Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Əlilliyə görə əmək pensiyası tam ödənilirmi? Şəxsin işləyib-işləməməsinin pensiyanın məbləğinə təsiri varmı?

.

06.07.2022 16:37
5
A+
A-

Əlilliyə görə əmək pensiyası tam ödənilirmi? Şəxsin işləyib-işləməməsinin pensiyanın məbləğinə təsiri varmı?

 

Səfurə KƏRİMOVA, Sumqayıt şəhəri.

- Qüvvədə olan “Əmək pensiyaları haqqında” qanun 7 fevral 2006-cı ildə qəbul edilmişdir. Bu qanun qüvvəyə mindiyi günədək təyin edilmiş əlilliyə görə əmək pensiyası himayədə olanlara görə verilən əlavə nəzərə alınmadan tam məbləğdə ödənilir. Qanun qüvvəyə mindikdən sonra təyin edilmiş əlilliyə görə əmək pensiyası himayədə olanlara görə verilən əlavə nəzərə alınmadan yalnız baza hissəsi ödənilirdi.

10 mart 2017-ci ildə qanunun 37.3.2. maddəsinə dəyişiklik edildi. İndi 37.3.2. maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir.

 

3-cü qrup əliləm. İşləyirəm. Əmək məzuniyyətimin vaxtıdır. Bilmək istəyirəm, mənə neçə gün məzuniyyət düşür? Ümumiyyətlə, staja görə də əlavə məzuniyyət düşürmü?

 

Sabir NİYAZOV, Daşkəsən rayonu.

 

- Əmək Məcəlləsinin 119-cu maddəsində fizioloji keyfiyyətləri ilə bağlı işçilərin məzuniyyətlərinin müddətləri müəyyən edilmişdir.

Həmin maddəyə əsasən, əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq, işləyən əlillərə və sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir. Əlillərə staja görə əlavə məzuniyyət verilmir.

 

Bağışlama müqaviləsi nədir?

 

Cəbrayıl MƏMMƏDOV, Şirvan şəhəri.

 

- Mülkiyyət hüququnun yaranması əsaslarından biri də əmlakın bağışlama müqaviləsi vasitəsilə əldə edilməsidir. Real həyatımızda da bağışlama müqaviləsi alqı-satqı müqaviləsindən sonra məişətdə ən çox rast gəlinən müqavilə növlərindən biridir. Məhz bu səbəbdən Mülki Məcəllənin ayrıca bir fəsli (32-ci fəsil) bu müqavilə növünə həsr edilmişdir.

Bəs nədir bağışlama müqaviləsi?

Məcəllənin 666-cı maddəsinə görə, bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi  sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.    

 

Bağışlama müqaviləsi kimlər arasında bağlanar?

 

Sevinc ƏHMƏDOVA, Bakı şəhəri.

 

- Qanunverici bu müqaviləni bağlaya bilən şəxslərin dairəsini də müəyyən edib: dövlət orqanları, hüquqi və fiziki şəxslər bağışlama müqaviləsi bağlaya bilərlər.

Hüquqi şəxsin adından bağlanan müqavilə onun nizamnamə və ya əsasnaməsində göstərilən məqsədlərə zidd olmamalıdır.

Müqavilənin təsdiq edilməsi üçün fəaliyyət qabiliyyətli fiziki şəxs və ya onun lazımi səlahiyyətə malik nümayəndəsi müraciət edə bilər.

Şəxsin fəaliyyət qabiliyyətli olması hələ ona məxsus olan əmlakı təkbaşına bağışlamaq hüququnun olması demək deyil. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Çünki şəxs birgə nikah dövründə qazanılmış və vərəsəlik hüququ ilə məhdudlaşmış əmlakla bağlı təkbaşına bağışlama müqaviləsi bağlaya bilməz. Daşınmaz əmlak birgə nikah dövründə əldə edilmişdirsə, onun bağışlanmasına ərin (arvadın), qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvlərinin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur.

 

Mənim hələ 18 yaşım olmayıb. İşləyirəm. Məzuniyyətə çıxmalıyam. Bilmək istəyirəm, mənə neçə gün məzuniyyət düşür?

 

Yaqut İBRAHİMOVA, Sumqayıt şəhəri.

 

- Yaşını dəqiq göstərmədiyinə görə sənin məzuniyyət müddətinin 35, yaxud 42 olmasını deyə bilmirik. Ancaq məlumun olsun ki, qanunvericiliyə əsasən, yaşı 16-dan az olan işçilərə əmək məzuniyyəti 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək işçilərə isə 35 təqvim günündən az olmayaraq verilir.

ETİKETLƏR: