Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Tətbiqinə başlanacaq qanun sığorta bazarında rəqabət mühiti formalaşdıracaq

.

10.08.2022 15:51
19
A+
A-

Avtomobillərin icbari sığortası ilə bağlı yeni qanun təsdiqlənib. Belə ki, bu ilin noyabr ayının 1-dən qüvvəyə minəcək yeni qaydalara əsasən, artıq qəza baş verən zaman avtomobilə dəymiş ziyanı qarşı tərəf deyil, elə avtomobilin öz sığortası ödəyəcək. Daha sonra sığorta şirkəti qarşı tərəfin sığortaçısından bu ödənişi tələb edəcək.

Daha bir yenilik isə, B kateqoriyalı sürücülük vəsiqəsi almaq istəyən şəxs ərizəsində əvvəlcədən qeyd etməlidir ki, avtomatik transmissiyalı avtomobili idarə edəcək, yoxsa mexaniki. Həmin sürücüyə veriləcək vəsiqədə yazılacaq qeydlər də məhz bundan asılı olacaqdır.

Məsələni ətraflı öyrənmək üçün ekspertlərlə əlaqə saxladıq.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov dedi ki, dəyişiklik həm sığorta şirkətləri, həm də sığorta olunanlar üçün xeyirdir: “Bu, bürokratik əngəlləri aradan qaldırmaq üçün atılan çox düzgün bir addımdır. İlk növədə vətəndaşlar əvvəlki kimi sığorta şirkətləri tərəfindən get-gələ salınmayacaq. Zərərçəkmiş qarşı tərəfin sığortası zərəri ödəyəcək deyə xeyli vaxt gözləməli olurdu.  Bu da arada xeyli vaxt itkisi demək idi. Razılaşarsınız ki, bu halda adamın əsəb sistemi də korlanar. İndi isə sığorta şirkəti öz müştərisinə dəymiş zərəri ödəyəcək, daha sonra isə qarşı tərəfin sığortaçısından ödənişi tələb edəcək. Bir sözlə, sığorta şirkətləri öz aralarında hesablaşacaq. Bu da ona zərər vuran sürücünün sığorta şirkətini axtarmasına, süründürməçilik hallarına ehtiyacın qalmayacağı deməkdir”.

Ekspert Elməddin Muradlıya görə, son vaxtlar qanuvericilikdə sürücülük vəsiqələrinin əldə edilməsi proseduru xeyli sadələşdirilib. Elə verilən son qərar da buna nümunədir: “Əslində vətəndaşlar dəyişikliyin mahiyyətini tam anlaya bilməyiblər. Bu da Mərkəzi Bankın qəliz formada açıqlama verməsindən irəli gəlir. Baxın, əgər sən ömrün boyu avtomat ötürücülü maşın sürəcəksənsə, nə üçün gedib mexaniki ötürücülü maşın sürməyi öyrənib, ondan imtahan verməlisən. Mexaniki ötürücülü avtomobildə üç, avtomatda isə iki əyləc olur. İndi özünüz düşünün, hansından imtahan vermək daha asan olar, hansını idarə etmək daha rahat olar?

Bir məsələni də qeyd etmək istəyirəm. Mühərrikinin həcmi böyük olan avtomobillərdə növbəti illərdə vətəndaşın avtomobilini sığortalama haqqı təxminən 25 manat civarında artacaq. Avtomobilin ili və sürücünün təcrübəsi, sürücülük vəsiqəsini nə vaxt alıb, nə qədər müddətdir idarə etməsi, yaş məsələsi, avtomobilin idarə edilməsində bir və ya bir neçə şəxsin etibarnaməsinin olması, avtomobilin Bakıda, yoxsa regionlarda sürülməsi bir şərt kimi əmsallara vurulur və Mərkəzi Bank tərəfindən buna uyğun qiymət hesablanır. Ona görə də bu, artıma səbəb olur. Ancaq, təbii ki, artım baş verirsə, o zaman sığorta ödənişlərində də artım olmalıdır. Çünki hazırda vətəndaşa dəymiş zərərin sığorta ödənişlərində maksimum hədd 5 min manatdır. Ona görə də düşünürəm ki, bu məsələyə də yenidən baxılmalıdır”.

Elməddin müəllim onu da vurğuladı ki, bu gün vətəndaşların ən çox narazı olduqları sahələrdən biri də sığorta edənlərin süründürməçiliyidir. Deyir, sığorta şirkətləri sürücüləri çox incidir. Tələb etdikləri məbləğə uyğun iş görmürlər: “Bu gün Azərbaycanda qəza törədən 100 sürücüdən 70-i sığorta şirkətlərinin qiymətləndirməni səhv aparmasından, pulu vaxtında ödəməməsindən, vətəndaşları get-gələ salmasından narazıdır. Hətta bəzən tələb edirlər ki, avtomobili sığorta şirkətinə məxsus servisdə təmir etsinlər. Müraciət də edəndə baxırsan ki, təcrübəsiz ustalar işləyir. Bəzi hallarda da mühərrik gücü zəif avtomobilləri, “Toyota Prius” kimi avtomobilləri, sığortalamaqdan imtina edirlər, daha doğrusu, sığorta ödənişi etmirlər. Təbii ki, bu, qanunsuz bir hərəkətdir. “İcbari sığortalar haqqında” qanuna görə, həmin avtomobillərin risk qrupunda olduğunu nəzərə alıb daha yüksək əmsal hesablaya bilərlər. Bunlara da taksi kimi fəaliyyət göstərən avtomobilləri misal göstərə bilərik. Ona görə də ümid edirəm ki, qəbul edilən son qərarlarla bundan sonra mövcud problemlər öz həllini tapacaq”.

Sığorta üzrə ekspert Əli Bayramov dedi ki, tətbiqinə başlanacaq qanun sığorta bazarında rəqabət mühiti formalaşdıracaq. Bu da öz növbəsində indiyədək baş verən xoşagəlməz halların aradan qalxmasına gətirib çıxara bilər: “Yeni qəbul edilən qanun rəqabət baxımından da böyük önəm kəsb edir. Çünki indi sığorta şirkətləri əllərindən gələni edəcəklər ki, öz müştərilərini razı salsınlar”.

 

Aliyə SƏMƏDOVA

ETİKETLƏR: