Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Dövlətimiz və onun rəhbəri hər zaman öz xalqının yanındadır”

Bu fikirləri KİV-ə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

27.07.2022 10:42
7
A+
A-

“Dövlətimizin başçısı cənab İlham Əliyev hər dəfə rayon icra hakimiyyətlərinin başçılarını vəzifəyə təyin edərkən onları qəbul edir, müvafiq göstərişlərini və tövsiyələrini verir. Prezidentin tapşırıqları içərisində vətəndaş amili ön planda dayanır. Xalqın arasında olmaq, onlarla söhbətlər aparmaq, problemlərini öyrənmək, onun aradan qaldırılması istiqamətində addımlar atmaq, vətəndaş məmnunluğunu təmin etmək kimi məsələləri Prezident onların qarşısında ən ali vəzifə kimi qoyur. Hər dəfə biz şahid oluruq ki, Prezident regionlara səfər edərkən sakinlərlə görüşür, onlarla söhbətləşir, qayğıları ilə maraqlanır, üzləşdikləri problemləri şəxsən onların dilindən dinləyir və qaldırılan məsələlərin həlli üçün göstərişlər verir. Bu, onu bir daha təsdiqləyir ki, dövlətimiz və onun rəhbəri hər zaman öz xalqının yanındadır, onun sosial vəziyyətinin daha da yaxşılaşdırılması, rifah halının yüksəldilməsi naminə durmadan çalışır”.

Bu fikirləri KİV-ə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“İyulun 25-də Prezident İlham Əliyev Masallı, Lerik və Göygöl rayonlarına təyin etdiyi icra hakimiyyəti başçılarını qəbul edərkən regionlarda görülən işlər barədə ətraflı məlumat verdi. Məlumdur ki, ölkəmizdə regionların sosial-iqtisadi inkişafı istiqamətində işlər sürətlə və uğurla davam etdirilir. Qeyri-neft/qaz sahəsinin ardıcıl olaraq inkişafı, kommunal xidmətlərin keyfiyyət göstəricilərinin artırılması, iri sosial infrastruktur layihələrinin icrası effektli şəkildə təmin edilir, yeni müəssisələr və iş yerləri açılır. Bu da regionlarda sakinlərin məşğulluğunun artırılmasına, sosial vəziyyətinin yaxşılaşdırılmasına gətirib çıxarır. İnfrastruktur obyektlərinin açılışında, təməlqoyma mərasimlərində cənab Prezident şəxsən özü iştirak edir, istehsal müəssisələri ilə tanış olur, ictimaiyyət nümayəndələri və sahibkarlarla görüşlər keçirir. Görürük ki, işğaldan azad edilmiş ərazilərimizlə paralel olaraq digər regionlarımızda da nəzərdə tutulan proqram və layihələr uğurla icra olunmaqdadır”, - deputat bildirib.

S.Möhbalıyev Prezidentin qəbul zamanı regionların inkişafına dair uğurla icra edilən dövlət proqramları ilə bağlı səsləndirdiyi fikirlərə diqqət çəkib. Qeyd edib ki, bölgələrin inkişafında Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb edir: “Uğurla icra edilən I Dövlət Proqramı Azərbaycanın müxtəlif bölgələrində hərtərəfli inkişafın yeni əsaslarını yaratdı, tərəqqi prosesini növbəti uğurlu mərhələyə keçirdi. Bu proqramlar çərçivəsində 3 mindən çox məktəb, yüzlərlə uşaq bağçası və tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Hazırda “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” uğurla həyata keçirilir, görülən işlər də göz qabağındadır”.

“Dövlətimizin başçısı qəbul zamanı icra hakimiyyətinin başçılarına şəhid ailələrinə, qazilərə xüsusi diqqət göstərilməsinin vacibliyinə toxundu. Bilirsiniz ki, həm Birinci Qarabağ, həm də Vətən müharibəsində şəhid olmuş oğul və qızlarımızın ailələri, onların valideynləri, eləcə də əlil olmuş şəxslər, veteranlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunurlar. Onlara mənzillər və avtomobillər verilir, işlə təmin olunur, digər problemlərinin aradan qaldırılmasi istiqamətində ardıcıl və planlı iş aparılır. Şəhid ailələri, qazilər, bütün müharibə iştirakçıları cəmiyyətimizdə böyük nüfuza malikdirlər, xalqımız şəhidlərimizin əziz xatirəsini daim böyük ehtiramla yad edir. Onlar Prezidentin sərəncamları ilə medallarla təltif olundular, layiq olduqları statusu qazandılar. Bir sözlə, dövlətimiz həmişə onların yanındadır, bütün problemlərinin həlli istiqamətində əlindən gələni edir”, - Milli Məclisin deputatı vurğulayıb.

ETİKETLƏR: