Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


AHİK sədri həmkarlar ittifaqlarının Nabranda və  Qusardakı istirahət mərkəzlərinə baxış keçirib

.

04.08.2022 10:37
142
A+
A-

Şimala gedən yolların təmirə dayandırılması ucbatından biz Nabrandakı Azərbaycan Respublikası Turizm və Ekskursiyalar Şurasının “Xəzər” İstirahət Mərkəzinə qədər təxminən 3 saat vaxt sərf etdik. Maşından düşəndə həmyolçularımızdan biri -fotomüxbir Camal Bağırov dərindən nəfəs alıb təmiz havanı ciyərlərinə çəkdi. Zarafatla dedi: İndi bu havaya görə nəyə təşəkkür edim: dənizə, yoxsa meşəyə?

Əslində bu zarafatın içində cavabı tapılmayan həqiqət var idi. Adam bilmir “Xəzər”i necə təqdim etsin: sahildə, yoxsa meşədə yerləşən istirahət mərkəzi kimi?

Hər halda bilinən odur ki, “Xəzər” coğrafi mövqeyinə görə möcüzəli bir ərazidə yerləşir. Bəlkə də turistləri bura kütləvi şəkildə cəlb edən elə bu amildir. Təkcə bu amilmi? Bir qədər sonra eşitdiklərimiz və daha ətraflı tanışlığımız göstərdi ki, digər cəlbedici amillər də var ki, onlar insan əli ilə hasilə gətirilib.

“Xəzər”ə səfərimizin məqsədi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin Nabranda və Qusar şəhərində həmkarlar ittifaqlarına məxsus istirahət mərkəzlərinə keçirəcəyi ənənəvi, növbəti baxışı kütləvi informasiya vasitələrində işıqlandırmaq idi. Çox keçməmiş “Xəzər”in girəcəyində S.Möhbalıyevin xidməti maşını göründü. O, bir neçə ərazi ilə tanışlığa başladı. Real vəziyyəti, əsas mənbə kimi, turistlərdən öyrənməyə üstünlük verdi. İstirahət Mərkəzinin, necə deyərlər, “mərkəzi” sayılan ərazidə iki turist qadınla başlanan söhbətə qısa müddətdə onlarla “sakin” qoşuldu. Aralarında Səttar müəllimi şəxsən, qiyabi tanıyan, adını eşidən turistlər də az deyildi. Nisbətən yaşlı turistlər dedilər ki, biz əvvəllər də, indi də imkan tapanda MDB məkanında, dünyanın müxtəlif yerlərində turist kimi olmuşuq. Yaxşı da xidmət, gözəl də mənzərələr görmüşük. Amma nə qiymət sərfəliliyinə, nə təbiətinin gözəlliyinə, nə xidmətinə, nə də yeməklərinin çeşidinə, dadına görə heç biri “Xəzər”ə çatmaz. İşçilərinin gülər üzü, təbəssümü, yüksək xidmət mədəniyyəti zövqümüzə zövq qatır.

“Xəzər”in direktoru Mahir Şirəliyev S.Möhbalıyevi ərazidə aparılmış tikinti, təmir və yenidənqurma işləri ilə tanış etdi. “Yaşıl şəhərcik” adlanan ərazidəki evləri göstərib dedi:

- Siz burada mövcud olan taxtadan tikilmiş kotteclərin daş evlərlə əvəz olunmasını tapşırmışdınız. AHİK-in ayırdığı vəsait və qismən də öz gəlirimiz hesabına biz bu tapşırığınıza əməl etdik. Daş evlər arasında gördüyünüz bu asfalt yolları saldıq.

S.Möhbalıyev sakinlərdən icazə alıb evlərin interyer-dizaynına baxdı. Hər bir ev müasir turizmin tələblərinə cavab verən səviyyədə, zövqlə inşa edilmişdi. Rahat mebellərlə, mətbəx avadanlıqları ilə təmin olunmuşdu.

Səttar müəllim “Xəzər” çimərliyinə də baş çəkdi. Çimərlikdə 30-a yaxın kölgəlik, kölgəliklərin altında stol və stullar quraşdırılmışdı. Ərazi təmizliyi ilə diqqət çəkirdi.

Turistlərin təhlükəsizliyinin təmin olunması üçün ərazidə xəbərdaredici elanlar yazılmış dəmir lövhələr basdırılmışdı.

“Xəzər”dən bir qədər aralıda yerləşən “Azərkolxozlararasısağlamlıq” Respublika Birliyinin “Şahdağ” İstirahət Mərkəzi ərazi baxımından bir qədər kiçik olsa da, ailəvi iştirahət üçün turistlər tərəfindən ən münasib yer sayılır. Burada kotteclərin, demək olar ki, hamısı lüksdur. Yeməklər bazardan gündəlik alınan ərzaq məhsullarından hazırlanır. Yeməklərin çeşidi turistlərin arzusuna uyğun seçilir. Hər kottecin qarşısında stollar, çoxyerli oturacaqlar quraşdırılıb. Səttar müəllim “Xəzər”də olduğu kimi, burada da mətbəxə xüsusi diqqət ayırdı. Mətbəx avadanlıqlarının vəziyyətini, yemək zalını, ərazidə aparılmış abadlıq işlərini nəzərdən keçirdi. Turistlərlə söhbət etdi. Fikirlərini öyrəndi. Eşitdiyi ancaq razılıq və təşəkkür oldu. Bu bahalıq dövründə hər cür şəraitə malik istirahət mərkəzində ucuz qiymətə dincəlmək fürsəti verdiyinə görə həmkarlar ittifaqına öz minnətdarlıqlarını bildirdilər.

Növbəti baxış Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının “Ülfət” İstirahət Mərkəzində keçirildi. Mərkəz şəhər parkını xatırladırdı. Respublika Komitəsinin sədri Hikmət Osmanov 2010-cu ili yada saldı.

- Səttar müəllim, həmin il Sizin iştirakınız ilə mərkəzin açılışı oldu. Onda da Siz ərazini qarış-qarış gəzdiniz. Tikdiyimiz, quraşdırdığımız nə vardısa, hamısına ən xırda detalına qədər diqqət yetirdiniz. Açığı, bizə iradlar da tutdunuz, təkliflər, məsləhətlər verdiniz. “Çətinliklərin aradan qaldırılmasında köməyimizə müraciət edə bilərsiniz”, - dediniz. Sonrakı illərdə də şəxsi gəlişinizlə mərkəzin təkmilləşdirilməsini nəzarətdə saxladınız.

Sizin tövsiyələriniz sayəsində biz bu gün, məncə, ittifaq üzvlərinin istəyinə uyğun istirahət mərkəzi yarada bilmişik.

Özünüz də gördüyünüz kimi, mərkəzin ərazisi tala idi, düzənlik idi. Biz burada, sözün həqiqi mənasında, park saldıq. 12 il əvvəl əkdiyimiz fidanlar ərazini yaşıl ormana çevirdi. H.Osmanovun bu məlumatlarına gördüklərimiz də əyani şəhadət verirdi. Bütün əraziyə səpələnən daş döşənmiş yolların kənarında ucalan yaşıl ağacların altında çoxyerli oturacaqlar qoyulub. Bunlardan əlavə, dairəvi, geniş kölgəliklər də quraşdırılıb ki, bunlar da turistlərin ən çox toplaşdığı, bir-biri ilə ünsiyyət qurduğu guşələrdəndir. Səttar müəllimə məlumat verildi ki, turistlər gün ərzində bir neçə dəfə xüsusi ayrılmış avtobuslarda çimərliyə aparılır. Çimərliyə getməyənlər isə ərazidə tikilmiş açıq hovuzda çimir və günəş vannası qəbul edirlər.

“Ülfət”in digər mərkəzlərdən fərqlənən bir cəhətini də gördük. Böyük bir ərazidə meyvə bağı salınıb. Səttar müəllim bağa dəvət olundu. Deyildi ki, bağda yerli iqlimə uyğun gələn meyvələr- alma, armud, şaftalı, albalı, gilas və sair yetişdirilir.

S.Möhbalıyev bu meyvələrdən nə məqsədlə istifadə edildiyini soruşdu. Bildirildi ki, yetişdirilən məhsullar turistlər üçündür. İstədikləri vaxt, istədikləri meyvədən dərib yeyə bilirlər.

AHİK sədrinə məlumat verildi ki, istirahət mərkəzində kotteclər və üç ikimərtəbəli istirahət korpusu, idman meydançası turistlərin sərəncamındadır. Mərkəzdə eyni vaxtda 96 nəfər, mövsüm ərzində isə 1000 nəfərə yaxın sahə işçisi dincəlir.

Səttar müəllim “Ülfət”in korpusları, yeməkxanası və mətbəxi ilə tanış oldu və turistlərlə görüşdü, arzu və təkliflərini dinlədi.

Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqının “Lokomotiv” İstirahət Mərkəzi ilə tanışlıq da ürəkaçan oldu. Səttar müəllim mərkəzin idman zalını, böyük zövqlə inşa olunmuş, orijinal dizayna malik hovuzunu turistlərə dəyərli hədiyyə adlandırdı. Respublika Komitəsinin sədri Fəzail Bağırov yeni tikililər, mövsümi təmir işlərindən sonra rahatlığı, gözəlliyi daha da artan korpuslar barədə böyük həvəslə danışdı. Mərkəz haqqında xoş sözləri S.Möhbalıyev turistlərdən də eşitdi. Dedilər ki, istirahət mərkəzləri bütövlükdə, Səttar müəllim, şəxsən Sizin, rəhbəri olduğunuz Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının xalqımızın işçi təbəqəsinə, onların ailə üzvlərinə qayğısının əvəzolunmaz nümunəsidir.

 

Sonra AHİK sədri Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının “Təhsil” İstirahət Mərkəzinə gəldi. 2013-cü ilin iyun ayında istifadəyə verilən istirahət kompleksi 10 hektardan artıq ərazini əhatə edir. Buraya üçmərtəbəli yaşayış korpusu, kotteclər, yeməkxana, idman zalı, futbol və voleybol meydançaları, açıq və qapalı hovuzlar, ilkin tibbi yardım otağı, internet-klub, konfrans zalı və digər tikililər daxildir. Mərkəzdə eyni vaxtda 260-dan çox şəxs istirahət edir. Dörd tərəfdən meşə massivi ilə əhatə olunan istirahət mərkəzinin ərazisindən keçən çay və ərazinin biomüxtəlifliyinin qorunub saxlanması buranı istirahət üçün əlverişli məkana çevirir. Ümumilikdə mövsüm ərzində burada həmkarlar ittifaqının 1500 nəfərə yaxın üzvü dincəlir. İstirahət mərkəzinə baxış keçirən sədr burada yaradılmış şəraitlə tanış oldu, texniki təhlükəsizlik qaydalarına və təmizliyə ciddi əməl olunmasını tapşırdı. AHİK sədri həmçinin burada tikilməkdə olan yaşayış korpusunu da diqqətlə nəzərdən keçirdi, tikintinin gedişi, nə vaxta istifadəyə veriləcəyi ilə maraqlandı. Məsləhətlərini verdi.

AHİK sədri Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı üzvləri üçün tikilən istirahət mərkəzində də oldu. Sədrə məlumat verildi ki, 2,8 hektar ərazini əhatə edən istirahət mərkəzində, hər birində iki ailənin yerləşə biləcəyi, 12 kottec, daha 6 VİP kottec, 2 mərtəbəli tam komfortlu yaşayış korpusu, inzibati binada əlavə 21 ədəd lüks nömrə, konfrans zalı, yeməkxana, iki hovuz tikilməkdədir. Həmçinin geniş ərazidə park salınır, idman zalı və meydançaların tikilməsi nəzərdə tutulub.

S.Möhbalıyevin keçirdiyi baxış Səhiyyə İşçiləri Həmkarlar İttifaqının Qusar rayonundakı “Şəfa” İstirahət Mərkəzində yekunlaşdı. Respublika Komitəsinin sədri Emin Əfəndiyev, Səttar müəllimin dediyi kimi, həm də incə zövqə malik dizayner istedadına malik imiş. “Şəfa”da milli və Avropa təfəkkürü birləşib. Əsas korpus təmirinə görə Avropanın ən qabaqcıl hotellərindən belə geri qalmır.

Burada bir çox məişət xidmətləri və ya məişət xidmət otaqları yaradılıb. Həyətdə böyüklər və uşaqlar üçün müasir idman avadanlıqları, əyləncə qurğuları quraşdırılıb. Soyuducu anbar və çörəkbişirmə sexi tikilib. Süfrəyə qoyulan şorabalar burada yerli reseptlərlə hazırlanıb soyuducu anbarda saxlanılır. Bir maraqlı məqam barədə də Səttar müəllimə məlumat verildi ki, yeməklər üçün yeni-yeni reseptlər axtarılır. Ən yaxşıları tətbiq olunur. Bu da yeməklərin həm çeşidini, həm keyfiyyətini artırır.

Yuxarıda qeyd etdiyim kimi, S.Möhbalıyev hər bir istirahət mərkəzində turistlərlə görüşdü, necə dincəldiklərini, mövcud şəraitin tələblərinə cavab verib-vermədiyini və sair məsələlərə dair mövqelərini soruşdu. Eləcə də bu sahədə həmkarlar ittifaqlarının gördüyü və görəcəyi işlərdən danışdı.

Qeyd etdi ki, xalqımızın mənəvi və fiziki sağlamlığı dövlətimizin prioritet siyasi istiqamətlərindəndir. Bu sahədə çoxşaxəli və təsirli tədbirlər həyata keçirilir. Məhz bu tədbirlərin nəticəsidir ki, əhalinin həyat səviyyəsi ildən-ilə artır.

Səttar müəllim bildirdi ki, Azərbaycan get-gedə kurortlar və turizm ölkəsinə çevrilməkdədir. Respublikamızın səfalı, cənnət guşələrində geniş turizm şəbəkəsi, saysız-hesabsız istirahət mərkəzləri yaradılıb. Vətəndaşlarımız bu şəbəkədən istifadə etməklə sağlamlığını möhkəmləndirir, məzuniyyətini, sərbəst günlərini şən və mənalı keçirmək imkanına malik olurlar. Bütün bunlar Respublika Prezidenti cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqın sağlamlığına yetirdikləri xüsusi diqqətin nəticələridir.

Bu sahədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının da üzərinə, missiyasından irəli gələn, vəzifələr düşür. Biz, digər sahələrdə olduğu kimi, bu sahədə də dövlətimizin siyasətini dəstəkləyib, onun həyata keçirilməsi prosesində fəal iştirak edirik.

S.Möhbalıyev sözünə davam edərək dedi ki, bu gün ittifaq üzvləri, o cümlədən siz həmkarlar ittifaqlarının istirahət mərkəzlərindən, el dili ilə desək, ağızdolusu danışırsınız. Bu, istirahət mərkəzlərinin qorunub saxlanmasında, inkişafında istisnasız əməyi olan həmkarlar ittifaqı lideri kimi məni sevindirməyə, qürurlandırmaya bilməz. Bu mərkəzlər, təvazökarlıqdan kənar olsa da, zehnimizin, təşəbbüskarlığımızın, mübarizəmizin məhsuludur. Yeri gəlmişkən deyim ki, keçmiş sovet respublikalarının heç birində həmkarlar ittifaqı üzvlərinə sanatoriyalara, istirahət mərkəzlərinə güzəştli qiymətlərlə yollayış verilmir. Bunu edən yeganə təşkilat Azərbaycan həmkarlar ittifaqlarıdır. Mərkəzləri bu vəziyyətə gətirmək üçün hansı əziyyətləri çəkdiyimizi bir Allah, bir də biz bilirik. Sağdan, soldan edilən təzyiqlərə sinə gərmişik. Kimlərinsə fitvası ilə müxtəlif mətbuat vasitələri şər-böhtan dolu, həqiqətdən uzaq yazılarla bizim etdiklərimizi heçə endirməyə çalışıb. Biz düz yolda olduğumuza inandığımızdan, sadəcə, işimizi görmüşük. Tikmişik, qurmuşuq. Qəpik-qəpik topladığımız pulu bu obyektlərə xərcləmişik ki, ittifaqımızın üzvləri ilboyu sərf etdikləri gərgin əməkdən sonra təbiətin qoynunda dincələ bilsin, fiziki qüvvəsini bərpa etsin.

Bu mərkəzlər nə mənim, nə də digər sahə həmkarlar ittifaqları sədrlərinindir. İnsan gəldi-gedərdir. Nə tikiriksə xalq üçün, bugünkü, sabahkı nəsil üçündür. Qazancımız nə olacaq? Bir yaxşı ad, hörmətlə yad olunma!

AHİK sədri onu da turistlərin diqqətinə çatdırdı ki, hər il həmkarlar ittifaqı təşkilatlarının xətti ilə minlərlə vətəndaşımız öz ailələləri ilə Azərbaycanın dilbər guşələrində istirahət etmək imkanı qazanır. Biz istirahət mərkəzlərindəki şərait, obyektlərin necə saxlanılması, texniki təhlükəsizlik qaydalarına riayət, xidmət səviyyəsi ilə daim maraqlanırıq. Mənim səfərimin də məqsədi elə bundan ibarətdir. İstəyirik ki, gələn qonaqlar buradan məmnun ayrılsınlar, yaradılmış şəraitdən razı qalsınlar. Qeyd edim ki, həmkarlar ittifaqlarının istirahət mərkəzlərində yüzlərlə vətəndaşımız daimi və mövsümi işlərdə çalışır. Bu da məşğulluğun təmin olunmasına mühüm töhfədir.

S.Möhbalıyev qeyd etdi ki, AHİK-in balansında olan bütün istirahət mərkəzləri müasir tələblərə uyğunlaşdırılır, istirahət üçün geniş imkanlar yaradılır.

Azərbaycan həmkarlar ittifaqlarının Xaçmaz rayon ərazisində yerləşən istirahət mərkəzlərinə baxışda rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev də iştirak edib.

Bəyalı RZAYEV,

“Ülfət” qəzeti

ETİKETLƏR: