Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Milli yüksəlişin təməl günü

53 il öncə Heydər Əliyevin Azərbaycana qüdrət və inkişaf  bəxş edən missiyası başladı

14.07.2022 13:39
24
A+
A-

Bu gün Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. İki əsrlik münaqişəni, otuz illik müharibəni Zəfərlə bitirən, dünyanın ən islahatçı ölkələri sırasına yüksələn, bölgənin şəriksiz liderinə çevrilən ölkəmizin bütün bu nailiyyətləri Prezident İlham Əliyevin möhtəşəm fəaliyyətinin nəticələridir. Ancaq bir məqamı da unutmayaq, möhtərəm dövlət başçımız hər zaman bildirir ki, bu nailiyyətlərin əsasını Ulu Öndər Heydər Əliyev siyasi kursunun uğurla həyata keçirilməsi təmin edir.

Haqlı olaraq dünyanın ən böyük azərbaycanlısı sayılan Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti dövründə formalaşdırdığı təməllər həm də uzun onilliklər boyu Azərbaycanın uğurlu inkişafını təmin edəcək düzgün yol kimi ölkəmizin yeganə alternativsiz yüksəliş yoludur.

Həssas bölgədə yerləşən Azərbaycanda dövlətçiliyin bütün bəşəriyyətə örnək olan inkişaf modelinin qurulması istiqamətində Ulu Öndərin  tarixi xidmətləri bütün dünyanın qəbul etdiyi və öyrəndiyi zəngin bir irsdir. Əminliklə deyə bilərik ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında xidmətləri əvəzedilməzdir. Bütün bu işlər isə 1969-cu il iyulun 14-də Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişi ilə başlayıb.

Tarixi missiyanın uğurlu başlanğıcı

Hər bir xalq tarixən yaranmış əlverişli şəraitdə özünün milli dövlətçilik, müstəqillik ənənələrinin bərpasına can atır. Zəngin dövlətçilik ənənələri olan Azərbaycan xalqı üçün belə real tarixi şans ötən əsrin ikinci yarısında məhz  böyük dövlət xadimi Heydər Əliyevin 1969-cu ildə respublikaya rəhbər seçilməsi ilə yaranıb.

Həmin il dahi şəxsiyyətin Azərbaycanda rəhbərliyə gəlməsi, sovet rejiminin sərt qanunlarına baxmayaraq, respublikamızda böyük iqtisadi, elmi və ədəbi-mədəni inkişafa, müstəqil düşüncəyə yol açıb. Ona görə də deyə bilərik ki, Azərbaycan tarixində son 53 il məhz Heydər Əliyev dövrüdür.

Etiraf etməliyik ki, həmin dövrdə Azərbaycan iqtisadi göstəricilərinə görə keçmiş SSRİ-də sonuncu yerlərdən birini tuturdu. Respublikada iqtisadi-siyasi böhran hər il  dərinləşirdi. Cəmiyyət həyatının ən müxtəlif sahələrində ideoloji-siyasi, sosial-iqtisadi və mənəvi böhran hökm sürür, neqativ hallar baş alıb gedirdi. Azərbaycan  milli gəlirin inkişaf tempinə, sənaye və kənd təsərrüfatı istehsalının həcminə, elmi-texniki tərəqqinin nailiyyətlərinin istehsalatda tətbiqinə, ictimai əməyin məhsuldarlığına görə ümumittifaq göstəricilərindən geridə qalırdı.

Yaranmış vəziyyətdə keçmiş SSRİ rəhbərliyi çıxış yolunu kadr dəyişikliyində görərək ciddi və hərtərəfli araşdırmalardan sonra müxtəlif namizədlər arasında təşkilatçılığı, yüksək idarəçiliyi, dərin bilikləri ilə fərqlənən, xalqın səciyyəvi milli xüsusiyyətlərinə dərindən bələd olan dahi lider Heydər Əliyevin üzərində dayandı. Bu qərar isə yaranmış vəziyyəti tamamilə dəyişdi.

Zəngin təbii sərvətlərinə, istehsal potensialına baxmayaraq, Azərbaycanın keçmiş SSRİ-nin geridə qalmış respublikaları sırasına düşməsinin səbəblərini ilk günlərdən araşdıran Heydər Əliyev iqtisadi inkişafa xidmət edən kompleks tədbirlərin həyata keçirilməsini təmin etməklə peşəkar strateq və müdrik dövlət xadimi olduğunu sübuta yetirdi. Ümummilli Lider respublikada ilk növbədə milli-mənəvi ruhu yüksəltməklə azərbaycanlıların öz tarixi ənənələrinə, köklərinə bağlılığını sürətləndirməyə, xalqın müstəqil yaşaya bilməsi üçün lazım olan iqtisadi və maddi-texniki bazanın formalaşdırılmasına çalışdı.

Ümummilli Lider ölkəyə rəhbərlik etməyə başlayandan sonra qısa zaman kəsiyində Azərbaycan  SSRİ-nin tərkibində o zaman üçün müasir iqtisadi potensiala malik olan respublikaya çevrildi. Heydər Əliyevin rəhbərliyi altında başlanan genişmiqyaslı işlərin nəticəsində Azərbaycan ittifaq respublikaları arasında öz layiqli yerini tutdu.

Sovet illərində Heydər Əliyevin təşəbbüsü ilə xalqımızın milli mənlik şüurunun, mədəniyyətinin və ana dilinin inkişafına da güclü təkan verən tədbirlər həyata keçirildi. Bu mənada o illərdə təkcə sosial-iqtisadi yüksəliş deyil, milli-mənəvi dəyərlərə qayıdış da Heydər Əliyevin adı ilə bağlı idi. Sovet ideologiyasının hakim olduğu dövrdə Heydər Əliyev xalqımızın mənəvi dəyərlərinin əriyib itməməsi üçün əlindən gələni etdi. Elə bu səbəbdəndir ki, sovet hakimiyyəti illərində həyata keçirilən məqsədyönlü siyasət Azərbaycan xalqının milli-mənəvi dəyərlərini xalqın şüurundan silə bilmədi.

Azərbaycan 1970-ci illərdə kənd təsərrüfatı və sənaye məhsulları istehsalına görə keçmiş SSRİ-də ön yerlərdən birinə yüksəldi, milli gəlir artdı, respublika böyük tikinti-quruculuq meydanına çevrildi, yeni-yeni istehsal müəssisələri fəaliyyətə başladı. Ümummilli Liderin böyük qətiyyət və iradə əsasında formalaşdırmağa başladığı sənaye potensialı əsasında respublikamız həmin illərdə neft maşınqayırması, məişət kondisionerləri, elektrik mühərrikləri, elektromaqnit avadanlığı, soyuducular, sintetik kauçuk, boru-prokat, şüşə və şüşə qablar və sair məhsullar istehsalına görə ittifaq miqyasında qabaqcıl mövqelərə çıxdı.

Ümumilikdə 1969-1982-ci illər ərzində ölkədə kənd təsərrüfatı, iqtisadiyyat, elm-təhsil, mədəniyyət sahəsində əldə edilən nailiyyətlər Azərbaycanın ümumi inkişafına mühüm töhfələr verdi. Ona görə də məhz bu illər, sözün əsl mənasında, milli intibah dövrü kimi xarakterizə olunur.

Bütün bunlarla yanaşı, müdrik zəka sahibi kimi Heydər Əliyev Azərbaycana birinci rəhbərliyi dövründə milli mənafelərə xidmət edən çoxşaxəli addımları ilə xalqın istiqlal və azadlıq duyğularının gerçəkləşməsinə real siyasi-hüquqi və iqtisadi zəmin hazırladı.

Beləliklə, Azərbaycanın 1970-ci illərdən başlayan inkişafı, uğurları və yüksəlişi Ümummilli Liderin adı ilə bağlıdır. Ulu Öndərin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövr quruculuq salnaməsinə ən parlaq səhifələr kimi yazılıb. Dövlət müstəqilliyimizin, Azərbaycanda inkişaf və tərəqqinin bir çox əsasları məhz bu dövrdən qaynaqlanır. Həmin faktların ən əhəmiyyətlisi bu idi ki, dünya sosializm sisteminin və böyük sovet imperiyasının dağıldığı dövrdə Azərbaycan artıq öz inkişaf səviyyəsinə və çoxsahəli iqtisadiyyatına görə SSRİ-nin müttəfiq respublikaları içərisində özünü yaşatmağa qadir ola biləcək ikinci respublika idi.

Tənəzzül, müstəqilliyin itirilmə təhlükəsi və Qurtuluş günü

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Ulu Öndər həmçinin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. 1987-ci il oktyabr plenumunda isə öz ərizəsi ilə Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verdi.

Bununla da Azərbaycanda Heydər Əliyevsizlik dövrü (1987-1993) başladı. Açıq deməliyik ki, 1969-1987-ci illərdə əldə edilmiş uğurlu inkişaf, yüksəliş Heydər Əliyevsiz 6 il müdətində tənəzzülə uğradı, qazanılan uğurlar itirildi. Naşı, antimilli mərkəzlərin oyuncağına çevrilmiş rəhbərlərin məkrli fəaliyyətləri nəticəsində bütün nailiyyətlər əldən çıxdı və Azərbaycan böyük bir uçurumun astanasına gəldi. Heydər Əliyevsizlik illəri Azərbaycanın Qarabağ müharibəsi, müstəqilliyini itirmək təhlükəsi, vətəndaş müharibəsi, siyasi böhran, sosial səfalət dövrü oldu. Hətta hakimiyyət uğrunda çəkişmə Ermənistanla aparılan müharibəni də arxa plana keçirdi. Elə məhz bunun nəticəsində də torpaqlarımız ard-arda işğal edildi və 1 milyon soydaşımız yurdundan-yuvasından didərgin düşdü. Bununla da Azərbaycanın vəziyyəti daha da ağırlaşdı.

Belə bir ağır və mürəkkəb dövrdə  xalqımız  çox düzgün addım ataraq ölkəni düşdüyü ağır böhrandan qurtarmaq üçün üzünü Heydər Əliyevə tutdu. Çünki Azərbaycan xalqı əmin idi ki, ölkəni düşdüyü bu acınacaqlı durumdan yalnız Heydər Əliyev qurtara bilərdi. Buna əsas da var idi. Xalq 1969-1982-ci illərdə Ulu Öndərin tənəzzüldən inkişaf mərhələsinə çıxardığı Azərbaycanı görmək, müasir və əsl müstəqil dövlətdə yaşamaq istəyirdi.

Beləliklə də xalq birləşib dahi şəxsiyyəti Bakıya dəvət etdi. 1993-cü ildə yenidən Azərbaycanda hakimiyyətə qayıdan Ulu Öndər müstəqilliyimizi məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli missiyanı öz üzərinə götürdü. O dövrdə təsəvvür etmək çətin idi ki, ömrünün müdrik çağında olan və çoxsaylı təhdidlərə məruz qalan Heydər Əliyev yenidən hakimiyyətə qayıtsın. Buna rəğmən bu güclü şəxsiyyətin heç nədən çəkinmədən, öz həyatını belə təhlükəyə ataraq, sözün əsl mənasında, “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyib, siyasət meydanına atılması xalqı və dövləti qarşısında misilsiz fədakarlığı idi.

Həmin il iyunun 15-də Heydər Əliyevin Ali Sovetin Sədri seçilməsi Azərbaycan dövlətçiliyinin və müstəqilliyinin xilasına yol açan böyük siyasi hadisə kimi tarixə yazıldı. Məhz Heydər Əliyev dövlətçiliyimizi, azadlığımızı qorudu, xilas etdi və bu gün müstəqil, demokratik, hüquqi dövlətdə yaşamaq arzumuzun real və dayanıqlı əsaslar üzərində gerçəkləşməsi dahi şəxsiyyətin adı ilə bağlıdır.

15 İyun Milli Qurtuluş Günü “xalq-Heydər” birliyinin əzəmətli təntənəsi kimi tariximizə qızıl hərflərlə yazıldı. Xalq üzləşdiyi bütün təlatümlərdən, faciələrdən xilas yolunu məhz Heydər Əliyev şəxsiyyətində tapdı. Bir lider kimi Heydər Əliyev də millətin və dövlətin böhran və məşəqqətlərdən qurtuluşu üçün həyatını qurban verməyə hazır idi. Bu qarşılıqlı etimad, inam – xalq və lider birliyi dünya tarixində az rast gəlinən hadisələrdəndir. Tariximizin 1980-ci illərdən sonra başlayan və indiyədək davam edən dövrünü diqqətlə araşdırsaq, Milli Qurtuluş Gününün əhəmiyyətini və əlahiddəliyini aydın dərk edərik.

Müasir inkişafın təməl daşı, böhrandan, xaosdan yüksəlişə gedən yol

İkinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Ulu Öndər Azərbaycanda, sözün həqiqi mənasında, möcüzələr yaratdı. Bəlkə Tanrının da əlini üzdüyü bir dövləti dağılmaqdan, parçalanmaqdan qurtardı. Əsl demokratik, vətəndaş cəmiyyətinin əsasını qoydu və ölkəni inkişaf istiqamətinə yönəltdi. Dahi liderin Azərbaycana yenidən qayıdışından sonra ölkəmizdə milli məfkurənin, vətəndaş cəmiyyətinin formalaşması və yüksəlişi, xalqın arzularının gerçəkləşməsi üçün gördüyü ən mühüm işlərdən biri də ictimai-siyasi qurumların inkişafı və fəallaşmasıdır. Azərbaycan həmkarlar ittifaqlarının müxtəlif siyasi qüvvələrin təsirindən qorunmasında, cəmiyyətdəki missiyasını yerinə yetirməsində Ümummilli Liderin əvəzsiz rolu oldu. Bunların sayəsində həmkarlar ittifaqlarının uzun illər ərzində formalaşmış maddi-texniki bazasının dağıdılmasının qarşısı alındı,vətəndaş cəmiyyətinə yad olan inzibati-amirlik metodlarından imtina edildi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının demokratik idarəçilik prinsiplərinə əsaslanan fəaliyyətinə dəstək verildi. Ulu Öndər dövlətin sosial-iqtisadi siyasətinin reallaşdırılması işində, dövlət başçısı kimi fəaliyyətinin sonuna qədər həmkarlar ittifaqına güvəndi.

Ulu Öndər 1993-cü il oktyabrın 10-da keçirilən andiçmə mərasimində yenidən xalqına ləyaqətlə xidmət edəcəyini hər kəsə bəyan etdi: “Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm”.

Dahi şəxsiyyət belə bir yüksək və məsuliyyətli vəzifəni öz üzərinə götürərkən, ilk növbədə xalqının zəkasına, müdrikliyinə güvəndi, qüdrətinə arxalandı. Həyat və fəaliyyəti tarix üçün bir örnək, xalq üçün bir nümunə olan Ümummilli Lider nəsillərin minillik arzusunu tarixi reallığa çevirdi. Xalqına böyük zəhməti hesabına ərsəyə gətirdiyi şah əsərini – müstəqil, demokratik Azərbaycanı bəxş etdi. O, Azərbaycanı öz şəxsi nüfuzu və əməli fəaliyyəti ilə dünyada tanıtdırdı, Avropa ölkələri ailəsinin tamhüquqlu üzvləri sırasına çıxardı. Ölkəmiz Qafqaz regionunun iqtisadi, hərbi təsir gücünə malik ən nüfuzlu dövlətinə çevrildi.

Azərbaycanı hərtərəfli tərəqqi yoluna çıxaran Ulu Öndərin müstəqil dövlətimizə rəhbərlik etdiyi dövrün nailiyyətləri göz önündədir: ictimai-siyasi sabitlik, güclü iqtisadiyyat, möhkəm sosial təsisatlar, qüdrətli ordu, regionda lider mövqe, beynəlxalq aləmdə nüfuz. Bütün bunlar Azərbaycanın həqiqətləridir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ən mühüm uğurlardan biri atəşkəsin əldə edilməsi oldu.

Ulu Öndərin ölkə iqtisadiyyatında köklü dəyişikliklərə gətirib çıxaran və müstəqil dövlətimizə beynəlxalq nüfuz qazandıran yeni neft strategiyasının həyata keçirilməsinə məhz atəşkəsdən sonra başlanılıb. 1994-cü ilin sentyabrında dünyanın iri neft şirkətləri ilə “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması 28 il öncə müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasına, neft salnaməsinə qızıl hərflərlə yazılan bu tarix dahi şəxsiyyətin yeni neft strategiyasının təntənəsi kimi yaddaşlara əbədi həkk olunub. Bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər sırasına düşüb. Ona görə də bu müqavilə müstəqil Azərbaycanın inkişafının təməl daşı adlandırılıb.

Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın xilaskarı kimi müstəqillik tarixini yazan Ümummilli Lider qısa zamanda misilsiz xidmətləri ilə, köklü demokratik hüquqi dövlət quruculuğu, mütərəqqi islahatları ilə tariximizin parlaq səhifələrini yazdı.

Heydər Əliyevin böyüklüyü, dövlətçilik səriştəsi onda idi ki, o, hüquqi dövlət quruculuğu işində humanizm prinsiplərindən yerində və düzgün istifadə etməyi uzaqgörənliklə, müdrikcəsinə bacarırdı. O, hər zaman xalqının yanında idi, onu böyük bir izdiham müşayiət edirdi, hər bir vətəndaşa qayğı ilə yanaşırdı. Ömrünün son anınadək xalqının gələcək taleyi haqqında düşünürdü. Dahi şəxsiyyət vətən üçün, xalq üçün doğuldu, ölkənin tərəqqisi, inkişafı, azadlığı, müstəqilliyi üçün cəsarətlə çalışdı. Bununla da xalqın gözündə, qəlbində dağ kimi ucaldı. Ona görə də, xalqın öz sədaqətli, dahi övladına məhəbbəti sonsuzdur, əbədidir…

Ulu Öndər əsl ümumxalq məhəbbəti qazanmış tək-tək siyasətçilərdən, dövlət xadimlərindəndir. Bu dahi şəxsiyyət Azərbaycanın sabitlik və təhlükəsizliyinin qarantı oldu, ölkəmizi inkişafa, firavanlığa doğru addımlayan, dünya birliyində layiqli yerini tutmuş bir dövlətə çevirdi. Dövlətçilik tariximizin müasir mərhələsinin əsasını qoydu, Azərbaycanın reallıqlarını, ictimai-siyasi, mədəni-mənəvi həyatının bütün sahələrini əks etdirən mükəmməl bir elmi-nəzəri sistem – dövlət quruculuğu fəlsəfəsini, dövlətçilik ideologiyasını yaratdı.

Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan

Dahi şəxsiyyətin bir vaxtlar söylədiyi  “Vaxt gələcək Azərbaycan dünyaya günəş kimi doğacaq” kəlamı bu günümüzün reallığı olmaqla yanaşı, onun uzaqgörənliyinin real təsdiqidir. Həqiqətən də bu gün Azərbaycan tarixinin ən qüdrətli dövləti kimi dünyaya səs salır.

Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil respublikamızın taleyini öz məktəbinin layiqli davamçısı olan cənab İlham Əliyevə əmanət edib. Ulu Öndər dühasından bəhrələnərək onun siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində bu gün müstəqil Azərbaycan dünyada qüdrətli dövlət kimi tanınır.

Cənab İlham Əliyev həqiqətən də bu gün yaşadığımız ölkəni dahi liderin görmək istədiyi Azərbaycana çevirib. Bunun səbəbi isə möhtərəm Prezidentin 19 il ərzində Ulu Öndərin müəyyən etdiyi inkişaf konsepsiyasını uğurla reallaşdırmasıdır.

Bütün bunlar isə Ulu Öndərin ideyalarının yaşadığını, daim Azərbaycana uğur gətirdiyini təsdiqləyir. Elə Prezident İlham Əliyevin söylədiyi kimi – “Nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaqdır. Biz – Ulu Öndərin davamçıları onun yolu ilə gedəcəyik, ölkəmizi gücləndirəcəyik, müstəqilliyimizi qoruyacağıq”.

Bəs Azərbaycan bu uğurları necə əldə etdi?!

Cənab İlham Əliyevin yürütdüyü müstəqil siyasətlə Azərbaycan dünyada etibarlı tərəfdaşa, söz sahibinə çevrildi. İqtisadi islahatlar nəticəsində ölkə iqtisadiyyatı 3,2 dəfə artdı və bu, dünya rekordu hesab olundu. Azərbaycan iqtisadiyyatına müstəqillik dövründə 300 milyard dollara yaxın sərmayə yatırıldı. Bu investisiyalar, reallaşan transmilli layihələr və sosial proqramlar Azərbaycanın uğurlu gələcəyini şərtləndirdi. 2003-cü ildə, yəni 19 il öncə valyuta ehtiyatları 1,8 milyard dollar olan Azərbaycan bu gün 52 milyard dollar valyuta ehtiyatlarına sahibdir.

Azərbaycanın razılığı və birbaşa təşəbbüskarı olduğu beynəlxalq tranzit layihələri – Bakı-Tbilisi-Qars dəmir yolu, “Cənub qaz dəhlizi”, “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizləri ölkəmizi dünyada neft-qaz ixracatçısına, nəqliyyat-logistika və sənaye mərkəzlərindən birinə çevirib.

İqtisadiyyatın bütün sahələrinin inkişafı ilə ölkəmiz dünya bazarına “Made in Azerbaijan” brendi ilə yüzlərlə çeşiddə məhsul çıxarır. Bütün bu layihələr bir daha sübut edir ki, Azərbaycan son 19 il ərzində böyük və şərəfli yol keçib. İri sərmayəçi kimi mövqeyini möhkəmləndirən Azərbaycan regionda xarici ölkələrin iqtisadiyyatına yatırılan investisiyaların həcminə görə MDB-də aparıcı dövlətlərdən birinə çevrilib.

Bunu təkcə biz yox, beynəlxalq təşkilatlar da mütəmadi olaraq təsdiqləyir. Nailiyyətlər beynəlxalq strukturlar tərəfindən də qiymətləndirilir. Davos Dünya İqtisadi Forumu Azərbaycanı dünyanın 10 ən islahatçı ölkəsindən biri, Prezident İlham Əliyevi isə ən islahatçı dövlət başçısı elan edib.

Bütün bu uğurlara əsaslanaraq deyə bilərik ki, son 19 ildə Azərbaycan bütün istiqamətlər üzrə konseptual yanaşma və proqramlar əsasında çox böyük tarixi uğurlara imza atıb. Bu illər ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb. Əgər 1993-2003-cü illərdə dövlət müstəqilliyinin daxili və xarici təhdidlərdən qorunub saxlanılması, iqtisadiyyatın dirçəldilməsi, ölkəmizin beynəlxalq arenada tanıdılması praktiki məqsədlər idisə, son 19 ildə yeni hədəflər müəyyənləşdirib inkişaf dinamikasına nail oldu. Azərbaycanla müqayisə ediləcək çox az ölkəni misal göstərmək olar.

Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər Ulu Öndərin müəyyənləşdirdiyi doğru yolun davamının sübutudur. Bu yüksəliş isə Heydər Əliyevin inkişaf konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir. Ona görə də əminliklə söyləyə bilərik ki, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq, onun ideyaları gələcək yollarımıza daim nur ələyəcək.

Heydər Əliyev Fondundan Ulu Öndərin irsinə layiqli töhfə

İki ildir ki, Azərbaycan xalqı Vətən müharibəsindəki böyük Zəfərin sevincini, qürurunu yaşamaqdadır. Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələri “Dəmir yumruq” əməliyyatı ilə işğal olunmuş və ölkəmizin ayrılmaz tərkib hissəsi olan Qarabağı silah gücünə düşməndən azad etdi.

Beləliklə, Azərbaycan xalqının təbii və müqəddəs hüququ təmin edilərək, Qafqaz xalqları tarixində böyük dönüş nöqtəsi olan  hadisə – Azərbaycan torpaqlarının işğaldan azad edilməsi prosesi baş verdi. İki əsrlik münaqişəni, 30 illik müharibəni həm hərbi, həm də diplomatik yolla həll edən Ali Baş Komandan Azərbaycan xalqının qəlbində özünün əbədiyaşar heykəlini ucaltdı.

Əlbəttə ki, Vətən müharibəsində qazanılan Zəfər Heydər Əliyev siyasətinin nəticəsidir desək, yanlmarıq. Çunki müharibənin başa çatdığı gün müqəddəs ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini söyləyən dövlət başçısı cənab İlham Əliyevin bu fikirləri bir daha təsdiq edir ki, bu Zəfər Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi müasir inkişaf konsepsiyasının ən böyük uğurudur. Ulu Öndər vaxtı ilə dediyi: “Biz Qarabağ məsələsini həll edəcəyik. Vaxt lazımdır. Heç kim torpaqlarını Azərbaycandan ala bilməz. İşğal olunmuş torpaqlarımız mütləq geri qaytarılacaqdır. Nəyin bahasına olursa olsun” fikirlərini reallığa çevirən cənab İlham Əliyev həqiqətən də uzaqgörən, Ümummilli Liderimizin əbədiyaşar ruhunu da şad etdi.

Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bu Qələbənin sevincini yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində dünyaya səs salan bu Zəfərimiz tariximizin ən şanlı səhifəsidir. Qalib ölkənin qalib Lideri kimi işğaldan azad edilmiş torpaqlarımıza davamlı səfərlər edən cənab İlham Əliyev hər dəfə hansısa obyektin açılışını edib, yenisinin təməlini qoymaqla düşmənə, onun havadarlarına gözdağı verir.

Qarabağ və Şərqi Zəngəzuru yenidən quran möhtərəm Prezident həm də dünyaya Azərbaycanın iqtisadi qüdrətini nümayiş etdirir. Onu da xüsusi olaraq vurğulamalıyıq ki, Ulu Öndərin siyasətini uğurla gerçəkləşdirən Azərbaycan Prezidentinin fəaliyyəti ilə yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da bu irsi ləyaqətlə yaşadır. Qafqazın ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu dünyanın ən nüfuzlu mərhəmət ünvanına çevrilib. Dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi xoşməramlı missiyaların, müxtəlif layihələrin hamısı Ulu Öndərin təbliğatının tanıdılmasına yönəlib. Bu gün isə fondun fəaliyyətinin ən şanlı səhifəsi Qarabağ və Şərqi Zəngəzurun bərpa-quruculuq prosesində ön sırada olmasıdır. İndiyə qədər minlərlə abidəyə nəfəs verən Heydər Əliyev Fondu  Qarabağdakı dini irsimizin, məscidlərimizin, mədəniyyət abidələrimizin bərpasını reallaşdırmaqdadır.

Artıq Qarabağ münaqişəsi tarixə qovuşub və Azərbaycanın həyatında yeni səhifə açılıb. Qarabağ problemini həll edən Prezident İlham Əliyev bununla da bölgədə yeni reallıqların yaranmasının əsasını qoyub. Hər zaman qlobal miqyaslı təşəbbüslərlə çıxış edən, bölgədə sülhün-təhlükəsizliyin təminatı üçün yeni əməkdaşlıq platformalarının yaradılması təklifini irəli sürən Azərbaycan Prezidenti Cənubi Qafqazı Avrasiyanın ən mühüm nəqliyyat-logistika mərkəzinə çevirmək üçün yol xəritəsi müəyyənləşdirib.

Bir sözlə, Azərbaycanın yalnız öz gücünə, heç bir beynəlxalq maliyyə təşkilatından yardım almadan Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi misli görünməmiş bərpa-quruculuq işləri onu deməyə əsas verir ki, tezliklə Böyük qayıdış başlayacaq və bu tarix xalqımızın həyatında ən yeni səhifə açacaq.

 

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,

Milli Məclisin deputatı

“AZƏRBAYCAN” qəzeti  14.07.2022-ci il 

ETİKETLƏR: