Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Naxçıvanda şəhid və qazi övladlarının iştirakı ilə növbəti “Zəfər düşərgəsi” təşkil olunub

Şahbuz rayonunda yerləşən Ağbulaq İstirahət Mərkəzində iki gün davam edən düşərgənin birinci günündə uşaqların mərkəz ilə tanışlığı olub, çay süfrəsi ətrafında görüş keçirilib.

03.08.2022 10:44
5
A+
A-

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə şəhid və qazi övladları, həmçinin xüsusi istedadı ilə fərqlənən sağlamlıq imkanları məhdud uşaqlar üçün növbəti “Zəfər düşərgəsi” təşkil olunub.

Şahbuz rayonunda yerləşən Ağbulaq İstirahət Mərkəzində iki gün davam edən düşərgənin birinci günündə uşaqların mərkəz ilə tanışlığı olub, çay süfrəsi ətrafında görüş keçirilib.

Görüşdə iştirak edən Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Canməmməd Canməmmədov bildirib ki, müharibədən zərərçəkmiş insanlara, xüsusən də şəhid ailələrinə, qazilərə hərtərəfli qayğı ölkəmizdə sosial siyasətin əsas istiqamətlərindən biridir. Bu sahədə həyata keçirilən tədbirlər muxtar respublikamızda sistemli və ardıcıl xarakter daşıyır.

Qeyd edilib ki, Vətən müharibəsindən sonra bu tədbirlərin əhatə dairəsi daha da genişləndirilib, tədbirlərdə şəhid və qazi ailələri üzvlərinin iştirakı ənənəvi xarakter alıb. Artıq ikinci dəfədir təşkil edilən “Zəfər düşərgəsi” layihəsi də Vətən müharibəsində əldə edilmiş tarixi Qələbəyə ithaf olunub.

Naxçıvan Muxtar Respublikasının Həmkarlar İttifaqları Şurasının sədr müavini Xatirə İbrahimli vurğulayıb ki, belə layihələr həm də gənclərə vətənpərvərlik ruhunun aşılanması və onların bu istiqamətdə formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Düşərgənin ilk gününün davamında Naxçıvan şəhərindən dəvət edilmiş mütəxəssis tərəfindən uşaqlarla psixoloji seans aparılıb, günün ikinci yarısında isə onların vaxtının əyləncəli təşkili məqsədilə müxtəlif oyunlar təşkil olunub. Həmin gün düşərgədə təşkil edilən “İstedadını göstər” adlı yaradıcılıq müsabiqəsi də iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

“Zəfər düşərgəsi”nin ikinci günü səhər idmanı ilə başlayıb və daha sonra Nağıl terapiyası ilə davam etdirilib. Əyləncəli terapiya növlərindən biri olan bu reabilitasiya prosesində uşaqlar milli nağıllarımızın personajlarını öz düşüncələri əsasında təsvir edib, mövzu ətrafında fikirlərini ifadə ediblər. Günün ikinci yarısında düşərgə iştirakçıları Naxçıvan şəhərinə yola salınıb.

 

ETİKETLƏR:

Foto