Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Büdcədə dəyişikliklər ölkəmizin iqtisadi və sosial prioritetlərinə uyğundur

.

06.07.2022 11:55
6
A+
A-

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanunda edilən dəyişiklikləri təsdiqləyib. Qanuna əsasən, 2022-ci il dövlət büdcəsinin gəlir və xərcləri artırılıb. Artırılan xərclərin əsasən təhlükəsizlik, müdafiə, sosial sahələrdə, işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində sərf olunacağı nəzərdə tutulub.

Millət vəkili Vüqar Bayramov qəzetimizə müsahibəsində dövlət büdcəsinə edilən dəyişiklikləri şərh edib. O bildirib ki, neftin qiymətinin dünya bazarında proqnozlaşdırılandan çox olması və qeyri-neft sektoruna daxilolmalar  2022-ci ilin dövlət büdcəsinə yenidən baxılmasına və əlavə dəyişikliklər edilməsinə imkan yaratdı. Nəzərə alaq ki, edilən dəyişikliklərlə büdcədən 2,9 milyard manat əlavə vəsait xərclənəcək. Bu, büdcə xərclərinin 32 milyard manatdan artıq olması anlamına gəlir. Dəyişikliklərə əsasən, işğaldan azad olunmuş ərazilərimizə, Qarabağın və Şərqi Zəngəzurun bərpasına və yenidən qurulmasına əlavə vəsaitin ayrılması nəzərdə tutulub. Belə ki, büdcədən 470 milyon manat əlavə vəsaitin bu istiqamətə sərf olunması planlaşdırılır. Bütövlükdə son iki ildə dövlət büdcəsindən Qarabağ və Şərqi Zəngəzurun bərpası üçün 4 milyard 870 milyon manat vəsait ayrılır. Bu da ondan xəbər verir ki, Azərbaycan üçün işğaldan azad olunmuş ərazilərimizin daha tez yenidən qurulması və bərpası prioritet məsələdir. Eyni zamanda ərzaq təhlükəsizliyinin təmini üçün 200 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu, xüsusən də qlobal ərzaq bönranı konteksində olduqca vacibdir. Nəzərə alsaq ki, bəzi məhsulların ixracında qadağalar var. Dünya bazarında qiymət artımları ilə yanaşı, həm də bir sıra ərzaq məhsulunun qıtlığı var. Bu da imkan verəcək ki, Azərbaycan ərzaq ehtiyatlarını daha da genişləndirə bilsin. Sosial sferaya 600 milyon manata yaxın əlavə vəsaitin ayrılması nəzərdə tutulub. Bu, xüsusən cənab Prezidentin fevral və mart aylarında təsdiq etdiyi sənədlərin icrası ilə bağlıdır. Eyni zamanda ictimai iş yerlərinin sayı və bu istiqamətdə ayrılan vəsaitin həcmi də 40 faizə yaxın artırılır. Bunun nəticəsində ictimai iş yerlərinə daha çox vətəndaşlarımızın cəlb edilməsi və işlə təmin olunması mümkün olacaq. Büdcəyə edilən dəyişikliyin həm iş yerlərinin yaradılması, həm də bütövlükdə sosial paketin maliyyələşdirilməsi baxımından əhəmiyyəti böyükdür. İqtisadi fəaliyyət üçün ayrılan vəsaitin həcmində də artımlar var. Bu da real sektorda daha çox sərmayə qoyuluşu və iş yerləri deməkdir. O baxımdan 2022-ci ilin dövlət büdcəsinə edilən dəyişikliklər Azərbaycanın iqtisadi və sosial prioritetlərinə uyğun olaraq həyata keçirilir. Bu, imkan verəcək ki, növbəti aylarda büdcə tərəfindən daha çox vəsaitin xərclənməsi mümkün olsun. 

V.Bayramov dövlət büdcəsinə təqdim edilən dəyişikliklərin dövlət və cəmiyyət qarşısında duran mühüm çağırışların dəf edilməsinə və yarana biləcək problemlərin önlənməsinə xidmət edəcəyini deyib.

 

Azər MUSTAFAYEV

ETİKETLƏR: