Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Əvəzçilik üzrə işləmək istəyirəm. Bu haqda məlumat verməyinizi xahiş edirəm.  Bu zaman əmək kitabçası tələb olunurmu?

.

24.08.2022 12:31
100
A+
A-

Əvəzçilik üzrə işləmək istəyirəm. Bu haqda məlumat verməyinizi xahiş edirəm.  Bu zaman əmək kitabçası tələb olunurmu?

 

Cəmilə ƏLİZADƏ, Daşkəsən rayonu.

- Əmək Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər.

Hər hansı bir təşkilatda əmək müqaviləsi bağlayaraq işləyirsinizsə, həmin müəssisə əsas iş yeriniz sayılır. Məcəllənin 48-ci maddəsinə əsasən, əmək müqaviləsi bağlayarkən əmək kitabçasını da tələb olunan başqa sənədlərlə birlikdə işəgötürənə təqdim etmiş və ya (əgər ilk dəfə əmək fəaliyyətinə başlamışsınızsa) həmin müəssisədə, yəni əsas iş yerində adınıza əmək kitabçası açılmışdır.

Qanunvericiliyin tələbinə əsasən, əlavə olaraq hər hansı bir təşkilatda işləmək üçün həmin təşkilatın işəgötürəni ilə yeni əmək müqaviləsi bağlayaraq əmək fəaliyyətinə başlamalısınız. Lakin bu zaman yeni əmək kitabçasının açılması nəzərdə tutulmamışdır. İşçi əsas və əlavə iş yerlərinin sayından asılı olmayaraq birinci əmək fəaliyyətinə başladığı yerdə onun adına açılan əmək kitabçasından istifadə edir. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır.

ƏM-in 87-ci maddəsinə və “İşçilərin əmək kitabçalarının forması və onun tərtibi Qaydaları”nın 3.2-ci bəndinə əsasən, əvəzçilik üzrə əmək fəaliyyəti haqqında əmək kitabçasında qeydlər əvəzçilik üzrə əmək müqaviləsinin surəti əsasında işçinin arzusu ilə əsas iş yerində aparılır. 

Əvəzçilik üzrə işlər iş vaxtından sonra və ya iş vaxtı ərzində ola bilər. Məktubunuzda əvəzçilik üzrə əmək fəaliyyətini hansı vaxtda yerinə yetirəcəyinizi qeyd etmirsiniz. Əgər iş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerində (və ya yerlərində) işləmək istəyirsinizsə, bu halda əsas iş yeri üzrə işəgötürənin razılığı tələb olunmur. Çünki bu zaman əsas iş yerində işçi gündəlik normal iş vaxtı müddətində müəyyənləşdirilmiş əmək funksiyasını yerinə yetirir. Lakin iş vaxtı ərzində əvəzçilik üzrə işləmək istəyirsinizsə, bu zaman əsas iş yeri üzrə işəgötürənin razılığı lazımdır.

Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini, əlavə iş yerinin işəgötürəni və özünüz Məcəlləyə müvafiq olaraq müəyyən etməlisiniz.

 

Bağışlamaq barəsində verilən vəd ləğv edilə     bilərmi?

 

Sabir BABAYEV, Bakı şəhəri.

- Bağışlamaq niyyəti ilə əşyanı başqa şəxsə verən şəxs hədiyyə alan hədiyyəni qəbul edənədək istədiyi vaxt onu geri götürə bilər (Mülki Məcəllə, maddə 667).

Məcəllədə müqavilə bağlandıqdan sonra hədiyyə verənin bağışlamadan imtinası da nəzərdə tutulmuşdur. Hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina da edə bilər.

Hədiyyə verən bağışlamaq barəsində verilmiş vədi yuxarıda qeyd edilən əsaslardan başqa vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə, vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda bağışlamaq barəsində verdiyi vədi də ləğv edə və onun icrasından imtina edə bilər.

 

ETİKETLƏR: