Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Əhalinin sayı artır,

iş yerləri bu artıma uyğun çoxalırmı?

10.08.2022 13:59
134
A+
A-

Son 30 ildə, yəni dövlət müstəqilliyimiz dövründə əhalimizin sayı təxminən 3 milyon nəfər artmışdır. Təbii ki, say artımı həm də müntəzəm olaraq iş yerlərinin artımını tələb edir. Ölkəmizdə bu tələbin öhdəsindən necə gəlinir?

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Aqil Məmmədov bu suala birbaşa cavab verməzdən əvvəl bildirdi ki, dövlətin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyi hər bir qərarın məğzində vətəndaşların bugünkü və gələcək rifahının yüksəldilməsi durur. Məşğulluq problemi Respublika Prezidentinin diqqətində olan məsələlərdəndir. O, dəfələrlə çıxışlarında Azərbaycanda əhalinin yüksək templə artdığını deyib. Buna görə də iqtisadiyyatın, o cümlədən iş yerlərinin yaradılmasının demoqrafik inkişafı daim üstələməli olduğunu qeyd edib.

Dövlətimiz xüsusilə son zamanlar kənd, qəsəbə yollarının yaxşılaşdırılması istiqamətində çox iş görüb. Kənd, qəsəbə əhalisinin şəhərlə, yəni bazarlarla əlaqəsinin təmin edilməsi üçün stimullaşdırıcı addımlar atılıb. Bunlar yaxşıdır. Amma daha vacib olanı odur ki, yerlərdə dayanıqlı iş yerləri yaradılsın, sahibkarlar bölgələrə cəlb olunsun. Ən azı yerli əhali ödənişli ictimai işlərə cəlb olunmalıdır. Təəssüf ki, bir çox hallarda, bəzi məmurlar bundan sui-istifadə edərək, işsiz əhali üçün ayrılan vəsaiti özləri mənimsəyirlər. Bu məsələ ilə əlaqədar son zamanlar bəzi rayonların yerli icra hakimiyyətlərində yaşanmış problemləri misal çəkmək olar.

Onların əksəriyyəti barədə cinayət işi qaldırılıb.

A.Məmmədov problemin həllində sərmayədarların böyük rol oynaya biləcəyini söylədi. Dedi ki, şəffaflıq təmin edilsə, yəni investisiya qoyan şirkətlər, sahibkarlar qarşısında maneə yaradılmasa, təbii ki, yerlərdə bir çox sahədə iş yerlərinin açılması mümkün olacaq. Məsələnin başqa cürə həlli mümkün deyil. Bu həm sahibkarlar üçün əlverişli olar, həm də orada yaşayan vətəndaşlar üçün.

A. Məmmədov dedi ki, turizmin inkişafı üçün rayonlarımızın gözəl təbiəti, əlverişli relyefi, zəngin mineral suları var. Bundan istifadə etmək lazımdır. Ölkə Prezidentinin çıxışlarında da qeyd olunduğu kimi, məmurlar çalışmalıdırlar ki, bölgələrdə yaşayan vətəndaşlar müəyyən problemlərlə üzləşməsinlər. Məmurlar vətəndaşların problemlərinin həlli, səlahiyyətləri daxilində olmayanda, onları əlaqədar ünvana yönəltməlidirlər. Daha “mənlik deyil”, - deyə özlərindən uzaqlaşdırmamalıdırlar.

 

Əsli TELMANQIZI

 

ETİKETLƏR:

Foto