Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qazilər niyə intihar edir?

.

27.07.2022 11:15
50
A+
A-

Nə qədər kədərli və ağrılı olsa da, son vaxtlar ard-arda 36 qazinin intihar etməsi cəmiyyətimiz tərəfindən həyəcanla qarşılanmışdır. Ciddi araşdırmalar aparmaq məcburiyyətini ortaya qoymuşdur. Qazilərin intihar yolunu seçməsinin kökündə nə durur? Biz bu sualın cavabını tapmaq üçün Milli Məclisin deputatları Elman Nəsirov, Elşad Mirbəşiroğlu və Arzu Nağıyevlə söhbət apardıq.

E.Nəsirov dedi ki, qazilərin özünə sui-qəsd etməsinə bir neçə prizmadan baxmaq lazımdır: “Öncə onu qeyd edim ki, Prezident İlham Əliyev hər zaman həssas kateqoriyadan olan insanlara, yəni şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına ən yüksək səviyyədə dəstək və qayğı göstərir, onlara diqqət ayırır. Təxminən 13 minə qədər şəhid ailəsi və qazi mənzillə, 7 min 400-dən artıq qazimiz isə avtomobillə təmin edilib. Bundan başqa, Türkiyədə onların müalicəsi təşkil olunub, reabilitasiya proseslərinə cəlb edilib, ən müasir protezlərlə təmin ediliblər. Bunlarla yanaşı, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin də ən mühüm istiqamətlərindən biri məhz şəhid ailələrinə, qazilərimizə, müharibə veteranlarına diqqət və qayğı ilə bağlıdır. Heydər Əliyev Fondunun da bu istiqamətdə çox böyük fəaliyyəti var”.

Millət vəkili dövlət səviyyəsində bu cür diqqət və qayğıya baxmayaraq, qazilərin özlərinə sui-qəsd etməsini paradoksal vəziyyət adlandırır. Deyir ki, bu cür halların baş verməsinin başında bəzi hallarda məmur səhlənkarlığı dayanır: “Bəzən məmurlar unudurlar ki, qazilərimiz 44 günlük Vətən müharibəsində odun-alovun içindən çıxıblar, ona görə də sinir sisteminin hər kəs kimi olmaması normaldır. Onlarla ünsiyyətdə bu faktorun unudulması, cüzi də olsa, onlara qarşı səhlənkarlıq nəticə etibarilə bu cür xoşagəlməz hallara gətirib çıxarır.

Mən digər bir tendensiyanı da qeyd etmək istəyirəm. Bəzi xaricdə olan, özünü bloger kimi təqdim edən azərbaycanlılar var ki, gecə-gündüz ölkəmizə qarşı yalan, iftira yaymaqla məşğuldurlar. Onların bəzilərinin çıxışlarını izləyəndə görürsən ki, sanki közərən ocağın üstünə benzin tökürlər. Xaricdə oturub qazilərə təşviqedici sözlər söyləyərək bu cür halların baş verməsinə daha çox şərait yaradırlar. Bu da onu göstərir ki, müəyyən anti-Azərbaycan siyasi dairələr, sapı özümüzdən olan baltalar, xaricdə oturub özünü guya Azərbaycan xalqının mənafeyinin müdafiəçisi kimi təqdim edən o blogerlər əslində Azərbaycanda başqa niyyətlər güdürlər. Ona görə də yaxşı olardı ki, qazilərimiz bu cür insanlara deyil, dövlətimizə inansınlar. Bilsinlər ki, onların hər birinin problemini həll etmək dövlətin borcudur və dövlət də bunu şərəflə yerinə yetirir”.

Elşad Mirbəşiroğlu da qazilərimizə dövlət dəstəyini yüksək qiymətləndirdi. Amma onu da qeyd etdi ki, müharibədən çıxmış istənilən ölkədə, bu nə qədər arzuolunmaz olsa da, post-müharibə sindromu yaşanmaqdadır. Yəni bütün ölkələrdə, istisnasız olaraq, qazilər arasında özünəqəsd halları müşahidə olunur. Məsələn, ABŞ-da, demək olar ki, hər gün 20-22 nəfər müharibə veteranı özünə qəsd edir. Hətta bir zamanlar məsələ o dərəcədə narahatlıq yaratmışdı ki, o dövrdə prezident olan Barak Obama problemlə daha peşəkar səviyyədə məşğul olmaq üçün veteranlarla iş üzrə ayrıca bir dövlət orqanı təsis etmişdi. Eləcə də digər ölkələrdə də müharibə iştirakçılarının işi üzrə ayrıca strukturlar fəaliyyət göstərməkdədir. Yəni onu demək istəyirəm ki, bu cür xoşagəlməz hallar digər ölkələrdə də baş verir.

Yuxarıda sadaladığım dünya təcrübələri ölkəmizdə də bu gün tətbiq olunmaqdadır. Belə ki, rayon icra hakimiyyətləri strukturlarında, aparatlarında bu işlər üzrə artıq komissiyalar yaradılıb.

Millət vəkili onu da qeyd etdi ki, müharibə veteranlarının sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması ilə yanaşı, onlarla həm də sosio-psixoloji işlər aparılmalıdır. Onların hər birinə ayrı-ayrılıqda, fərdi yanaşmaq lazımdır. Ruhi, psixoloji vəziyyətləri hər zaman nəzarət altında saxlanılmalıdır. Bu, təkcə dövlətin üzərinə düşmür, bunu eyni zamanda cəmiyyət də düşünməlidir. Fikir vermisiniz yəqin ki, qazimiz özünə qəsd edir, özünü yandırır, insanlar bunu telefona çəkir, sosial şəbəkələrdə paylaşırlar. Bu, yolverilməz bir haldır. Elə bunun özü çox böyük müzakirə predmetinə çevriləcək bir məsələdir. Düşünürəm ki, bu istiqamətdə hər bir cəmiyyət üzvü öz-özünü maarifləndirməlidir. Bəli, dövlətin öhdəliyində olan məsələlər var, ancaq dövlətlə yanaşı, cəmiyyət üzvləri də məsələyə həssaslıqla yanaşmalıdırlar. Ancaq belə olan təqdirdə qazilərimizin intiharı hallarının qarşısını almış olarıq.

Arzu müəllim təəssüflə bildirdi ki, istər Vyetnam müharibəsi, istər Əfqanıstan müharibəsi, istərsə də Birinci Qarabağ müharibəsi olsun, hər birindən sonra bu cür hallar yaşanıb. Qazilərin intiharını istəmiriksə, bir-birimizi ittiham etməkdənsə, cəmiyyət olaraq, qaziləri qorumalı, şəfqətimizi onlardan əsirgəməməliyik.

 

Aliyə SƏMƏDOVA

ETİKETLƏR: