Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Universitet diplomunun dəyəri sonrakı iş imkanlarının genişliyi ilə ölçülür

Təhsil üzrə mütəxəssis Kamran Əsədov həm mövzumuza əhatəli şəkildə aydınlıq gətirdi, həm də bu istiqamətdə olan boşluqlardan gileyləndi.

06.07.2022 11:44
9
A+
A-

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, Azərbaycanda kifayət qədər işaxtaran və boş iş yerləri var. Lakin mövcud vakansiyalar dolmur və insanlar işsiz qalır. Qeyd edib ki, bu gün ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin məzunlarının az qismi əmək bazarında olan tələbləri ödəyə bilir. Çünki onların bilikləri daha çox nəzəri xarakter daşıyır. Universitetlərdə biliklər bazarın tələblərinə uyğun olaraq təkmilləşdirilməlidir.

Bəs dövrümüzdə əmək bazarının tələbləri nələrdir? Azərbaycanın gələcəyini inşa edəcək gənclər bu gün  hansı istiqamətə yönəldilməlidir? Təhsil müəssisələrindəki ixtisaslar əmək bazarının tələblərinə cavab verməyəndən sonra bu yönləndirmə necə baş tutacaq?  Dövrə, eyni zamanda yaxın onillikdə baş verəcək yeniliklərə uyğun  ölkənin  təhsil sistemində hansı dəyişikliklər olmalıdır?

Təhsil üzrə mütəxəssis Kamran Əsədov həm mövzumuza əhatəli şəkildə aydınlıq gətirdi, həm də bu istiqamətdə olan boşluqlardan gileyləndi.

Dedi ki, əmək bazarında ehtiyac yaranan yeni ixtisaslara tələb  pandemiya dövründən başlandı. Bu dövrdə bütün idarəetmənin onlayn rejimə keçməsi gələcəkdə bu istiqamətdə ixtisaslara daha çox ehtiyacın olacağı məlum oldu.

Universitetlər tələbələri bazarın tələblərinə uyğun biliklə təmin edə bilmirsə, o zaman universitet təhsili vaxt və pul israfıdır.  Çünki insanlar universitet təhsili almaq üçün illərlə çalışır və ciddi maddi resurs istifadə edirlər. Belə olan təqdirdə universitetin onlara bazar tələblərinə uyğun bilik verməməsi düzgün deyil.

K.Əsədov dedi ki, universitet diplomunun dəyəri əsasən məzunun iş imkanlarını artırması ilə ölçülür. Lakin universitetlərdə təhsil haqları heç də hamı üçün əlçatan deyil. Belə olan təqdirdə ixtisasa uyğun iş tapmaq baxımından yeni imkanlar yaradan diplomlar əsasən universitet diplomlarını əhatə etməməlidir. Hazırda diqqətdən kənar qalan texnikum və peşə məktəblərinin cəlbediciliyinin artırılması işçinin biliyi ilə bazarın tələbləri arasındakı uyğunsuzluğu aradan qaldırmağa ciddi kömək edə bilər. Çünki Azərbaycanda şagirdlərin təxmini 66%-i orta məktəbdən sonra heç bir təhsil almır və nəticədə onlar ixtisassız işçiyə çevrilirlər ki, bu problemi də texnikum və peşə məktəbləri aradan qaldıra bilər. Bir çox ixtisasa yiyələnmək və gələcəkdə ona uyğun iş tapmaq üçün universitet təhsili vacib deyil və vacib də olmamalıdır. Universitet təhsili o ixtisaslar üzrə önəm daşıyır ki, orada tələbənin ciddi nəzəri biliklərə yiyələnməsi zəruri olsun və bu nəzəri biliklərin universitetdən kənar əldə edilməsi qeyri-mümkün və ya olduqca çətin olsun. Məsələn, hazırda Bakı Dövlət Universitetində kitabxanaçılıq ixtisası var, halbuki kitabxanaçılıqda ən yaxşı halda minimal nəzəri biliyə yiyələnmək kifayətdir. Kitabxanaçı olmaq üçün texnikum oxumaq kifayət etməlidir. Texnikum və peşə məktəblərində daha çox insanın təhsil alması və bu təhsil müəssisələrinin reputasiyasının yaxşılaşması, təbii ki, işəgötürənlərin də yerli-yersiz bütün iş elanlarına ali təhsil tələbi yerləşdirməsini aradan qaldıra bilər. Məsələn, hazırda ölkədə ən prestijli hesab edilən iş yerlərindən biri bank sektorudur. Banklarda ön ofis işçiləri üçün lazım olan əsas bacarıqlar bankların daxili proqram təminatı ilə işləmək və məhsulların şərtləri ilə tanış olmaqdan ibarətdir. Belə olan təqdirdə bu tip ixtisaslar üçün niyə ali təhsil şərti vacib olmalıdır? Məhsulun şərtləri ilə tanış olmaq və müştəri ilə ünsiyyət yaratmaq üçün universitet bitirmək, yaxud da texnikum məzunu olmaq hansısa bir təsir yaratmır. Məsələn, ali təhsil müəssisələrində tədris edilən turizm bələdçiliyi ixtisası da ciddi nəzəri bilik tələb etmədiyindən onu texnikumlara həvalə etmək olar.

Bu baxımdan ciddi nəzəri bilik tələb edilməyən ixtisaslarda texnikum və ya peşə təhsili alanların da işləyə bilməsi bu təhsil müəssisələrinə olan marağın artmasına səbəb ola bilər. Belə ki, texnikum və peşə məktəblərində həmin ixtisasların tələb etdiyi səviyyədə minimal nəzəri bilik tədris edilə bilər. Beləliklə, əmək bazarında ixtisaslı işçi qüvvəsinin artmasına səbəb ola bilər. Bu isə, dolayısı ilə, işsizliyin azalmasına imkan yaradır. Çünki ixtisassız işçi qüvvəsindən fərqli olaraq bir çox peşə sahəsində bilikləri olan şəxslər şirkətlərdə iş yeri tapa bilmədikdə peşə fəaliyyətləri ilə bağlı fərdi qaydada öz xidmətlərini təklif edə bilirlər. Digər tərəfdən, əmək bazarında işəgötürənlərin vakansiyalar üçün peşə bilikləri ilə bağlı tələbləri olur və heç bir istiqamətdə ixtisaslaşmayan ixtisassız işçilər vakant yerlər olmasına baxmayaraq, həmin sahədə təcrübələri olmadığı üçün iş imkanlarını əldən vermiş olurlar.

Əsli TELMANQIZI

ETİKETLƏR: