Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Ukrayna taxılının ixracı Azərbaycana necə təsir göstərəcək?

.

27.07.2022 11:17
19
A+
A-

Bir neçə gün əvvəl Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında taxıl dəhlizi üzrə razılaşma imzalanıb. Məlumdur ki, Azərbaycan da Ukraynadan taxıl idxal edən ölkələr arasındadır. Bəs mövcud saziş ölkəyə idxal olunan taxılın həcminə və qiymətinə necə təsir göstərəcək?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib ki, sosial şəbəklərdə yayılan məlumatlara görə, taxıl ixracatının bərpa olunması buğdanın qiymətlərinə təsir etsə belə, bu, taxıl böhranının fundamental həlli anlamına gəlmir: “Ukrayna, Rusiya, Türkiyə və Birləşmiş Millətlər Təşkilatının İstanbulda Ukraynanın Qara dənizdən taxıl ixracını bərpa etməsini nəzərdə tutan saziş imzalaması buğdanın dünya bazarındakı qiymətinə təsirsiz ötüşməyib. Saziş imzalandıqdan sonra Amerika Birləşmiş Ştatlarında bağlanan fyuçerslərdə buğda üç faiz dəyər itirib və hər buşeli 786 dollara təklif olunub. Xatırladım ki, Rusiya-Ukrayna müharibəsi buğdanın qiymətini rekord səviyyəyə (1 buşel\1300 dollaradək) yüksəltmişdi.

Belə bir anlaşmanın İstanbulda imzalanması Türkiyənin regional və artıq qlobal məsələlərə təsir imkanlarının gücləndiyini bir daha göstərir. Qardaş ölkə regional problemlərin çözülməsində xüsusi söz sahibliyinə malikdir.

Təbii ki, son anlaşma qlobal aclıq riskini  xeyli zəiflətdi. Xüsusən də bu, Şimali Afrika və Yaxın Şərqdə ərzaq təminatı baxımından vacib anlaşma idi. Bununla belə, müharibə səbəbindən bu il Ukrayna çox az sahədə ilkin şumlama apara bilib və taxıl əkin sahələrinin kəskin azalacağı gözlənilir.  Bu isə o anlama gəlir ki,  gələn ildə də qlobal ərzaq böhranı əsas gündəm olaraq qalacaq. Rusiya fərqli səbəblərdən taxıl ixracatını məhdudlaşdırıb. Sözügedən iki ölkə qlobal taxıl ixracatının 30 faizini formalaşdırır və onların bazardan çəkilmələri təklifə ciddi təsir göstərir.

Millət vəkili deyib ki, Azərbaycan Rusiya-Ukrayna müharibəsindən öncə taxıl ehtiyatlarını artıran ölkələrdəndir. Yalnız bu ilin yanvar ayında taxıl idxalımız dörd dəfə artmışdır. İdxal daha çox Qazaxıstandan həyata keçirilib. Qara dəniz hövzəsindən ixrac ediləcək taxılın əsas alıcılarının başqa qitələrdə yerləşməsinə baxmayaraq, son saziş ölkəmiz üçün də yeni idxal imkanları yarada bilər.

Təbii ki, ən uyğun yol idxaldan asılılığın aradan qaldırılmasıdır. 2021-ci ildə ölkədə 595 min hektar ərazidə buğda əkilib. Praktik olaraq əkin sahələrinin 38 faizi buğda əkini üçün istifadə edilir. İllik buğda istehsalı isə 1,9 milyon tondur və son illər istehsalda, cüzi də olsa, artımlar müşahidə edilməkdədir. İşğaldan azad olunan ərazilərimizin də buğda istehsalına xüsusi töhfə verəcəyi gözlənilir.

Ekspert Vahid Məhərrəmov isə bildirib ki, aldığımız məlumata görə, buğdanın, həmçinin arpanın qiyməti keçən ilə nisbətən hər ton üçün əlli manat artıb. Əvvəl 1 tonu 550 manat idi, indi 600 manat olub. Azərbaycanda buğda siniflərə ayrılmır, bu proses getmir. Buna görə də nisbətən yaxşı görünən buğdanın tonu 600 manata  təklif olnur. Lakin buğdanın qiymətində daha çox artım gözlənilmir. Çünki hazırda biçin prosesi gedir və qiymətdə nisbətən azalma ola bilər. Amma dekabrda qiymət yenə qalxa bilər. Ona görə ki, Azərbaycanda buğda istehsalı azalıb. Məhsuldarlıq 2 sentnerə qədər aşağı düşüb. Bu onu deməyə əsas verir ki, bu il buğda, taxıl az olacaq. Dünya bazarında baş verən dəyişikliklər birbaşa Azərbaycana təsir edəcək.

Ekspert işğaldan azad olunmuş ərazilərimizin iqlim və torpaq sahəsinin taxıl istehsalını artırmaq üçün əlverişli olduğunu vurğuladı. Əlavə etdi ki, ona görə də istehsalı artırmaq üçün müxtəlif addımlar atılır. Bunlardan biri də subsidiya məbləğinin qaldırılmasıdır. Əvvəl subsidiya əkin sahəsinə görə verilirdi və yaxşı deyildi. Fermeri məhsuldarlığı artırmağa həvəsləndirmirdi. İndi isə subsidiya məhsula görə verilir, əgər çox məhsul istehsal edirsənsə, daha çox subsidiya əldə edirsən.  Subsidiya isə büdcədən verilir, ona görə də çalışılır ki, taxılın strateji məhsul olduğu nəzərə alınaraq, onun daha da bahalaşmasının qarşısı alınsın.

 

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR: