Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Həbs yerlərində saxlanılan şəxslərin hansı hüquqları var?

.

10.08.2022 16:00
8
A+
A-

Həbs yerlərində saxlanılan şəxslərin hansı hüquqları var?

Kamil VƏLİYEV, Xırdalan şəhəri.

-Həbs yerlərində saxlanılan şəxslərin hüquqları həm Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi ilə, həm də “Həbs yerlərində olan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə də təsbit edilmişdir. Bu hüquqlara asağıdakılar aiddir:

* Həbs yerinə gətirildikdən dərhal sonra yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla bu barədə məlumat vermək imkanı ilə təmin olunmaq;

* Şəxsi təhlükəsizliyi təmin edilməklə saxlanılmaq;

* Həbs yerinə qəbul edildikdən dərhal sonra və həbsdə saxlama zamanı öz hüquq və vəzifələri, daxili intizam qaydaları, o cümlədən həbs yerində rejim, təkliflərin, ərizələrin və şikayətlərin verilməsi qaydası ilə yazılı şəkildə onlara aydın olan dildə tanış olmaq, bu barədə yazılı məlumatı özündə saxlamaq;

* İşgəncəyə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamaq;

* Həbsdə saxlama zamanı onlara aidiyyəti olan bütün prosessual hərəkətlər barədə məlumatlandırılmaq;

o Müdafiəçisi və qanuni nümayəndəsi ilə görüşmək;

* Həbs yerində saxlanıldığı müddət ərzində pulsuz yeməklə, maddi-məişət və tibbi-sanitariya xidmətləri ilə təmin olunmaq;

* Ədəbiyyatdan, o cümlədən xüsusi ədəbiyyatdan istifadə etmək, həbs yerinin kitabxanasından istifadə üçün ədəbiyyat, qəzet və jurnal götürmək və ya öz vəsaiti hesabına həbs yerinin müdiriyyəti vasitəsilə ticarət şəbəkəsindən yazı ləvazimatı, ədəbiyyat, qəzet və ya jurnal əldə etmək;

* Dini ayinləri yerinə yetirmək, dini ləvazimatdan və ədəbiyyatdan istifadə etmək;

* Bağlama, sovqat və banderol almaq;

* Mülki hüquq münasibətlərində iştirak etmək, notariusun xidmətlərindən istifadə etmək;

* Etik davranışa uyğun rəftar olunmaq;

* Həbs yerinin müdiriyyəti tərəfindən qəbul edilmək;

* Hüquqa zidd məqsədlər üçün istifadə edilə bilən və ya dövlət sirrini və qanunla qorunan digər sirləri özündə əks etdirən sənədlər və yazılar istisna olmaqla, cinayət işi ilə tanış olmaq, öz hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsi ilə bağlı olan sənədləri, yaxud əqli fəaliyyətinin nəticəsi olan yazıları və ya onların surətlərini, o cümlədən təklif, ərizə və şikayətlərinə verilən cavabların surətlərini özündə saxlamaq;

* Həbsdə saxlanılmasının qanuniliyi, əsaslılığı və ya hüquqlarının və qanuni mənafelərinin pozulması məsələləri ilə bağlı təklif, ərizə və şikayətlərlə müraciət etmək;

* Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmuş təxirəsalınmaz istintaq hərəkətlərinin aparılması halları istisna olmaqla, prosessual hərəkətlərin aparılmasına cəlb edilməsinin qadağan olunduğu müddətdə - gecə vaxtı səkkiz saat yatmaq;

* Hər gün iki saatdan az olmayaraq gündəlik gəzintiyə çıxarılmaq;

* İdmanla məşğul olmaq və stolüstü oyunlar oynamaq;

* Siyahısı və sayı daxili intizam qaydaları ilə müəyyən edilmiş şəxsi əşyalardan istifadə etmək;

* Öz paltar və ayaqqabısından istifadə etmək, münasib paltarı olmadıqda iqlimə uyğun paltarla təmin olunmaq.

Tutulmuş və ya həbs edilmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər öz dövlətlərinin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəlikləri və ya konsulluqları ilə və ya onlara himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilatlarla təxirə salınmadan əlaqəyə girmək hüququna malikdirlər.

Vətəndaşların müraciətinə baxan vəzifəli şəxslərin vəzifələri nədən ibarətdir?

 

Saleh MƏNSİMOV, Biləsuvar rayonu.

-“Vətəndaşların müraciətləri haqqında” Qanunun 12-ci maddəsinə əsasən, müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada vətəndaşların yazılı və şifahi formada təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının sərbəst həyata keçirilməsi üçün şərait yaradılmasını təmin etməlidirlər. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidirlər.

Müraciətə baxan subyektlərin vəzifəli şəxsləri vətəndaşların müraciətlərinə baxarkən:

- müraciətə obyektiv, hərtərəfli və vaxtında baxılmasını təmin etməlidirlər;

- məsələnin mahiyyətini öyrənməli və onun həlli üçün lazımi sənədləri tələb etməlidirlər;

- müraciətə baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı formada məlumat verməli, müraciət təmin edilmədikdə bunun səbəblərini göstərməli, şikayət vermək qaydasını izah etməlidirlər;

- müraciətlər barəsində əsaslandırılmış qərarların qəbul edilməsini və bu qərarların vaxtında və düzgün yerinə yetirilməsini təmin etməlidirlər.

Dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətinin və ya işinin tənqid edilməsi ilə bağlı, yaxud vətəndaşın və ya digər şəxslərin hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədi ilə edilən müraciətə görə vətəndaşı təqib etmək qadağandır.

Müraciətlərə baxılması zamanı müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin müraciətdəki məsələlərin həlli ilə əlaqədar əldə olunmuş məlumatları, o cümlədən dövlət sirri təşkil edən və qanunla qorunan digər məlumatları yayması (yazılı müraciətin aidiyyəti üzrə baxılması üçün digər müraciətə baxan subyektlərə və onların vəzifəli şəxslərinə göndərilməsi istisna olmaqla), eləcə də müraciətin həlli ilə bağlı olmayan fərdi məlumatların, o cümlədən xüsusi kateqoriyalı fərdi məlumatların toplanılması, saxlanılması, istifadəsi və yayılması qadağandır.

12.6. Dövlət orqanının (və ya onun vəzifəli şəxsinin) qanunazidd hərəkəti (hərəkətsizliyi) barədə prokurorluq orqanlarına daxil olmuş müraciətlərə bu Qanuna və “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Bu cür müraciətlər prokurorluq orqanlarının səlahiyyətlərinə aid olmadıqda onlar beş iş günü müddətində müraciət edən şəxsə qaytarılır. Vətəndaşın müraciəti müraciətə baxan subyekt (və ya onun vəzifəli şəxsi) tərəfindən aidiyyəti üzrə baxılması üçün prokurorluq orqanına göndərildikdə həmin subyektə (və ya onun vəzifəli şəxsinə) onun xahişi ilə baxılmanın nəticəsi barədə məlumat verilir. Azərbaycan Respublikasının Baş prokuroru bu halda müraciətlərə baxılmasının nəticələri barədə altı ayda bir dəfədən az olmayaraq müvafiq icra hakimiyyəti orqanına məlumat verir.

Bağışlamaq barəsində verilən vəd ləğv edilə bilərmi?

 

Sabir BABAYEV, Bakı şəhəri.

 

-Bağışlamaq niyyəti ilə əşyanı başqa şəxsə verən şəxs hədiyyə alan hədiyyəni qəbul edənədək istədiyi vaxt onu geri götürə bilər ( Mülki Məcəllə, maddə 667).

Məcəllədə müqavilə bağlandıqdan sonra hədiyyə verənin bağışlamadan imtinası da nəzərdə tutulmuşdur. Hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina da edə bilər.

Hədiyyə verən bağışlamaq barəsində verilmiş vədi yuxarıda qeyd edilən əsaslardan başqa vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə, vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda bağışlamaq barəsində verdiyi vədi də ləğv edə və onun icrasından imtina edə bilər.

 

Dövlət qulluqçularına ömürlük müavinət hansı hallarda təyin edilir?

 

Əfruz KƏRİMOV, Şəki şəhəri.

 

 

- “Sosial müavinətlər haqqında” qanunun 7.0.1. maddəsinə əsasən,  dövlət qulluqçularına ömürlük müavinət - “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, inzibati və yardımçı vəzifələri tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğu vəzifəsində minimum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda təyin edilir.

ETİKETLƏR: