Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Vergi borcunuzu ödəməsəniz ölkədən çıxışınız qadağan olunacaq

.

16.08.2022 19:07
11
A+
A-

Son illərdə vergi borclarının ödənilməsi istiqamətində Dövlət Vergi Xidməti tərəfindən aparılan iltizam tədbirləri və təşviqedici islahatlara baxmayaraq, vergi öhdəliyinə əməl etməyən sahibkarların və fərdi şəxslərin sayı yenə də azalmır. Vergi Xidmətinin apardığı təhlillərə əsasən, minlərlə vergi ödəyicisi həm cari, həm də əvvəlki illərdə yığılıb qalmış borclarını ödəmək istəmir. Onlara xəbərdarlıq edilir, maarifləndirmə yolu ilə borclarını ödəmək təşviq olunur, sözsüz ki, bu cür izahedici tədbirlər lazımi təsirli nəticə vermədiyi halda, başqa təsir mexanizmlərinin tətbiqinə ehtiyac yaranır.

Bu günlərdə Azərbaycan Banklar Assosiasiyası, biznes icması və vergi orqanı arasında keçirilən görüşdə vergi borcları üzrə sərəncamların icra edilməsi, müvafiq proseslərin təkmilləşdirilməsi ilə bağlı təkliflər müzakirə olunub.

Vergi Xidməti çıxış yolu kimi müxtəlif inzibati-hüquqi vasitələrdən istifadə edir. Məsələn, vergi ödəyicisinə dəfələrlə olunmuş xəbərdarlığa və onun barəsində tətbiq olunmuş maliyyə sanksiyalarının yerinə yetirilmədiyinə görə, onun ölkədən çıxışına qadağa qoyulması qərara alınır. Bu zaman vergi orqanı Vergi Məcəlləsinin 23.1.15-ci maddəsini əsas götürərək əsas borcla yanaşı, hesablanmış faizlər və maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi məhkəməyə müraciət edir. Məhkəmə isə Mülki Prosessual Məcəllənin 305.1.12-ci maddəsinə əsasən hərəkət edir, xüsusi icraat qaydasında vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar çıxarır. Burada isə məbləğin böyük və kiçik olması rol oynamır, istər 100 min manat olsun, istərsə də 1000 manat, borcu olduğuna görə məhkəmə həmin şəxslərin ölkədən çıxışına eyni qaydada eyni məhdudiyyətlər tətbiq edir.

Hazırda vergi orqanında qeydiyyatdan keçən ödəyicilərin sayı artaraq 1 milyon 370 mini ötüb. Bu səbəbdən son illərdə vergi ödəyicilərinin sayı artdıqca ölkədən getmək hüququ məhdudlaşdırılanların sayı da artır. Onların sırasında 500-dən çox kiçik və orta müəssisənin sahibləri də var. İndiyə qədər 1000-lərlə şəxs barəsində ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair qərarlar çıxarılıb.

Sahibkarlar və fiziki şəxslər vergi borclarının olmasını inkar etməsələr də, onlar müxtəlif biznes fəaliyyətləri ilə bağlı xarici ölkələrə gedişlərinin əngəllənməsini düzgün hesab etmir, vergi orqanının bu barədə onları məlumatlandırmadığını bildirirlər. Onların fikrincə, Azərbaycanın sərhəd qapılarında məlum olur ki, borcları var və ölkədən çıxışları qanunla qadağan olunub. Vergi orqanı isə bu iddia ilə razılaşmır. Qeyd olunduğuna görə, 2019-cu ildən vergi ödəyiciləri üçün yeni elektron xidmət istifadəyə verilib. Bundan başqa, bütün vergi ödəyicilərinə öz borcları barədə mütəmadi olaraq müxtəlif elektron kanallar vasitəsilə məlumat verilir, bütün ödəyicilərin elektron poçtuna, e-mail ünvanına və telefonuna SMS göndərilir. Bundan başqa, sahibkarlar Vergi Xidmətinin birbaşa internet saytına və internet vergi idarəsinə daxil olmaqla vergi borcu barədə məlumat əldə edə bilərlər. Həmçinin onlara Xidmətin Çağrı Mərkəzinə zəng etməklə borc haqqında bilgi əldə etmək imkanı yaradılıb.

Vergi borcuna görə, ən sərt tədbirlərdən biri isə sahibkarın əmlakının siyahıya alınması və açıq auksion vasitəsilə satışa çıxarılmasıdır. Qeyd edək ki, 2022-ci il yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsinin yeni redaksiyasına əsasən, (23.1.15-1-ci maddə) borcu olan vergi ödəyicilərinin əmlakının siyahıya alınması və satışa çıxarılması nəzərdə tutulub. Doğrudur, vergi orqanı çalışır ki, vəziyyət bu səviyyəyə çatmasın, əmlakın satışa çıxarılması halları yaranmasın. Buna görə də borcu olan sahibkarlar üçün müəyyən güzəştlər edilir, bu, Vergi Məcəlləsində də öz əksini tapıbdır. Məcəllənin 85.6-cı maddəsinə əsasən, vergi öhdəliyini yerinə yetirə bilməyən sahibkarlıq subyektinə 6 ay müddətdə möhlət hüququ verilir. Tərəflər arasında razılaşdırılmış qrafik əsasında sahibkar borcunu hissə-hissə ödəyir, o şərtlə ki, 1 ildən çox olmayan müddətdə bu möhlət hüququna əməl etsin. Möhlət verilən dövr ərzində ödəyici borcun 75 faizi ödənildiyi halda, vergi ödəyicisinin müraciəti əsasında qalan hissənin ödənişinə də əlavə olaraq möhlət verilir.

Ancaq vergi ödəyicisi bu möhlət imkanlarından istifadə etməyərək borcunu ödəmirsə, artıq inzibati addımlar atılır. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə, vergi orqanı tərəfindən əmlakı siyahıya alınaraq nəzarət tədbirləri həyata keçirilir. Bundan sonra vergi ödəyicisinin siyahıya alınmış əmlakının, habelə dəyəri 5.000 manatdan artıq olan daşınar əmlakının satışı həyata keçirilir və borcun dövlətə ödənilməsi bu yolla təmin edilir.

Borcla bağlı qadağa və cəzalar bununla bitmir, sahibkar barəsində cinayət işinin açılması, hətta həbsi də nəzərdə tutulub. Belə ki, vergi ödəyicisinin borcu (faizlər və maliyyə sanksiyası istisna olmaqla) 20.000 manatdan yuxarı olduğu halda, Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən, həmin şəxs barəsində materiallar əsasında cinayət işi başlanılır.

 

Elbrus CƏFƏROV

ETİKETLƏR: