Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Gündəmin aktual mövzusuna çevrilmiş məsələnin həlli mümkün görünürmü?

Məsələyə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vüqar Bayramov və  Azad  İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla aydınlıq gətirməyə çalışdıq.

06.07.2022 11:40
157
A+
A-

Ölkədə kənd təsərrüfatı məhsullarının, xüsusən də mövsümi meyvələrinin qiymətlərinin bahalığı ictimai qınağa səbəb olub. Nəinki aztəminatlı insanlar, qiymətlərə qarşı hətta cəmiyyətin bütün təbəqələrindən etiraz səsi eşidilir. Hər kəsi bahalığın haradan necə qaynaqlandığı düşündürür.

Məsələyə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vüqar Bayramov və  Azad  İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla aydınlıq gətirməyə çalışdıq.

Millət vəkili dedi ki, Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, 2022-ci ilin ilk beş ayında Azərbaycanda inflyasiya səviyyəsi proqnozlaşdırılandan daha çox olub - 12.5 faiz. Hətta bəzi məhsulların qiyməti, demək olar ki, 50 faizə qədər yüksəlib. Buna səbəblərdən biri idxaldan asılılıqdır.

Qiymət artımına  digər bir səbəb isə məhsul qıtlığıdır. Bu isə tələbin təklifi üstələməsi deməkdir. Apardığımız monitorinqlər göstərir ki, təklifin azalması qıtlıqdan daha çox, bazarlarımızda inhisarçılığın hökm sürməsi ilə bağlıdır. Xüsusən də paytaxt bazarları ilə müqayisədə rayonlarda qiymətlərin bir neçə dəfə ucuz olması bunu təsdiq edir.  Bu fərq əsasən də kənd təsərrüfatı məhsullarının qiymətlərində özünü daha çox göstərir. Hazırda sözügedən məhsullarda kifayət qədər bolluq var. Hesab edirəm ki, bu sahədə aidiyyəti qurumlar ciddi addımlar atmalıdır. Qiymətlərin optimallaşdırılması üçün istehlak bazarında monitorinqləri genişləndirməli, nəzarəti gücləndirməlidirlər. Çünki, təbii olaraq, mövsümi məhsulların qiymətinin “əl yandırması” cəmiyyətdə ciddi narazılıq doğurur.

Vüqar müəllim məhsulların şəhərlərdə rayonlara nisbətdə bahalığında heç bir anlaşılacaq səbəbin olmadığını, ancaq inhisarçılığın rol oynadığını söylədi.

Bəs bu inhisarçılıq probleminə nə vaxt, necə son qoyulacaq? Gündəmin aktual mövzusuna çevrilmiş bu məsələnin həlli mümkün görünürmü? Suallara həmsöhbətim Eyyub müəllim aydınlıq gətirdi.  Həll barədə danışmazdan əvvəl səbəbi öyrənmək lazımdır. Mənə görə birinci səbəb kəndlinin yetişdirdiyi məhsulun yığılandan sonra rasional qaydada istehlakçıya çatdırılmasının mümkün  olmamasıdır. Məsələn, “Meyvəli” topdansatış bazarı elə sistemli iş aparır ki,  hətta  rayonlardan şəhərə məhsul gətirən maşınlar özləri yığılmış kənd təsərrüfatı məhsullarını evlərdən götürüb   topdansatışa təhvil  verirlər. Təbii ki, bu, əla təşəbbüsdür.  Lakin həmin topdansatış mərkəzi, qida zəncirinin bir halqası olaraq, qiymətin ciddi dəyişməsinə təsir göstərir. Digər məsələ, Qida Təhlükəsizliyi Agentliyi (QTA) bütün kənd təsərrüfatı istehsalçılarını, öz əsasnaməsinə uyğun olaraq, məcbur edir ki, meyvə bazara çıxmazdan öncə mütləq yoxlanılmalı, sertifikatlaşdırılmalı, təhlükəsizliyi təmin olunmalıdır və s. Buradan görünür ki, kəndlinin əlində  məhsul boldursa  və nəqliyyat problemi yoxdursa da, üçüncü mərhələ- bazara giriş imkanı məhdudlaşdırılıb. QTA- nın bu yoxlaması, təbii və qanuni olsa da, kəndli məcbur olur ki, məhsulu həmin topdansatış bazarı vasitəsilə realizə etsin və pərakəndə satışa ordan çıxartsın. Meyvəli topdansatış bazarı isə qiymətin formalaşmasına, istədiyi kimi təyin olmasına rəvac verir. Onu da qeyd edim ki, Bakı şəhərinin meyvə təminatının 90 faizi “Meyvəli” topdansatış mərkəzinin payına düşür. Yəni burada rəqabət də boğulub. Təsadüfi deyil ki, ölkə Prezidenti iqtisadiyyatla bağlı bütün çıxışlarında qeyd edir ki, ölkədə inhisarçılıq var, eyni zamanda kartel sövdələşmələri var. Təəssüflər olsun ki, bunlara nəzarət edən dövlət qurumları heç bir rasional iş aparmır. Doğrudan da, cənab Prezidentin dediyi kimi, qiymətlər insan qrupları tərəfindən təyin olunur. Bunun nəticəsində də istehlakçılar əziyyət çəkir. Onu da bilirik ki, Azərbaycanda “bir dəfə qalxan qiymət bir daha enmir”. Demək olar ki, ölkədə meyvə-tərəvəz, kənd təsərrüfatı məhsulları sahəsində son on illiklərə nəzər salsaq, tarixin ən yüksək qiymətini müşahidə edərik. Daha pis xəbər odur ki, bu, durmadan da artacaq. Baxmayaraq ki, bu il Ukraynaya, Rusiyaya bəzi meyvələrin daşınılmasında çətinlik oldu. Bu səbəbdən biz əslində xeyli ucuzlaşma olacağını gözləyirdik. Lakin müəyyən qrupların əli altında olduğu üçün  qiymətlərdə əksinə, bahalaşma baş verdi.  Birliyin sədri qeyd etdi ki,  bu sahədə çox ciddi narazılıq var. Biz gübrənin bahalaşmasını, kənd təsərrüfatı texnikasının şum, su məsələlərini, yəni məhsulun maya dəyərinə təsir edən hər bir  amili nəzərə alırıq. Eyni zamanda bilirik ki, şəhər və rayonlar arasında kənd təsərrüfatı və bəzi  məhsullarda,  təbii ki, qiymət fərqi hər zaman olub. Lakin bütün bunlara rəğmən hər kəs bilir ki,  fərq heç vaxt bu dərəcədə olmamlıdır.

E. Hüseynov əlavə etdi ki, şəhərlərin ən yaxşı qida təminatçıları ora yaxın olan ətraf rayonlar olmalıdır. Dünyanın bir çox, o cümlədən MDB ölkələrində bu  belədir. Azərbaycanda da belə idi.

Vaxtilə paytaxt əhalisinin, tam olmasa da, hissediləcək dərəcədə kənd təsərrüfatı məhsulları ilə təminatında Abşeron rayonu, yəni Bakıətrafı kəndlər mühüm rol oynayırdı. Bu kəndlər indi niyə bu funksiyasını həyata keçirə bilmir? Nə oldu o torpaqlara? Məhsuldarlığınımı itirdi? Yox, o torpaqlar bələdiyyələrin əli ilə ayrı-ayrı fərdlərə mənzil tikintisi üçün satıldı. Beləliklə, paytaxt əhalisinin sayı artdı, əkin sahələri isə azaldı və yoxa çıxdı.

Əsli TELMANQIZI

ETİKETLƏR: