Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


AHİK-in İcraiyyə Komitəsinin növbəti iclasında

 sədrin məlumatı dinlənildi və mühüm qərarlar qəbul edildi

10.08.2022 11:57
16
A+
A-

Avqustun 10-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin iclası keçirilmişdir. İclası giriş sözü ilə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev açmışdır. Onun təqdimatı ilə gündəlik təsdiq olundu. Gündəlikdə duran məsələlərin müzakirəsinə başlamamışdan əvvəl S.Möhbalıyev bir neçə gün əvvəl həmkarlar ittifaqlarının Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində və Qusar şəhərində yerləşən istirahət mərkəzlərinə keçirdiyi baxışın nəticələri barədə məlumat verdi. Dedi ki, bildiyiniz kimi, son illərdə dünyanın, o cümlədən Azərbaycanın yaşadığı gərginliklərə baxmayaraq, aparılan islahatlar sayəsində ölkəmizin iqtisadiyyatı dinamik inkişaf edir. İqtisadi inkişafdan əldə olunan sərmayələrin böyük hissəsi Respublika Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə əhalinin sosial problemlərinin həllinə, istirahətinə, sağlamlıq ocaqları şəbəkəsinin genişləndirilməsinə yönəldilir. Sosial siyasətin səmərəliliyinin daha da gücləndirilməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xidmətləri xüsusi dəyərləndirilməlidir.

Biz, digər sahələrdə olduğu kimi, bu sahədə də dövlətimizin, onun başçısı     İlham Əliyevin yanında yer alırıq. Balansımızda olan sağlamlıq ocaqlarını, istirahət mərkəzlərini ildən-ilə müasirləşdirir, işçilərin, onların ailələrinin rahatlığı naminə təkmilləşdiririk. Hər il büdcəmizdə əldə etdiyimiz qənaət hesabına sağlamlıq ocaqlarının, istirahət mərkəzlərinin təmirinə, abadlaşmasına, genişlənməsinə, avadanlıqlarının yenilənməsinə on minlərlə vəsait xərcləyirik. İndi sağlamlıq ocaqlarımız, istirahət mərkəzlərimiz nəinki rəqabətə davam gətirir, hətta ən yaxşılar sırasında öncül yerləri tutur. Vətəndaşlarımız daha çox məhz bu sağlamlıq ocaqlarında istirahət etməyə, müalicə almağa üstünlük verirlər. Tələbatın get-gedə artdığı üçün yeni ərazilər alıb orada yeni istirahət mərkəzləri, sanatoriyalar tikməyi planlaşdırmışıq. Vaxtilə məcburi köçkünlərin yerləşdiyi sanatoriyalarımız boşaldıqca onları müasir memarlıq əsasında yenidən, necə deyərlər, həyata qaytarırıq. Keçirdiyim baxışdan məmnun qaldım. İstirahət mərkəzlərində, sanatoriyalarda istər dincəlmək, istər əylənmək, istər müalicə almaq baxımından hər cür şərait var.

Səttar müəllimin giriş sözündən sonra gündəlikdə duran məsələlərin müzakirəsinə keçildi. Əvvəlcə AHİK-in İcraiyyə Komitəsinin və aparatının 2022-ci ilin II yarımillik üçün iş planı, AHİK-in Məclisinin tərkibində dəyişiklik edilməsi barədə, “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi altında Respublika müsabiqəsinin keçirilməsi haqqında AHİK-in 25 noyabr 2009-cu il tarixli (protokol 6b.32ə) 2 nömrəli əlavəyə müvafiq komissiyanın tərkibində dəyişikliklər edilməsi barədə layihələr təsdiq olundu.

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına maliyyə yardımı ayrılması barədə təklif də yekdilliklə dəstəkləndi.

Daha sonra “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum” müzakirəyə çıxarıldı.

Memorandumda bildirilirdi ki, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında həssas əhali qruplarının daha fəal iştirakını təmin etmək, əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, məcburi köçkünlərin, habelə işsiz və mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan işaxtaran şəxslərin özünüməşğulluğunun təşkilinə və bu istiqamətdə əlavə imkanlar yaratmaq, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, mikro, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq məqsədilə son dövrlərdə xeyli tədbirlər həyata keçirilməkdədir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da bu sahədə dövlətə dəstək olmaq məqsədilə sosial həssas əhali qruplarının sosial problemlərinin həlli istiqamətində bir sıra addımlar atmışdır. Belə ki, 44 günlük Vətən müharibəsindəki qələbədən sonra şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına, Silahlı Qüvvələrə Yardım, “YAŞAT” və  Qarabağ Dirçəliş fondlarına və digər tədbirlərə 9.093.484 manat vəsait xərclənmişdir. Bununla yanaşı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair imzaladığı Memoranduma uyğun olaraq Dövlət Məşğulluq Agentliyinə 200.000 manat vəsait köçürülmüş, bunun nəticəsi olaraq 27 nəfər həssas əhali qrupunun üzvü özünüməşğulluğa cəlb olunmuşdur. Həmçinin Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında imzalanmış sosial həssas əhali qrupu üzrə sahibkarlığın inkişafına yardım göstərməsi sahəsində Əməkdaşlıq Sazişinə uyğun olaraq isə Agentliyin hesabına 150.000 manat maliyyə vəsaiti köçürülmüşdür. Bu işi davam etdirmək məqsədilə əlavə olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum da imzalanmışdır. Memoranduma müvafiq olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən könüllülük prinsipi əsasında əvəzsiz olaraq 250.000 manat məbləğində vəsait ayrılması nəzərdə tutulmuşdur.

AHİK-in İcraiyyə Komitəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandumu da təsdiq etdi.

ETİKETLƏR: