Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Nazirliyin nəzdinə keçməsi AMEA-nı “cavanlaşdıracaqmı”?

.

03.08.2022 12:37
15
A+
A-

İyulun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə Təhsil Nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi adlandırıldı və elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi səlahiyyəti yeni nazirliyə həvalə edildi. Bundan başqa, nazirliyin yanında 2 yeni agentlik yaradıldı və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bir sıra elmi müəssisə və təşkilatları Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi.

Yeni yaradılan Elm və Təhsil Nazirliyindən gözləntilər nələrdir? AMEA-nın əsas struktur bölmələrinin Elm və Təhsil Nazirliyinin səlahiyyətinə verilməsinin nə kimi üstünlükləri olacaq?

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov qəzetimizə verdiyi açıqlamada dedi ki, elm və təhsil bir-biri ilə vəhdət təşkil edir. Onların ayrılıqda fəaliyyəti həm elm, həm də təhsil üçün yarımçıq inkişaf deməkdir. C.Valehov onu da qeyd etdi ki, AMEA-nın əsas struktur bölmələrinin yeni yaradılan nazirliyin tabeliyinə keçməsi onun ləğv olunması deyil, əksinə, elm və təhsilin inteqrasiyasında yeni mərhələnin başlanğıcı deməkdir. AMEA bir sıra humanitar yönümlü elm müəssisələri ilə öz fəaliyyətini yeni inkişaf prioritetləri əsasında davam etdirəcək.

Təhsil üzrə ekspert Kamran Əsədov qərarın yerində verildiyini dedi. Bildirdi ki, Təhsil Nazirliyi öz ətrafında ən çox insanı birləşdirən bir qurumdur: “Hazırda Təhsil Nazirliyinə tabe 4432 orta məktəb, 51 ali məktəb, 56 orta ixtisas təhsili müəssisəsi, 60-dan çox peşə təhsil müəssisəsi və məktəbdənkənar təhsil müəssisələri var. Məlum olduğu kimi, 1693 uşaq bağçası və körpələr evi də Təhsil Nazirliyinə verilib. Bu da kifayət qədər insanın bu platformanın ətrafında birləşməsi deməkdir. Bu gün haqlı olaraq hər kəsin təhsildən və elmdən gözləntiləri çoxdur. Çox uzağa getməyək: 44 günlük Vətən müharibəsində tarixi torpaqlarımızı geri qaytaran zaman biz elmimizin rolunu orda görə bilmədik. Daha çox xaricdən aldığımız silahlarla qələbəni təmin edə bildik. Bundan başqa, bu gün Azərbaycanda iqtisadiyyatda, sənayedə, turizmdə də elmin rolunu görə bilmirik. Yəni bu gün Azərbaycan elmi dünyada o qədər də nüfuza malik deyil. Prezidentin 2013-cü ildə imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qarşıya qoyulan hədəf və məqsədlərə də, təəssüf ki, tam olaraq çata bilməmişik. Eyni zamanda “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”, hələ ki, özünü doğrulda bilməyib. Elmi inkişafa, elmi tədqiqatlara dövlət yetərincə vəsait ayırsa da, təəssüf ki, nəticə yoxdur. Ona görə də yeni nazirliyin tabeliyində iki ayrıca idarənin yaradılması çox yaxşı haldır. Çünki elmi potensialın mərkəzi strukturdan idarə edilməsi müsbət tendensiyadır. Bu baxımdan gözləntilərimiz yüksəkdir və inanıram ki, Azərbaycan elmi ən azından 2030-cu ildə beynəlxalq rəqabətliliyə tam olaraq davam gətirəcək, özünün ixtiralarını və kəşflərini ortaya qoya biləcəkdir”.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərova görə, Azərbaycan Milli Elmlər Akademiyası 30 ildə günbəgün “qocalıb”. Şahlar müəllim deyir ki, AMEA Sovet idarəetmə sisteminə uyğunlaşmış bir elmi müəssisədir: “Məlumdur ki, sovetlər dönəmi totalitar idarəçilik dövrü idi. Orada elmi dərəcə əldə etmək üçün müvafiq qurumların rəylərinə ehtiyac var idi. İnzibati müdaxilə isə ona görə idi ki, alimlərin fəaliyyətinə nəzarət mümkün olsun. Bu, sovet dövrünün mahiyyətinə uyğun bir sistem idi. İndiki halda isə buna qətiyyən ehtiyac yoxdur. SSRİ dağılandan bu yana bütün qurumlar, nazirliklər hamısı bir ictimai quruluşdan digərinə keçsələr də, AMEA-da biz bunu müşahidə edə bilmədik.

Düşünürəm ki, akademiyanın Təhsil və Elm Nazirliyinin nəzdinə keçməsi hərtərəfli müsbət bir addımdır. Gəlin bu addımlardan birini misal gətirək. Götürək elə Bakı Dövlət Universitetinin fizika fakültəsini. Baxın, universitetdə fizika fakültəsi fəaliyyət göstərir, akademiyada da fizika institutu. İndiki vəziyyətdə fizika institutu fizika fakültəsinə inteqrasiya ediləcək. Bu da o deməkdir ki, ordakı alimlər gəlib universitetdə dərs deyəcək, universitetdəki alimlər isə akademiyada rahatlıqla tədqiqat işləri aparacaq. Bunlar, təbii ki, bütün fakültə və institutlar üçün keçərlidir.

Məlumdur ki, dünyanın bir çox ölkəsində akademik adını almış şəxslər elmi araşdırmalar və patentləşdirdikləri ixtiraları ilə gəlir əldə edirlər. Bizdə isə elmi adlara görə hər ay dövlətdən pul ayrılır. Düşünürəm ki, elmi adlara görə ayrılan pullar dövlətin büdcəsində yığılmalı, ilin axırında mükafatlar şəklində qabaqcıl elm adamlarına paylanılmalıdır”.

“Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti”nin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov da məsələyə münasibət bildirdi. Dedi ki, ölkəmizdə Elm və Təhsil Nazirliyinin yaradılması çağdaş dövrün tələbidir: “Prezident İlham Əliyev çıxışlarında da bildirdiyi kimi, bu gün Azərbaycanın qarşıya qoyduğu ən vacib məsələlərdən biri universitetlərimizin dünyanın ən nüfuzlu universitetləri sırasına daxil olmasıdır. Bu cür universitetlər sırasında yer almağın şərtlərindən biri də universitetlərdə tədqiqat qabiliyyətliliyinin artırılmasıdır. Bu cür tədqiqat işlərinin də yalnız AMEA-da aparılması doğru deyil. Bu da elmin təhsildən kənarda qalması deməkdir. Son verilən qərar da bu sistemin yetərsizliyini sübut etdi. Dəqiq elmlərin akademiyadan alınaraq Elm və Təhsil Nazirliyinin tabeçiliyinə verilməsi, hesab edirəm ki, ali təhsil müəssisələrində elmi mühitin yenilənməsinə gətirib çıxaracaq, eyni zamanda tətbiqi elmlər özləri özlərini maliyyələşdirə biləcəklər. Humanitar sahələrin akademiyanın tərkibində qalması isə olduqca doğru bir qərar idi. Çünki bu elm sahələri hər zaman dövlətdən vəsait tələb edəcək sahələrdir, yəni öz-özünü maliyyələşdirmək imkanlarından məhrumdur. Fizika, kimya və bu kimi dəqiq elmlərin beynəlxalq qrant layihələrinə çıxış əldə edərək, beynəlxalq fondlarla əməkdaşlıq edərək əlavə vəsait qazanmaq imkanları var. Bu baxımdan həmin sahələr Elm və Təhsil Nazirliyinin tərkibində müstəqil fəaliyyətlərini davam etdirə biləcəklər. Ümid edirəm ki, növbəti yaxın zamanlarda biz bu istiqamətdə yeni sənədlərin, normativ aktların qəbul olunmasının şahidi olacağıq, müxtəlif proqramların qəbul olunaraq icrasını təmin edə biləcəyik. Və beləliklə də, Azərbaycanda elm və təhsillə bağlı yeni üfüqlər açılacaq. Azərbaycan universitetlərinin siması dəyişəcək, dünya səviyyəsinə çıxışı təmin olunacaq, biz ölkəmizi həm də dünyada elm ölkəsi olaraq tanıda biləcəyik”.

Aliyə SƏMƏDOVA

ETİKETLƏR: