Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Orda insana elə bir cəsarət gəlirdi ki...

Sanki illərlə hərbi hazırlıq keçmiş əsgər kimi döyüşürdük

20.07.2022 12:34
97
A+
A-

Artıq müharibənin bitməsindən təxminən il yarım bir müddət keçib. Bu müddət ərzində şəhidlərimiz, qazilərimiz və müharibədə iştirak etmiş digər igid qəhrəmanlarımız haqqında, onların keçdiyi döyüş yolu ilə bağlı qəzetimizdə bacardığımız qədər yazılar dərc etmişik.

Növbəti yazımız İsmayıllı rayonunun Lahıc qəsəbə sakini Ağa Səfərov barəsindədir.

Ağa 1993-cü il avqustun 6-da Lahıc qəsəbəsində anadan olub. Orta təhsilini 1999-2010-cu illərdə Lahıc qəsəbə tam orta məktəbində, ali təhsilini isə 2010-2014-cü illərdə Bakı Dövlət Universitetində alıb. Burada fizika müəllimi ixtisasına yiyələnib. 2014-2015-ci illərdə hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan sonra ixtisası üzrə işləyib. Ağa məktəblərdən birində direktor vəzifəsini icra edirdi. Müharibənin başlanmasına sayılı günlər qalanda onu Lahıc qəsəbəsində yerləşən digər bir məktəbə tərbiyə işləri üzrə direktor müavini təyin etdilər. Lakin Ağa yeni təyin olunduğu vəzifəni yox, cəbhəni, səngəri seçdi. O, könüllü orduya yazıldı. Həmin tarixi belə xatırlayır: “Sentyabrın 29-da İsmayıllı Rayon Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Komitəsinin İsmayıllı rayon şöbəsi qarşısından avtobusla yola düşdük. Öncə bizi “N” saylı hərbi hissəyə apardılar. Həmin hissədə bir müddət qaldıqdan sonra təxminən gecə saat 2-də Tərtər istiqamətində digər hərbi hissəyə köçürüldük. Orda da bir gün qaldıqdan sonra Suqovuşan istiqamətinə yollandıq. 951-ci yüksəklik azad olunmuşdu və biz oranın müdafiəsini təmin edirdik. Təbii ki, bu, çox strateji bir yüksəklik idi, ordan hər yer görünə bilirdi. Həm də düşmən bu illər ərzində qayalıqlarda, yerin altında gizlənmək üçün orada bunkerlər qurmuşdu, tanklar belə sanki yerin altından çıxırdı. Bu da onu göstərirdi ki, onlar çox yaxşı bilirdi ki, gün gələcək və biz geri qayıdıb öz ata-baba torpaqlarımızı azad edəcəyik. Buna görə də düşmən oranı geri almaq üçün 3 dəfə əks-hücuma keçdi. Bizim tabordan hücumların birində 10, digərində isə 14 şəhid verdik. Onu da qeyd edim ki, müharibə müddətində ən ağır döyüşlərin getdiyi və ən çox şəhid verdiyimiz yerlərdən biri Suqovuşan istiqaməti idi”.

A.Səfərov deyir ki, qələbə xəbərini elə hücum zamanı yolda alıblar: “Bayaq da dediyim kimi, biz son dərəcə strateji əhəmiyyəti olan 951-ci yüksəkliyin qorunmasında və müdafiəsində iştirak edirdik. Təbii ki, lazım gəldikdə hücum əməliyyatları da həyata keçirirdik. Elə qələbə xəbərini - düşmənin kapitulyasiya aktını imzaladığını da ən böyük hücum əməliyyatını və eyni zamanda son döyüş tapşırığımızı həyata keçirərkən yolda eşitdik. Komandanlıqdan xəbər gəldi ki, artıq düşmən təslim olub və biz qələbə çalmışıq. Bizim radiomuz da var idi. Prezidentin Suqovuşanın azad olunması ilə bağlı çıxışı isə bizim üçün bir ayrı qürurverici hiss oldu”. Müsahibim deyir ki, o hiss həyatı boyu unuda bilməyəcəyi bir hissdir: “Bu, sağ qalmağımız üçün keçirdiyim sevinc hissi deyildi, mənim üçün şəhid olmaq - o zirvəyə ucalmaq ancaq şərəf olardı. Bu sevinc 30 illik həsrətə son qoyub ata-baba yurdumuza yenidən qayıdacağımızın sevinci idi”. 

Noyabrın 27-də Ağa və döyüş yoldaşları Tərtərin Sarov kəndinə qayıdır. Daha sonra komandanlıq tərəfindən onların Laçına getmələri ilə bağlı əmr verilir: “Biz düşmənin hərbi hissələrinin Laçından çıxmasına birbaşa nəzarət etmək üçün ora getməli idik. Ancaq, təəssüf ki, noyabrın 28-i atamı itirdim. Əmim hərbi hissəyə gələrək mənim dəfndə iştirak etməyim üçün icazə istədi. Sağ olsun komandir heyəti, mənə 5 günlük məzuniyyət verdi. Bu səbəbdən də Laçına getməyim bir müddətlik təxirə salınsa da, qayıtdıqdan sonra xidmətimi davam etdirdim”.

Həmsöhbətim döyüş xatirələrindən də danışdı: “Bir gecə qəfildən minomyot hücumuna məruz qaldıq. Hiss olunurdu ki, yaxınlıqdadırlar. Əks-hücuma keçdik. Oraya çox az məsafə qaldıqda bildik ki, nisbətən aşağıda düşmən səngəri var. Onlar, çox güman ki, əvvəlcə bizi mühasirəyə almaq istədikləri üçün biz yaxınlaşana kimi atəş açmadılar, ancaq sayımızın çoxluğunu gördükdə artıq mühasirənin mümkün olmayacağını başa düşüb fikirlərindən yayınaraq hücuma keçdilər. Həmin döyüşdə əsgərlərimizin qəhrəmanlığından nə qədər danışsam, yenə də az olar. Onları tank əleyhinə qumbaraatanlarla tamamilə məhv elədik, hətta kontrol atəşi də açırdıq ki, sonradan bizə problem yaranmasın. Və nəticədə bir postu da beləcə almış olduq”.

Ağa deyir ki, orda heç də hamısı professional hərbçilər deyildi. Ancaq orda insana elə bir cəsarət gəlirdi ki... Sanki illərlə hərbi hazırlıq keçmiş əsgər kimi döyüşürdük. Hər bir qarış torpağımız işğaldan azad olunduqca daha da həvəslənirdik, daha da bizə güc gəlirdi. Növbəti ərazini işğaldan azad etmək üçün səbirsizliklə əmr gözləyirdik”.

Müsahibim döyüş yolundan danışdıqca hisslərini səsindən anlamaq o qədər də çətin deyildi. Deyir, fəxr edirəm ki, torpaqlarımızın azad olunmasında mənim də payım var: “Əminəm ki, hər bir Azərbaycan övladı mənim kimi eyni hissləri keçirib. Ancaq mən gözümü açandan ailə üzvlərimin bu torpaq uğrunda canından, sağlamlığından keçdiyinin şahidi olmuşam. Belə ki, əmim birinci Qarabağ döyüşləri zamanı alnından güllə yarası alsa da, xoşbəxtlikdən sağ qalıb. Hazırda Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,  Veteranları və Şəhid Ailələri İctimai Birliyində sədr müavini işləyir”.

Yuxarıda da qeyd etdiyim kimi, Ağa Səfərov pedaqoji fəaliyyətlə məşğuldur. Deyir ki, bizə Vətən sevgisini körpəlikdən ailədə, məktəbdə öyrədiblər: “Bu gün mən də öz şagirdlərimə öyrədirəm. Onlara başa salıram ki, baxın, biz bu torpaqları 44 günə aldıq. Əslində ən asan işi görmüşük. Çətini isə həmin torpaqları göz bəbəyi kimi qorumaqdır. 44 günə aldıq, amma qorumaq bir ömürdür. Bu iş bizdən sizə, sizdən isə gələcək nəsillərə düşür. Bilməlisiniz ki, düşmənimiz mənfurdur, biz heç vaxt özümüzü arxayın sala bilmərik. Mən sizə bir hadisəni danışmaq istəyirəm. I Qarabağ müharibəsi zamanı kəndimizə sığınmaq məcburiyyətində qalan tarix müəllimimiz var idi. O danışırdı ki, müharibə vaxtı atasını çox yaxın münasibətdə olduqları erməni qonşuları əsir götürmüşdü. Deyirdi “Atamı xilas etdik. Amma ermənilərin namərdliyini əbədi yadımızdan çıxarmadıq”. Yəni demək istədiyim odur ki, biz sabah yenə nələrinsə baş verməyəcəyindən sığortalanmamışıq. Hər zaman hər şeyə hazır olmalıyıq. Yeri gəldikdə canımızdan belə keçməyi gözə almalıyıq. Çünki sən bu yurdun üzərində yaşayırsansa, onun havasını alırsansa, onun üzərində gəzib nemətlərindən istifadə edirsənsə, sən o torpağa borclusan”.

Ağa Səfərov Vətən müharibəsində göstərdiyi igidliyə görə Prezident      İlham Əliyevin sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

 

Aliyə SƏMƏDOVA

ETİKETLƏR: