Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Yeni ixrac strategiyası:

vergi və iqtisadi stimullar

24.08.2022 12:16
45
A+
A-

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) Milli İxrac Strategiyasının layihəsini hökumətə təqdim edib. AZPROMO-nun rəhbəri Yusif Abdullayev bildirib ki, sənəddə Azərbaycanın qeyri-neft sektoruna xarici investisiyaların cəlb olunması, rəqabətqabiliyyətli qeyri-neft məhsullarının ixracının genişləndirilməsi, yeni bazarların araşdırılması, ixracın stimullaşdırılması və təşviqi istiqamətində sistemli və kompleks tədbirlər, həmçinin  yeni xarici ölkə bazarlarının tapılması və ixrac istiqamətlərinin coğrafi hüdudları müəyyən edilib.

Strategiyada prinsipial olaraq 3 əsas istiqamət hədəf seçilib. Bunlar yeni ixrac təşviqi və mədəniyyətinin artırılması, yerli məhsulların ixracının dövlət tərəfindən dəstəklənməsi və ixrac coğrafiyasının genişləndirilməsi, xarici bazarlara rəqabətqabiliyyətli məhsulların ixracının artırılması, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində işlərin həyata keçirilməsi və xarici ölkələrdə “Azərbaycan Ticarət Evi”nin sayının artırılmasından ibarətdir.

“Milli ixrac strategiyası” 15-dən çox hədəf bazarını və 120 çeşid ixrac məhsulunu müəyyən edir. Strategiyaya əsasən, Azərbaycanın qeyri-neft ixracını 2025-ci ilədək ötən illə müqayisədə iki dəfə artırmaq və 3,7 milyard dollara çatdırmaq planlaşdırılır. Adambaşına düşən qeyri-neft ixracının 2025-ci ildə 450 dollar hədəfinə çatdırılması nəzərdə tutulur.

İxrac strategiyasında əsas stimullardan biri vergi-gömrük güzəştlərindən ibarətdir. Belə ki, hökumətin qərarı əsasında sənaye, kənd təsərrüfatı, logistika və turizm sahələri ilə məşğul olan hüquqi şəxs və fərdi sahibkarlara vergi və gömrük güzəştlərindən yararlanmaq imkanı yaradan investisiya təşviqi sənədi verilir. Təşviq sənədinə əsasən, yerli ixracatçı icmasına xarici ölkələrə qeyri-neft məhsullarının ixracının artırılması müqabilində onların ödədiyi vergilərin bir hissəsi pul şəklində geri qaytarılır. Vergi Məcəlləsinin 199.1.1-ci maddəsinə əsasən, investisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddır. Həmçinin həmin təşviqi sənədi almış sahibkar 7 il müddətinə torpaq vergisini ödəməkdən azad olunub. Bununla yanaşı, investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar təsdiqedici sənəd əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına görə 7 il müddətinə ƏDV-dən və gömrük rüsumundan tam azaddır. İndiyə qədər hökumət investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara təxminən 762 milyon dollar dəyərində vergi və s. güzəşt edib.

İxrac strategiyasında ən mühüm güzəşt kənd təsərrüfatı istehsalçıları və ixracatçılarına aiddir. Vergi Məcəlləsinin 165.1.9-cu maddəsinə müvafiq olaraq istehsalçı ixrac üçün nəzərdə tutulan məhsulu ixracatçıya təqdim edərkən ƏDV-yə sıfır dərəcə ilə cəlb olunur ki, bu, ixrac üçün ən böyük stimuldur. Bununla yanaşı, sahibkarlar üçün verilən gömrük güzəşti faktiki olaraq ixrac təşviqinin baza məbləğində ixrac əməliyyatlarına görə malın gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 faizini təşkil edir. Bu da gömrük vergisinin təxminən 20 faizinin onlara geri qaytarılması deməkdir.

Hökumətin ixrac siyasətində vergi güzəştləri ilə yanaşı, institusional islahatlar çərçivəsində müxtəlif iqtisadi-maliyyə stimulları da mühüm yer tutur. Hazırda yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə əldə etdiyi sertifikat və patentin almasına, ixrac layihələrinin hazırlanmasına çəkilən xərclər dövlət büdcəsi hesabına ödənilir. İxracda xüsusi təşviqedici zəmanət verən “Made in Azerbaijan” brendi ilə xarici bazarlara mal satan ixracatçıların xərclərinin daha da optimallaşdırılması nəzərdə tutulur. Həmçinin ixracatçıların xarici valyuta ilə çəkilmiş xərclərinin Mərkəzi Bank tərəfindən müəyyən olunmuş valyuta məzənnəsinə uyğun hesablanması siyasəti davam etdiriləcək ki, bu da Avropa və digər regional bazarlarda dolların, avronun bahalaşması zamanı sahibkarların xərcə düşməsinin qarşısını alacaq.

Milli ixracın stimullaşdırılması məqsədilə sahibkarlıq subyektlərinin idxal və ixrac əməliyyatında tələb olunan sənəd və prosedurların sayının azaldılması, ixracdakı hesablamaların daha da sadələşdirilməsi, ixracatçılar üçün daha da münasib şəraitin yaradılması siyasətinin də davam etdirilməsi nəzərdə tutulur.

Sözsüz ki, ixracatşılara verilən vergi güzəştləri sahibkarları rəqabətqabiliyyətli məhsul istehsalı və ixracına həvəsləndirir, ölkəmizin qeyri-neft ixracının həcminin artmasında mühüm rol oynayır. Məsələn, təkcə sənaye parklarında fəaliyyət göstərən sahibkarlar idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində indiyədək qeyri-neft sənayesi məhsullarının ixracını 4 dəfəyədək artırıb və hazırda həmin ixracın dəyəri 543 milyon dolları ötüb. Eyni zamanda kənd təsərrüfatı ixracı ilə məşğul olan sahibkarların 50-dən artıq ölkəyə ixracı sayəsində həmin məhsulların ixrac həcmləri ən azı 2 dəfə çoxalaraq 400 milyon dollara çatıb.

Son illərin ixrac statistikasını təhlil edən hökumət bu sahədə əhəmiyyətli dinamikanı nəzərə alaraq qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi qaydasını sadələşdirməyi qərara alıb. Beynəlxalq bazarlardakı vəziyyət və sahibkarlardan daxil olan müraciətlər əsasında ixrac təşviqinin ödənilməsi proseduru sadələşdirilib. Ancaq qlobal bazarlarda baş verən son hadisələr, daşınma və logistika xərclərinin artması, Rusiya və Ukrayna arasında davam edən müharibənin tranzit coğrafiyalarına mənfi təsirləri ixrac prosedurlarının daha da təkmilləşdirilməsinə ehtiyac yaradıb. Bu məqsədlə daşınma, nəqliyyat və ixrac təşviqində nəzərdə tutulan bəzi qayda və mexanizmlərin  yenidən sadələşdirilməsi gözlənilir.

 

Elbrus CƏFƏROV

 

ETİKETLƏR: