısını itirmiş ailələrin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlıdır.

Ailə başçısını itirməyə görə pensiya təminatında yeni dəyişikliklər nədən ibarətdir?

Bu və ya digər suallara aydınlıq gətirməyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsinin Pensiya siyasəti sektorunun müdiri Aynurə Zamanovadan xahiş etdik. O dedi:

-Qeyd etmək istərdik ki, bu istiqamətdə 3 yenilik nəzərdə tutulmuşdur:

1. Ailə başçısını itirməyə görə pensiyanın bir ailə üzvünə düşən hissəsi onun hüququ yaranan müavinətin məbləğindən az olduqda, ona ailə başçısını itirməyə görə pensiya əvəzinə həmin  müavinəti almaq hüququ verilir. Bu zaman (eləcə də pensiya payını almadığı digər hallarda) onun pensiya payı bərabər şəkildə bölünərək digər ailə üzvlərinin pensiyasına əlavə olunacaq.

Digər bir yenilik  yaşa, yaxud əlilliyə görə pensiya alan şəxs ailə başçısını itirdikdə və ailə başçısını itirməyə görə də pensiya hüququ yarandıqda öz pensiyasını seçirsə, ona hesablanan pensiya məbləği digər ailə üzvləri arasında bərabər bölüşdürüləcək.

Məsələn, 300 manat pensiya alan ailə başçısı dünyasının dəyişdikdən sonra onun yoldaşı öz pensiyasını almaqda davam edir. Yəni, o, dünyasını dəyişmiş yoldaşının pensiyasını seçmir. Bu halda dünyasını dəyişmiş şəxsin yoldaşının öz pensiyasını almaq imkanı yaranır və  vəfat etmiş şəxsin 300 manat pensiyası isə digər hüququ yaranan ailə üzvləri arasında bərabər bölüşdürüləcək.

2. Vəfat edən şəxsin pensiya məbləği onun ailə üzvlərinə sonradan ailə başçısını itirməyə görə pensiya kimi təyin ediləndə ötən illərə uyğun şəkildə indeksasiya edilərək artırılacaq.

-Məsələn, pensiyası 285 manat olan və 2019-cu ildə vəfat etmiş ailə başçısının həyat yoldaşına 2022-ci ildə ailə başçısını itirməyə görə pensiya təyin edildikdə həmin şəxsə 285 manat deyil, 382,8 manat pensiya təyin ediləcək. Yəni həmin məbəğ indeksləşdirilir.

3. Vəfat etmiş pensiyaçının pensiyasının məbləğinin də o, pensiyaya çıxdıqdan sonra vəfat edənədək topladığı pensiya kapitalı nəzərə alınmaqla ailə üzvünə müvafiq pensiya təyinatı zamanı yenidən hesablanması imkanı yaradılır.

-Məsələn, 2017-ci ildə 245 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmiş şəxs işləməkdə davam edib və 2019-cu ildə vəfat edib. Artıq həmin ikiillik dövr üzrə toplanmış pensiya kapitalının da  hesablanaraq nəzərə alınmaqla, ailə başçısını itirməyə görə təyin olunan pensiyanın artırılması mümkün olacaq.

-Bəs vətəndaşın pensiya almaq hüququna müəyyən bir müddət qalıbsa, o həyatını itirdikdə yığılmış pensiya kapitalı hansı hallarda ailə üzvlərinə verilir və ya heç verilmir?

-Bu, ən çox verilən suallardandır. Qeyd etmək istəyirəm ki, yeni dəyişikliyə qədər də vətəndaş pensiyaçı deyildirsə, məsələn, 65 yaşında pensiya almaq  hüququ qazanacaq adam, əgər 64 və ya daha tez  yaşında rəhmətə gedibsə, onun ilk növbədə bu vaxta  kimi nə qədər stajı yarandığına baxılır. Əgər ailə başçısını itirməyə görə staj tələbi ödənirsə, onun istifadə olunmamış bütün kapitalı ailə üzvünə sözügedən pensiya şəklində ödənilir. Məsələn, 63 yaşında dünyasını dəyişən ailə başçısına münasibətdə hazırda 16 il staj tələb olunur. Məsələn, ya yoldaşı pensiya yaşına çatmalıdır və ya orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə, 18 yaşına qədər şərtsiz, 23 yaşına qədər əyani təhsil alan övladları varsa, bu siyahı kifayət qədər genişdir, bu zaman qeyd  olunan şərt nəzərə alınmaqla onların ailə başçısını itirməyə görə pensiya almaq hüququ yaranır. Bu zaman ailə başçısının kapitalına baxılır və pensiya hesablanılaraq pensiya hüququ qazanmış ailə üzvləri arasında bərabər bölüşdürülür.

 

Əsli ƏHMƏDOVA

ETİKETLƏR: