Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Kirayə mənzillərdən vergi tutulması üçün yeni qaydalar hazırlanır

Bəs mənzillərin kirayə verilməsi zamanı hansı vergi hesablanır və verginin məbləği nə qədərdir?

18.07.2022 12:52
2
A+
A-

Dövlət Vergi Xidməti mənzil bazarında kirayə evlərin vergiyə cəlb olunma vəziyyətinin monitorinqini aparıb və bu bazarda kifayət qədər vergi boşluğunun olmasını müəyənləşdirib. Vergi Xidmətinin idarə rəisi Rəşad Nuriyevin sözlərinə görə, hazırda paytaxt Bakıda və regionlardakı iri şəhərlərdə on minlərlə mənzli kirayədədir, ancaq mənzillərin kirayəsindən vergi ödənişi səviyyəsi çox aşağıdır. Vergi orqanı hesab edir ki, kirayə verilən mənzillər rəsmiləşdirilmir və “qara bazar”ın əlindədir, bu prosesdə maklerlər əsas iştirakçıdır və icarə müqaviləsinin imzalanmasında onlar da maraqlı deyil.
Monitorinqlər təsdiqləyir ki, vergi orqanları tərəfindən kirayə mənzil bazarında kifayət qədər vergidən yayınma halları aşkar edilməsinə baxmayaraq, vergi öhdəliyinə əməl etməyən şəxslər barəsində hüquqi çərçivədə sanksiya tətbiq etmək mümkün olmur. Doğrudur, vergi qanunvericliyi və digər hüquqi sənədlər mənzilin kirayəyə verilməsində vergi öhdəliyi yaradır, ancaq evini icarəyə verən vətəndaşla kirayə götürən şəxs arasında şifahi razılaşma əldə edildiyindən və notarial qaydada müqavilə olmadığından vergi orqanı əməkdaşları bu boşluğu hüquqi qaydada nizamlya bilmir. Ona görə də Vergi Xidməti mövcud hüquqi boşluqları nəzərə alaraq kirayə mənzil bazarı iştirakçılarının vergi ödənişində intizam və məsuliyyət tədbirlərinə dəvət etmək, həmçinin könüllü ödəmə təşviqi həyata keçirmək üçün əlavə mexanizmləri düşünür.
Bəs mənzillərin kirayə verilməsi zamanı hansı vergi hesablanır və verginin məbləği nə qədərdir?
Vergi Məcəlləsinin 124-cü maddəsinə əsasən, Azərbaycan ərazisində daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna edilməklə) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir. Belə ki, kirayə mənzilin vergiyə cəlb olunması ödəmə mənbəyindən, yəni evin kirayə qiymətindən 14 faiz dərəcə ilə vergi tutulmaqla hesablanır. İcarə haqqının ödənilməsi də 2 yolla müəyyən edilib, vergini evin sahibi də ödəyə bilər, kirayə götürən şəxs də. Belə ki, əgər evin sahibi vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxsdirsə, VM-nin 124.1 maddəsinə uyğun olaraq 14 faiz vergini özü ödəyir. Bu zaman ev sahibi həm də Vergi Məcəlləsinin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir.
Mənzil kirayəsi müqaviləsinin tərəfləri fiziki şəxslər olduğu halda isə kirayə haqlarından verginin hesablanması və ödənilməsi aşağıdakı qaydada həyata keçirilir:
Belə ki, mənzili kirayəyə götürən şəxs vergi ödəyicisi kimi vergi orqanında uçotda olduğu halda (VÖEN-i olduğu halda) ev sahibinə ödədiyi icarə haqqından 14 faiz dərəcə ilə tutulan vergi evin kirayə dəyərindən çıxılaraq büdcəyə ödənilir. Məsələn, mənzilin kirayə məbləği 500 manatdırsa, həmin şəxsin 70 manat vergini dövlətə, qalan 430 manatı isə ev sahibinə ödəyir. Artıq burada ev sahibinin vergi ödəməsinə və bəyannamə təqdim etməsinə ehtiyac qalmır. Bu zaman vergi orqanına vergi bəyannaməsini kirayənişin özü təqdim edir. Burada bir məsələ də var, əgər mənzili kirayəyə götürən şəxs vergi ödəyicisi kimi vergi orqanında uçotda deyilsə, onda mənzil sahibi VÖEN əldə etməli və uçotda özü durmalıdır. Bununla da vergi öhdəliyini tam onun özü həyata keçirməlidir.
Kirayə ilə bağlı vergi öhdəliyinin digər fərqli cəhətləri də vardır. Belə ki, mənzili kirayə götürən şəxs diplomatik agent, konsulluq qurumu əməkdaşı və ya onlarla birgə yaşayan ailə üzvü olduğu halda kirayə haqqından ödəmə mənbəyində vergi tutulmur. Yəni, konsulluq işçisi 1000 dollara ev kirayə edibsə, vergi həmin məbləğdən tutulmur. “Diplomatik əlaqələr haqqında” Vyana Konvensiyasının 35-ci və “Konsulluq əlaqələri haqqında” Vyana Konvensiyasının 52-ci maddələri əsas hüquqi mənbə kimi götürülərək evin sahibi vergi uçotuna alınıb kirayə haqqından vergini özü ödəyir. Belə ki, 1000 dollar, 1700 manatdan artıq 18 faizə yaxın vergi hesablanır.
Hüquqi şəxslərlə bağlı da vergi öhdəliyi başqadır. Belə ki, əgər vətəndaş mənzili hüquqi şəxsdən kirayəyə götürürsə, həmin hüquqi şəxs əldə etdiyi kirayə haqqından 20 faiz dərəcə ilə mənfəət vergisi ödəyir. Yəni 500 manatdın 100 manatını. 
Ortaya sual çıxır, bəs, vətəndaşlar evini kirayə verərkən vergidən yayınmamaq və sanksiya ilə üzləşməmək üçün kimə və hara müraciət etməlidir?
Bunun üçün sadə bir yol var. Ev sahibi ilə kirayənişin arasında notariusda. Yaxud “Asan Xidmət”də icarə müqaviləsi imzalanır. Kirayə verən şəxs qeydiyyatda olduğu ünvadakı vergi orqanına ərizə ilə müraciət edərək həmin icarə müqavilənin surətini təqdim edir. Vergi orqanı vətəndaşın ərizəsi daxil olduğu gündən sonrakı 2 gün müddətində ona vətəndaşın vergi orqanında uçota alınmasını təsdiq edən və üzərində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) göstərilən müvafiq şəhadətnamə verir. Bundan sonra, VÖEN-i olan vətəndaş kirayə haqqından xərclər çıxılmadan əldə etdiyi gəlirdən dövlət büdcəsinə 14 faiz dərəcə ilə vergi ödəyir və növbəti ilin martın 31-dək vergi orqanına gəlir vergisinin bəyannaməsini təqdim edir.  
Mənzilin kirayəsi zamanı vergi ödənilmədiyi halda ev sahibi üçün hansı vergi sanksiyası tətbiq olunur?
Vətəndaş vergi ödəmədiyinə görə, Vergi Məcəlləsinin 57-ci, 58-ci və 59-cu maddələri ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, müəyyən olunmuş müddətdə vergi orqanlarında uçota alınmamasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmçinin, Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, bəyannamə vermək öhdəliyi olan vergi ödəyicisi tərəfindən əldə etdiyi və ya ödədiyi icarə haqlarına görə vergi orqanına Vergi Məcəlləsi ilə müəyyən olunmuş müddətdə hesabat təqdim edilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Bundan başqa, ev sahibi ödəyəcəyi verginin məbləğini hesabatda düzgün göstərmədiyi və azaltdığı halda kirayə haqqının 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Göründüyü kimi vergi qanunvericliyi kirayə mənzillər üçün kifayət qədər ciddi vergi öhdəliyi və məsuliyyət yaradır. Ancaq məsələ ondadır ki, kirayə zamanı rəsmi sövdələşmələr olmadığından vergututmanın tətbiqi çox çətindir. Hazırda ümumi kirayə mənzil bazarının cəmi 7-8 faizi vegiyə cəlb olunur. Ona görə də, Dövlət Vergi Xidməti mövcud vəziyyəti nəzərə alaraq kirayə mənzil bazarında vergilərin ödənişinin təşviqi üçün digər vasitələrdən istifadə etmək qərarındadır.

Ev kirayəsi üzrə ixtisaslaşmış əmlak agentləri isə hesab edirlər ki, vergilər az olsa evini kirayə verən şəxslər vergidən yayınmaz. Mənzil kirayəsində 14 faizlik vergi dərəcəsi yox, sadələşdirilmiş vergi dərəcəsi, yəni 2 faiz düstur tətbiq olunsa ev sahibi də vergi ödəməkdə maraqlı olar. Ona görə də vergilərin dəyişməsi daha səmərəli olardı. İndiki halda 14 faizlik vergi dərəcəsi qaldığı və mənzil kirayəsində vergi inzibatçılığı sərtləşdirildiyi təqdirdə evini icarəyə verən şəxslər mənzilin kirayə haqqını qaldıracaq. Çünki onlar kirayə gəlirinin azalması səbəbindən vergi məbləğini kirayənin üzərinə əlavə edəcəklər ki, nəticədə kirayələr bahalaşacaq. Bu isə sözsüz ki, ev kirayə götürən şəxslərin xərclərinin artmasına səbəb olacaq.

ETİKETLƏR: