Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


ƏDV dəyişdirilir, həm biznes qazanacaq, həm də vətəndaşlar...

.

10.08.2022 14:12
6
A+
A-

Dövlət Vergi Xidməti hazırda dövlət və özəl sektor təmsilçilərinin rəy və təklifləri əsasında Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklər paketi üzərində müzakirələri davam etdirməkdədir. Məcəlləyə təklif edilən ən mühüm dəyişikliklərdən biri Əlavə Dəyər Vergisi (ƏDV) üzrə diferensial vergi dərəcələrinin tətbiqidir. Daha doğrusu, 18 faizlik ƏDV-nin vahid vergi dərəcəsi kimi tutulmasının dayandırılması, müxtəlif sahələr üzrə aşağı və sabit ƏDV-nin tətbiqi təklif olunur. Biznes sektoru ticarət, xidmət, iaşə və s. sahələrdə çalışan ödəyicilər fərqli ƏDV-nin, yəni 4, 8,10, 12 dərəcələr əsasında verginin hesablanmasını, bununla da vergi dərəcələrinin optimallaşdırılmasını istəyir. Diferensial vergi rejimi adlanan dərəcələrin tətbiqi əslində əksər ölkələrdə, xüsusilə də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) dövlətlərində bir neçə ildir ki, tətbiq olunur. Avstriya, Almaniya, Belçika, Böyük Britaniya, İsveç, Niderland, Fransa, Çin və s. ölkələrdə ƏDV-nin standart dərəcəsi deyil, mal, iş və xidmətlər üzrə diferensiallaşdırılması təcrübəsi mövcuddur.

Qeyd edək ki, Azərbaycanda Vergi Məcəlləsinin 173.1-ci maddəsinə əsasən, ƏDV vahid standart dərəcə ilə - 18 faizlə hesablanır.

Qardaş Türkiyə 2022-ci ilin fevral ayından etibarən ölkədə mal və xidmətlərin bahalaşmasının qarşısının alınması (antiinflyasiya tədbirləri) çərçivəsində ticarət və xidmət sektorunda ƏDV-nin dərəcələrini bir neçə dəfə aşağı saldı.

Ona görə də Azərbaycanda da iri market və ticarət məntəqələrində fərqli ƏDV-nin tutulması aktuallaşır. Xüsusilə də ticarət şəbəkələrinin təmsilçiləri son illərdə nağdsız qaydada aparılan ödənişlərin həcminin və vergi dövriyyəsinin artmasını nəzərə alaraq standart ƏDV-dən diferensial ƏDV-yə keçidin vaxtının çatdığını bildirirlər. Hesablama Palatası da biznesin bu təşəbbüslərini dəstəkləyir, Palata hesab edir ki, vergi dərəcələrinin optimallaşdırılması real sektorda daxili istehsalın idxalla müqayisədə üstünlüklərinin, istehlakın daxili istehsal hesabına təmin olunmasının, xammal və yarımfabrikatların ixracı ilə müqayisədə əlavə dəyəri yüksək olan hazır məhsulun ixracına önəm verilməsinin stimullaşdırılmasını nəzərdə tutmalıdır. Həmin stimullaşdırıcı tədbirlər çərçivəsində atılacaq əsas addımlardan biri məhz istehlak qiymətlərinin tərkibində yer alan ƏDV dərəcəsinin diferensiallaşdırılmasından ibarətdir.

Dövlət Vergi Xidmətinin də diferensial verginin tətbiqinə münasibəti müsbətdir. Ancaq bunun üçün biznes sektorunun uçot, mühasibat sistemi vergi orqanının tələb etdiyi bütün normalara cavab verməlidir. Xidmət hesab edir ki, diferensial ƏDV tətbiqinə keçmək üçün biznes ilk növbədə şəffaf uçota malik olmalıdır. Uçot intizamı bərpa olunmadığı halda, ƏDV-nin diferensial dərəcəsinin tətbiqinin bu sahənin inkişafına və istehlak qiymətlərinin aşağı salınmasına müsbət təsir etməsi mümkün deyil. Ancaq bu istiqamətdə biznes icması və vergi orqanı arasında xeyli işlər görülüb, “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində ƏDV dərəcəsinin diferensiallaşdırılması sisteminin tətbiqi üçün  Vergi Xidmətində işçi qrupu yaradılıb. Qrup diferensial verginin tətbiqi imkanları barədə təhlillər aparıb. Son illərdə nağdsız ödənişlərin dövriyyəsinin artması, “qara mühasibatlığın” minimallaşdırılması, bir çox sahələrdə nağd əməliyyatlara məhdudiyyətlər qoyulması və digər tədbirlər artıq şəffaf uçotun oturuşmasına səbəb olmaqdadır. Bu səbəbdən diferensial ƏDV-nin tətbiqi üçün imkan və şərait yetişməkdədir. Dövlət Vergi Xidməti həmçinin vətəndaşlara nağdsız alış-veriş etdiyi zaman geri ödənilən ƏDV-nin də faiz dərəcəsini artırmaq niyyətindədir. Son 2 ildə uğurlu layihə kimi özünü doğruldan “ƏDV geri al” üzrə ƏDV-nin müəyyən faizinin geri qaytarılması nağdsiz ödənişlərin həcminin bir neçə dəfə artmasına səbəb olub. Qeyd edək ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ticarət və iaşə mərkəzlərində aparılan əməliyyatlar zamanı vətəndaşın nağdsız, yəni kart vasitəsilə ödədiyi pulun ƏDV hissəsinin 15 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Aparılmış təhlillər göstərir ki, bu layihə nağdsız ödənişlərin həcminin artmasına, nəticədə vergi şəffaflığının daha da yüksəlməsinə səbəb olmaqdadır. Ona görə də vergi orqanları bu layihənin daha da genişlənməsini təmin etmək üçün vətəndaşlara geri qaytarılan ƏDV-nin faizini artırmağı düşünür. Yəni stimullaşdırıcı addımlar atılacaq.

Bu məqsədlə Vergi Məcəlləsinin 165.5-ci maddəsinə müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur. Dəyişikliklər qəbul olunduqdan sonra, 2023-cü il yanvarın 1-dən etibarən ƏDV faizlərinə xidmətlərin çeşidləri üzrə fərqli yanaşma tətbiq ediləcək. Belə ki, nağdsız qaydada ödənilmiş ƏDV-nin geri ödənilən hissəsi 5 faiz artırılaraq 20 faiz təşkil edəcək. Məsələn, hazırda kartla 100 manatlıq bazarlıq edən zaman geri qaytarılan ƏDV-nin məbləği 2 manat 28 qəpik təşkil edirsə, yeni qaydalar qüvvəyə mindikdən sonra bu məbləğ hər 100 manat üzrə 3 manat 5 qəpik olacaq.

Bundan əlavə, gələn ildən Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, özəl tibb müəssisələrində çalışan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə də ödənilmiş ƏDV-nin geri qaytarılması da nəzərdə tutulur. Onu da nəzərə almaq lazımdır ki, kartla alış-veriş etməsindən asılı olmayaraq, vətəndaşlar VM-nin 50.8-ci maddəsinin tələblərinə uyğun olaraq həmin marketin, yaxud ticarət-iaşə obyektindən nəzarət-kassa aparatının çekini tələb etməlidir.

Bir məqamı da xatırladaq ki, qeyd edilən vergi stimulları nağd əməliyyatlara şamil olunmayacaq, əksinə, nağd ödənişlərdə məhdudlaşdırıcı tədbirlər nəzərdə tutulur. Çünki nağd ödənişlər ticarət obyektlərində vergi uçotunun aparılmasına və şəffaflığa kölgə saldığından vergi orqanları bu istiqamətdə məhdudlaşdırıcı xarakterli addım atacaq. Əgər indiyə qədər nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizi geri ödənilirdisə, 2023-cü ilin yanvarından etibarən bu rəqəm 5 faiz olacaq. Belə ki, hazırda nağd qaydada bazarlıq zamanı hər 100 manatda 1 manat 52 qəpik ƏDV qaytarılırsa, gələn ildən bu rəqəm 76 qəpik olacaq.

Göründüyü kimi, Vergi Məcəlləsində təklif edilən dəyişikliklərdə başlıca məqsəd vətəndaşları nağdsız ödənişlərə həvəsləndirmək, kart vasitəsilə aparılan ödəmələri stimullaşdırmaqdır.

 

Elbrus CƏFƏROV

ETİKETLƏR: